Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında illərdir diplomatik nəzakət xatirinə dilə gətirilməyən bir həqiqəti açıq bəyan etdi: "Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə, son gülləyə qədər". Son dövrlərdə Türkiyədə bu mövzu ətrafında aparılan spekulyasiyaları nəzərə alsaq, ehtimal etmək olar ki, bu mesaj ilk növbədə qardaş ölkədə Azərbaycan Qələbəsini özününküləşdirməyə, onu kiminsə "lütfü" kimi təqdim etməyə çalışan dairələrə ünvanlanıb.
Son zamanlar Türkiyənin bəzi siyasətçiləri, ekspertləri və media təmsilçiləri tez-tez "biz olmasaydıq, Azərbaycan Qarabağı ala bilməzdi" kimi iddialar səsləndirir, Qələbəni Türkiyənin hesabına yazmağa çalışırlar. Bu yanaşma həm ədalətsizdir, həm də Azərbaycan əsgərinin qəhrəmanlığına kölgə salmaq cəhdidir. Türkiyə dövlətinin 44 günlük müharibədəki siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən heç vaxt unudulmur, Şuşa Bəyannaməsi ilə möhürlənmiş müttəfiqlik isə sarsılmazdır. Lakin bu spekulyasiyaları edənlər unutmamalıdır ki, siyasi dəstək ayrı, ticarət ayrıdır. "Bayraktar"lar da daxil olmaqla, Azərbaycan ordusunun istifadə etdiyi bütün silahların pulu tam ödənilib. Malını satan alıcıdan minnət gözləyə bilməz, pulunu alan isə Qələbəyə şərik çıxmır.
Prezident bu sözləri Ali Baş Komandan kimi, silah tədarükünə şəxsən rəhbərlik etmiş lider kimi, tam məsuliyyətlə dedi və daha ağır bir etirafla davam etdi: "Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq". Bu sözlər Azərbaycana minnət qoymağa çalışanlara ən tutarlı cavabdır. Torpaqlarının 20 faizi işğal altında olan, 1 milyondan artıq qaçqını olan ölkənin seçimi az idi. Azərbaycan susdu, çünki hədəfi qiymət mübahisəsi deyil, torpaqlarının azadlığı idi. Bu gün həmin susqunluğun hesabı açıq danışılırsa, bunun səbəbi Qələbənin müəllifliyini başqasına çıxmaq istəyənlərin artıq həddi aşmasıdır.
Prezidentin "Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb" sözləri də bu kontekstdə xüsusi məna daşıyır. Bu gün Qələbəyə şərik çıxmaq istəyənlərin çoxu Azərbaycanın ən ağır illərində səssiz idi. BMT qətnamələri kağız üzərində qaldı, Minsk qrupu 30 ilə yaxın münaqişəni həll etmək əvəzinə onu dondurdu. Dünyada gedən müharibələrdə hər tərəfin arxasında "böyük bir dayı" dayanırsa, Azərbaycan təkbaşına, üstəlik o "dayıların" müqavimətinə baxmayaraq qalib gəldi.
Türkiyədə spekulyasiya edənlərin görmək istəmədiyi əsas həqiqət isə budur: silah müharibə qazanmır, müharibəni insan qazanır. Şuşanın sıldırım qayalarına yüngül silahla dırmaşan, şəhərlərimizi addım-addım azad edən Azərbaycan əsgəri idi. Silahı pulla almaq olar, Vətən sevgisini isə yox. Elə buna görə Azərbaycan öz müdafiə sənayesini inkişaf etdirir, tədarük mənbələrini şaxələndirir və təhlükəsizliyini heç kimin xoş niyyətindən asılı qoymur.
Dövlət başçısının "Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil" sözləri müstəqil dövlətin manifestidir və ən yaxın müttəfiq ölkədə belə Azərbaycana himayədar gözü ilə baxanlara aydın xəbərdarlıqdır. Azərbaycan ödədiyi hər dolların hesabını bilir, amma daha yaxşı bildiyi başqa bir hesab var: heç bir bazarda satılmayan şəhid qanının hesabı. Bu bədəli yalnız Azərbaycan xalqı ödəyib və ona nə Ankarada, nə də başqa bir paytaxtda kimsə şərik çıxa bilməz. Bu Qələbə son gülləyə qədər öz hesabımıza başa gəlib və yalnız bizə məxsusdur.
Mənbə: