Avropalı diplomatlar qapalı görüşlərdə rusiyalı nümayəndələrə bildiriblər ki, NATO ölkələri üzv dövlətlərin hava məkanını pozan Rusiya təyyarələrini vurmağa hazırdır.
Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg görüşlə tanış olan rəsmilərə istinadən məlumat yayıb.
“Bu həftə avropalı diplomatlar Kremlə xəbərdarlıq ediblər ki, NATO öz hava məkanının növbəti pozulmalarına bütün vasitələrlə, o cümlədən Rusiya təyyarələrini vurmaqla cavab verməyə hazırdır”, – nəşr yazır.
Məlumata görə, Britaniya, Almaniya və Fransa səfirlərinin iştirakı ilə keçirilən görüş gərgin keçib. Diplomatlar MiQ-31 qırıcılarının Estoniya hava məkanını pozması ilə bağlı ciddi narahatlıq ifadə etsələr də, həmin təyyarələrin məhz Rusiyaya aid olduğuna dair sübut təqdim edilməyib.
London öz hava məkanını qətiyyətlə müdafiə edəcəyini bəyan etsə də, Avropa ölkələrinin Moskva ilə gərginliyi artırmaqdan çəkinməsi diqqətə çatdırılıb.
NATO baş katibi Mark Rütte də bəyan edib ki, alyans üzvləri “zərurət yaranacağı halda” Rusiya təyyarələrini vurmaq hüququna malikdirlər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp da oxşar açıqlama vermişdi. Estoniya və Polşa da belə addıma hazır olduqlarını bildiriblər.
Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının professoru, hərbi ekspert Aleksandr Artamonov isə hesab edir ki, heç kim Rusiya təyyarələrini vurmayacaq: “Sadəcə olaraq, bunun üçün gücləri çatmayacaq”.
Bakupost.az