Ölkəmizdə avtomobil sahibləri bəzən dövlət qeydiyyat nişanlarının itməsi və oğurlanması problemi ilə üzləşirlər.
Xüsusilə, zəif bərkidilmiş nömrələrin itməsi hallarına daha çox rast gəlinir.
Bu isə sürücülər üçün vaxt itkisi yaradır və əlavə xərclərlə nəticələnir.
Maraqlıdır ki, maşın nömrəsini itirmiş sürücüləri hansı hallarda cərimə gözləyir
Bakupost.az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında hüquqşünas Ruslan Mustafayev şəxsi nömrəni itirdiyinə görə cərimə təyin edilmədiyini, amma nömrəsiz idarə etdiyi üçün qanunvericilikdə cərimə nəzərdə tutulduğunu bildirib.
“Qanunvericilikdə itən nömrənin dublikatının verilməsi nəzərdə tutulmayıb. Şəxs məcburdur ki, 30 manat rüsum ödəməklə yeni dövlət qeydiyyat nişanı əldə etsin. Şəxsi nömrəni itirdiyinə görə cərimə təyin edilməyib, amma nömrəsiz idarə etdiyi üçün qanunvericilikdə cərimə nəzərdə tutulub. Nömrənin dublikatının verilməməsi qanunvericilikdə köhnə qaydalarından biridir.
Əvvəllər nömrənin üzərində çip olmurdu. Yəni, itən nömrənin başqa nəqliyyat vasitəsinə taxılaraq sürülməsi mümkün idi deyə, qanunvericilikdə həmin nömrə addan çıxarılmalı və yeni nömrə verilməli idi. Hazırda isə yeni texnologiyalara görə, hər bir nömrənin çipi var və harada olmasını müəyyən etmək asandır. Bu səbəbdən həmin qaydalar gələcəkdə dəyişdirilməlidir ki, digər neqativ halların da qarşısı alına bilsin”,- o əlavə edib.