Ru
15:58 / 02 Mart 2026

“Avroüçlük” İrana qarşı hərbi əməliyyata hazırlaşır? – Rəsmi mövqe və iddialar

“Avroüçlük” İrana qarşı hərbi əməliyyata hazırlaşır? – Rəsmi mövqe və iddialar
Eye

Sosial şəbəkələrdə və bəzi teleqram kanallarında yayılan məlumatlarda bildirilir ki, Fransa, Almaniya və Böyük Britaniya İrana qarşı hərbi əməliyyata hazırlaşır. İddialara görə, bu ölkələr birgə şəkildə İranın raket və pilotsuz uçuş aparatlarının buraxılış qurğularına zərbələr endirməyi planlaşdırır. Lakin rəsmi açıqlamalar məsələni daha fərqli kontekstdə təqdim edir.

Jan Noel Barrotun rəhbərlik etdiyi Fransa Xarici İşlər Nazirliyi Körfəz regionundakı tərəfdaş ölkələrin müdafiəsinə hazır olduqlarını bəyan edib. Paris xüsusilə BƏƏ və Bəhreyn kimi ölkələrin təhlükəsizliyinin təmin olunması üçün “zəruri resursların” səfərbər edilə biləcəyini açıqlayıb. Bununla yanaşı, Fransa rəsmi olaraq İran ərazisinə hücum planını elan etməyib və bəyanatlarda “müdafiə xarakterli tədbirlər” ifadəsi işlədilib.

Almaniya ilə bağlı iddialar isə əsasən İsrailin “GLZRadio” radiostansiyasına istinadən yayılıb. Həmin məlumatlarda Berlinin ABŞ ilə koordinasiyalı şəkildə mümkün ssenariləri nəzərdən keçirdiyi bildirilir. Lakin Almaniya Xarici İşlər Naziri Yohann Vadeful ölkəsinin müharibəyə qoşulmaq niyyətində olmadığını açıqlayıb və Almaniyanın birbaşa hərbi müdaxilə üçün uyğun vasitələrə malik olmadığını bildirib. Bu bəyanat rəsmi Berlinin ehtiyatlı mövqedə qaldığını göstərir.

Böyük Britaniyada isə Baş nazir Keir Starmer ABŞ qüvvələrinin Britaniya hərbi bazalarından istifadə etməsinə icazə verildiyini təsdiqləyib. London bunu regional təhlükəsizlik çərçivəsində müttəfiqlik öhdəliyi kimi təqdim edir. Eyni zamanda, Britaniya tərəfi İranın pilotsuz aparat təhlükəsinə qarşı texniki əməkdaşlıq imkanlarını müzakirə etdiyini bildirib. Bununla belə, Böyük Britaniya da İrana qarşı birbaşa müharibə elan etməyib.

Fransa, Almaniya və Böyük Britaniya – diplomatik dildə “Avroüçlük” – birgə bəyanatda İranın raket və PUA fəaliyyətini kəskin tənqid edib və regionda sabitliyin qorunması üçün müdafiə tədbirlərinə hazır olduqlarını vurğulayıb. Sənəddə “raket və pilotsuz aparat buraxılış qurğularının yerləşdiyi məntəqələrdə zərərsizləşdirilməsi” ifadəsi yer alsa da, bu, açıq şəkildə hücum əməliyyatının başlandığı anlamına gəlmir. Rəsmi mətnlərdə paralel olaraq diplomatik həll və danışıqlar çağırışları da yer alır.

Beləliklə, hazırkı mərhələdə Avroüçlüyün İrana qarşı açıq hərbi əməliyyata başladığı barədə rəsmi təsdiq yoxdur. Mövcud açıqlamalar daha çox regiondakı müttəfiqlərin müdafiəsi və mümkün təhlükələrə cavab tədbirləri çərçivəsində qiymətləndirilir. Situasiya isə gərgin olaraq qalır və diplomatik proseslərin davam edib-etməyəcəyi yaxın günlərdə aydınlaşacaq.


Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar