Serbiya Prezidenti Aleksandr Vuçiç Avropada Ukrayna müharibəsi fonunda uzunmüddətli və daha genişmiqyaslı qarşıdurmanın baş verə biləcəyini deyib. Onun fikrincə, mövcud vəziyyət Avropanı daha böyük müharibə təhlükəsi ilə üz-üzə qoyur.
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Kazım Kazımbəyli Avropa müəyyən gərginlik içindədir, lakin bütövlükdə savaş həddinə çatdığını demək çətindir deyib:
“Balkanlarda zaman-zaman gərginliklər yaşanır. Xüsusilə Xorvatiya, Serbiya və Bosniya bu gərginliyin mərkəzində olur. Digər tərəfdən isə Rusiya-Ukrayna müharibəsi davam edir. Düzdür, müharibə Şərqi Avropa regionunda getsə də, Qərbi Avropa da prosesdən narahatdır. Tez-tez Rusiyanın Şərqi Avropa ölkələrinə, Baltik hövzəsinə hücum edəcəyinə dair iddialar səslənir. Lakin bu günə qədər bunun gerçəkləşdiyini görməmişik.
Nəzərə almaq lazımdır ki, illərdir Ukraynanı məğlub edə bilməyən bir Rusiya var. Yəni belə olan halda onun Avropaya müharibə elan etməsi mümkünsüzdür. Digər tərəfdən, Kreml belə bir planının olduğunu demir. Düzdür, müəyyən vaxtlarda üstüörtülü təhdidlər edilir, amma bu, Rusiyanın bütün Avropa ilə müharibə etməyi gözə alacağı demək deyil.
Vuçiçin bu çıxışını Avropa ölkələrinə xəbərdarlıq kimi qiymətləndirmək olar. Yəni Avropa Rusiya ilə problemlərini həll etməlidir. Əks halda bu problemlər dərinləşə və yeni soyuq müharibəyə çevrilə bilər.