Xankəndi və Naxçıvanda marşrutlar “brutto müqavilə” modelinə keçirilib. Bu sistemə əsasən, daşıyıcılara qət etdikləri məsafə və göstərdikləri xidmətin keyfiyyətinə uyğun ödəniş ediləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, tətbiq olunan mexanizm sərnişindaşıma xidmətinə daha sistemli nəzarət imkanları da yaradacaq.
Qeyd edək ki, Azərbaycanda ictimai nəqliyyatda daşıyıcıların necə maliyyələşdirilməsi məsələsində artıq yeni bir mərhələnin başladığını görürük. Belə ki, “brutto müqavilə” modelinin tətbiqi ilə marşrut sahibinin gəlirinin yalnız avtobusda daşınan sərnişinlərin sayından asılı olması prinsipi dəyişir. Yeni mexanizmdə dövlət müəyyən marşrutların fəaliyyətini və göstərilən xidmətin həcmini nəzərə alaraq daşıyıcıya ödəniş edir. Bu isə xüsusilə sərnişin axınının az olduğu, lakin əhali üçün vacib sayılan istiqamətlər baxımından əhəmiyyətlidir. Çünki bəzi marşrutlar daşıyıcı üçün kommersiya baxımından kifayət qədər gəlirli olmaya bilər.
Belə olduqda həmin istiqamətdə avtobusların sayının artırılması, daha uzun müddət işlədilməsi və ya ümumiyyətlə marşrutun saxlanılması daşıyıcının marağında olmur. “Brutto müqavilə” modeli məhz belə hallarda dövlətin prosesə müdaxiləsinə və ictimai əhəmiyyət daşıyan marşrutların maliyyələşdirilməsinə imkan verir.
Bəs maraqlıdır, bu sistem yalnız Xankəndi və Naxçıvanla məhdudlaşacaq, yoxsa yaxın gələcəkdə Bakı və Azərbaycanın digər bölgələrində də daha geniş tətbiq ediləcək?
"Bakupost" xəbər verir ki, nəqliyyat eksperti Raqif Raufoğlu “AzPolitika”ya “brutto müqavilə” modeli əslində artıq Bakıda da müəyyən marşrutlarda tətbiq olunur deyib.
Ekspertin sözlərinə görə, paytaxtda bəzi marşrutlarda müəyyən vaxtdan sonra əlavə xidmət göstərilməsinə ehtiyac yarandıqda dövlət tərəfindən tapşırıq verilir və həmin xidmətin ödənişi dövlət hesabına həyata keçirilir: “Əslində, “brutto müqavilə” sistemi artıq Bakıda da tətbiq olunan marşrutlar var. Bir neçə marşrut mövcuddur ki, onlar müəyyən vaxtdan sonra, yəni iş vaxtı uzadıldıqda, əlavə xidmət göstərirlər. Həmin marşrutlara müəyyən təlimat verilir ki, bu istiqamətdə filan vaxta qədər işləmək lazımdır və bunun ödənişini dövlət həyata keçirir”.
Raqif Raufoğlu qeyd edib ki, “brutto müqavilə”nin əsas mahiyyəti də məhz bundan ibarətdir: “Yəni “brutto müqavilə” sistemi budur. İndi Xankəndidə və Naxçıvanda da bu model tətbiq olunur. Xankəndi, məsələn, əhalisi çox olmayan şəhərlərimizdəndir. Ona görə də belə ərazilərdə daşıyıcının müəyyən marşrut üzrə işləməsi kommersiya baxımından kifayət qədər gəlirli olmaya bilər. Bu halda marşrutun, gedəcəyi istiqamətin və qət ediləcək məsafənin nəzərə alınması ilə xidmətin ödənişini dövlət həyata keçirir”.
Ekspertin sözlərinə görə, bu sistemin tətbiq edilməsinin əsas səbəblərindən biri daşıyıcıların kommersiya baxımından maraqlı olmadığı istiqamətlərdə də ictimai nəqliyyat xidmətinin təmin edilməsidir: “Bu sistem ona görə tətbiq olunur ki, ehtiyac yarandıqda müəyyən istiqamətlərdə əlavə və ya daha uyğun xidmət təşkil etmək mümkün olsun. Çünki daşıyıcı özü bunu etmək istəmir. O hesab edir ki, həmin istiqamətdə gəliri bəlli deyil və oradan əldə etdiyi vəsait xərclərini qarşılamır. Belə olan halda məsələyə başqa cür yanaşılır. Dövlət həmin ərazinin və marşrutun ictimai əhəmiyyətini nəzərə alaraq xidmətin müəyyən hissəsinin ödənişini öz üzərinə götürür”.
R. Raufoğlunun fikrincə, bu baxımdan “brutto müqavilə” modeli Bakıda və digər bölgələrdə marşrut şəbəkəsinin daha çevik qurulmasına imkan verə bilər.
“Bakıda da artıq bu sistemin tətbiq olunduğu marşrutlar var. Digər bölgələrdə də, təbii ki, bunun tətbiqi mümkündür. Biz gözləyirik ki, Bakıda da bu mexanizmdən faydalanaraq daha uyğun marşrutlar müəyyənləşdiriləcək”, - deyə o qeyd edib.