Məhsullarına Rusiyanın qadğa qoyduğu Ermənistanı Avropa İttifaqı xilas etmək istəyir.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyası Rusiyanın tətbiq etdiyi iqtisadi məhdudiyyətlərə cavab olaraq Ermənistanla ticarət əlaqələrini yaxşılaşdırmaq üçün təcili tədbirlər paketi hazırlayır.
Bu əsasda bildirilir ki, Ermənistanın ərzaq və kənd təsərrüfatı ixracına tarifləri azaldacaq "muxtar ticarət tədbirləri" hazırlanır.
Məlumata görə, yeni tədbirlər Rusiya qadağalarından təsirlənən məhsulların əksəriyyətini əhatə edə bilər və ümumilikdə ildə təxminən 420 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Ermənistanda keçirilən seçkilər ərəfəsi Rusiya bu ölkədən gətirilən çoxsaylı kənd təsərrüfatı və digər məhsullara karantin adı ilə qadağa qoyub.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli
Bakupost.az-a bildirib ki, Avropa Birliyinin müxtəlif ölkələrlə bağlı ticarət təşviq proqramları var:
“Hətta 2000-ci illərdə “Şərq Tərəfdaşlıq” Proqramı təqdim olunanda bir çox ölkələrə, o cümlədən Cənubi Qafqazın hər üç ölkəsinə yaxşı şərtlərlə asanlaşdırılmış ixrac proqramı təqdim edilmişdi. Düzdür, orada hər bir ölkəyə 250 milyon avroluq limit qoyulmuşdu. Bu fürsətdən ən yaxşı istifadə edən ölkə isə Gürcüstan oldu”.
Bu fonda partiya sədri Ermənistan məhsullarının Avropaya daha asanlaşdırılmış rüsum rejimi və ya rüsumsuz formada ixracını da mümkün hesab edir:
“Amma söhbət tez xarab olan ərzaq məhsullarından gedirsə, loqistika, standartlar məsələsi problem olaraq qalır. AB asan rejim təklif etsə də, ortada qablaşdırma standartı da var. Erməni biznesinin buna hazır olduğu sual altındadır. 450 milyonluqa əhalisi olan AB üçün 450-500 milyon avroluq məhsul məsələsini asanlıqla həll etmək olar”.
Bütün hallarda ekspertin fikrincə, seçkidən sonra İrəvanla Moskva arasında gərginliyin azaldılması istiqamətində addımlar atılacaq:
“Qadağaların çoxu aradan götürüləcək. Bunun üçün müəyyən şərait də yetişib. Çünki Kreml anlayır ki, Paşinyanla vəziyyəti daha da gərginləşdirsə, Ermənistanda daha sərt qərbpərəst mövqedə olan qüvvələr hakimiyyətə gələ bilər”.
Rüfət Sultan, BakuPost