“Avant Group”un Yasamal rayonu, Şərifzadə küçəsində həyata keçirdiyi tikinti işləri zamanı ərazidə ağacları qanunsuz şəkildə kəsdiyi üçün Baş Prokurorluğa müraciət olunacaq.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, “Avant Group” MTK tərəfindən tikinti işləri aparılan zaman bir sərv ağacı kəsildiyi üçün akt tərtib olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, məsələ ilə bağlı 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb: “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.
Qeyd edək ki, “Avant Group” MTK-nın adı daha bir qalmaqalda hallanıb.
Belə ki, şirkət gecə saatlarında qazıntı işləri apararaq sakinlərin rahatlığını pozmaqla da gündəmə gəlib. Bununla bağlı sakinlər dəfələrlə sosial şəbəkələrdə narazılıqlarını dilə gətiriblər. Nəticədə qazıntı işlərinin 3 icraçısı saxlanılaraq barələrində məsuliyyət tədbirləri görülüb.
Məlumata görə, bu, şirkətin ilk pozuntusu deyil. Ötən ilin aprel ayında “Avant Group" tikinti şirkəti tərəfindən ağaclar qanunsuz formada kəsilib və təbiətə 117 060 manat məbləğində ziyan vurulub.
Məsələ ilə bağlı şirkətin mövqeyini öyrənməyə çalışsaq da, bu, mümkün olmadı.