“NASA” və “Teledyne Energy Systems” Ay və dərin kosmos missiyalarında istifadə olunması nəzərdə tutulan hidrogen yanacaq elementi texnologiyasını inkişaf etdirir. Sistem atmosfer havasına ehtiyac olmadan elektrik enerjisi istehsal etmək üçün hazırlanır.
“Bakupost” xəbər verir ki, “Hydrogen Electrical Power System” (HEPS) adlanan sistem hidrogen və oksigendən istifadə edərək elektrik enerjisi və su yarada bilir. Texnologiyanın əsas üstünlüklərindən biri Günəş işığının olmadığı vaxtlarda da fasiləsiz enerji təmin edə bilməsidir.
“NASA” və “Teledyne” sistemi Ayın səthi və digər çətin kosmik şəraitdə sınaqdan keçirməyi planlaşdırır. Texnologiyanın gələcəkdə Ayda yaşayış məntəqələrinin, elmi cihazların, həyat təminatı sistemlərinin və digər infrastrukturun enerji ilə təmin edilməsində istifadə olunması gözlənilir.
Sistem artıq mikroqravitasiya və kosmik mühitə yaxın şəraitdə sınaqdan keçirilib. “NASA”nın məlumatına görə, əvvəlki uçuş sınağında HEPS 250 vatt gücündə elektrik enerjisini sabit şəkildə təmin edib.
Vüsalə Hüseynova,
BakuPost