Ru
16:24 / 22 Dekabr 2025

“Avatar 3”dən rekord nəticə

“Avatar 3”dən rekord nəticə
Eye

Ceyms Kameronun elmi-fantastik dastanının yeni (üçüncü) filmi – “Avatar: Od və Kül” dünya üzrə kinoteatrlarda 345 milyon dollar gəlirlə nümayişə başlayıb.

Bakupost.az xəbər verir ki, bu göstərici seriyanın əvvəlki filmi ilə müqayisədə nəzərəçarpacaq azalma deməkdir.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə bir neçə dəfə təxirə salındıqdan sonra kinoteatrlara çıxan “Avatar: Suyun Yolu” (Avatar: The Way of Water) eyni dövrdə 435 milyon dollar gəlir əldə etmişdi.

“Disney” və “20th Century” istehsalı olan “Avatar 3”ün ilkin kassa gəlirləri beynəlxalq bazarlarda 257 milyon dollar, Şimali Amerikada isə 88 milyon dollar təşkil edib. Qlobal miqyasda bu nəticə 2025-ci ilin ikinci ən böyük açılışı hesab olunur. Siyahının ilk pilləsində isə üç gün ərzində 500 milyon dollar gəlir toplayan digər “Disney” layihəsi — “Zootropolis 2” (Zootopia 2) yer alır.

Avatar filmləri kassadakı davamlılığı ilə tanınır. Nə 2009-cu il istehsalı olan ilk “Avatar”, nə də “Suyun Yolu” Milad bayramı ərəfəsində rekord açılış göstərmişdi. Lakin hər iki film yeni il boyunca tamaşaçıların əsas seçimi olaraq qalmışdı. Hazırda bu iki ekran əsəri müvafiq olaraq 2,9 milyard və 2,3 milyard dollar gəlirlə tarixdə ən çox qazanan filmlər sırasındadır.

Üçüncü filmin kommersiya uğurunda beynəlxalq auditoriyanın rolu əsas hesab olunur. İlk filmin 2,1 milyard dollarlıq gəliri Şimali Amerikadan kənar bazarlardan əldə olunmuşdu. İkinci film isə xarici bazarlarda 1,65 milyard dollar gəlir toplamışdı.

Tənqidçilərin sözlərinə görə, ilk iki film ümumi gəlirlərinin 70%-dən çoxunu xarici bazarlardan qazanıb və indiki mərhələdə də beynəlxalq açılışlar son dərəcə güclü görünür.

“Avatar: Od və Kül” Çində 57,6 milyon dollar açılışla “Suyun Yolu”nu (56 milyon dollar) cüzi fərqlə geridə qoyub. Çin xaricində ən güclü beynəlxalq açılışlar Fransada 21,4 milyon dollar, Almaniyada 18 milyon dollar, Cənubi Koreyada 13,6 milyon dollar və Böyük Britaniyada 11,9 milyon dollar olub.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar