Ru
17:09 / 16 Oktyabr 2026

10 il Azərbaycanın xəbər postunda – “BakuPost”un yubileyidir

10 il Azərbaycanın xəbər postunda –  “BakuPost”un yubileyidir
Eye

2016-cı il, 17 oktyabr…

Azərbaycanın informasiya məkanına yeni bir ünvan əlavə olundu – BakuPost.az.

Saatlar telefonlara, kompüterlərə köçəndən zamanın səsini eşitmir, necə keçdiyini hiss etmirik. Heç kim bir səhər oyanıb demir ki, bu gün tarix dəyişdi…

Halbuki hər şey dəyişir. 10 il öncə keçdiyimiz küçələr, insanların telefonları, xəbərlərin sürəti başqa idi.

Yarananda məqsədimiz yalnız baş verənləri çatdırmaq deyildi. Hadisələrin səbəbini araşdırmaq, fərqli mövqeləri təqdim etmək, insanların bilmədiklərini üzə çıxarmaq istəyirdik.

10 il ərzində bu yaddaşa çox şey yazıldı.

Dünyanı sarsıdan pandemiya, 44 günlük Vətən müharibəsi, tarixi Zəfər, Azərbaycanın suverenliyinin bərpası, Böyük Qayıdış, COP29…

Bütün bu hadisələr ölkənin tarixini dəyişdi. Biz isə həmin tarixin gündəliyini yazdıq.

Bəzən gecənin bir yarısında, bəzən səhərin ilk saatlarında, bəzən hadisələrin mərkəzində, bəzən hamının nəzərindən qaçan bir detalın izində…

Amma bizi yalnız böyük hadisələr maraqlandırmadı.

Bir insanın problemi, bir qərarın doğurduğu narazılıq, cavabsız qalan suallar da xəbərlərimizə çevrildi. Araşdırdıq, soruşduq, fərqli fikirləri dinlədik, görünməyən məqamları üzə çıxarmağa çalışdıq.

Yazılı xəbərlərlə başlayan fəaliyyətimiz reportajlar, müsahibələr, müəllif proqramları və video layihələrlə zənginləşdi.

“Yazıçı Postu”, “Sabir Rüstəmxanlının söhbətləri”, “Özgür Post”, “Əslində”, “Dünyanı dəyişənlər”, “Yaxın plan”, “Saturasiya”…
Bu layihələrlə siyasətdən ədəbiyyata, tarixdən tibbə, gündəlik problemlərdən insan talelərinə qədər müxtəlif mövzulara toxunduq.
On il ərzində “BakuPost”un fəaliyyəti müxtəlif mükafatlarla qiymətləndirildi. Baş redaktoru və əməkdaşları dövlət təltiflərinə, jurnalistika mükafatlarına layiq görüldülər.

On il bir insan üçün çox deyil. Bir media qurumu üçün isə artıq təcrübə və yetkinlik yaşıdır.

Amma yolun hələ heç ortasında da deyilik.

Bu on ildə dünya ilə birlikdə xəbərin özü də dəyişdi. Xəbər saytları sosial şəbəkələrə, mətnlər videolara, ənənəvi informasiya vasitələri yeni texnologiyalara yol açdı.

Biz də bu dəyişikliklərə uyğunlaşmaqla kifayətlənmədik, yeni imkanlar axtardıq.

Bu gün “BakuPost” 10 yaşını tamamilə yenilənmiş simada qarşılayır.

Yeni dizayn, sosial media prinsipləri əsasında qurulan sayt formatı, süni intellekt texnologiyaları, bütün əsas sosial platformalarda aktiv fəaliyyət və özümüzə məxsus video layihələr…

“BakuPost” artıq ənənəvi xəbər saytı çərçivəsindən çıxaraq çoxplatformalı media resursuna çevrilir.

Hazırda bizi “Telegram”, “Facebook”, “Instagram”, “YouTube” və “Threads” kimi sosial şəbəkə səhifələrimizdə yüz minlərlə insan izləyir. Məsələn, təkcə ötən ay “Bakupost”un hazırladığı xəbərlərə sosial şəbəkələrdə 56 milyon baxış olub.
10 il əvvəl başlayan arzumuz bu gün də dəyişməyib.

Xəbərin mərkəzində olmaq. Düzünü çatdırmaq.

10 il ərzində minlərlə hadisəni xəbərə çevirdik. İndi həmin xəbərlərin özündən bir tarix yaranıb.

“BakuPost” – 10 ildir Azərbaycanın xəbər postunda ləyaqətlə dayanıb.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar