Ru
16:36 / 19 Oktyabr 2026

"103"lə bağlı ciddi problem: Zənglər Ağstafaya düşür, həkim gəlmir

"103"lə bağlı ciddi problem:  Zənglər Ağstafaya düşür, həkim gəlmir
Eye

Qazax rayonunda təcili tibbi yardım çağırmaq sakinlər üçün ciddi problemə çevrilib.

"Bakupost" xəbər verir ki, rayonun "Təzə məhəllə" adlanan ərazisinin sakinləri "103" çağırış mərkəzinə zəng etdikdə müraciətlərinin Ağstafa rayonuna yönləndirildiyini bildirirlər. Oradan isə əraziyə xidmət göstərilmədiyi deyilir və sakinlərə başqa nömrəyə zəng etmək tövsiyə olunur.

Rayon sakini Cavanşir Raqifoğlunun sözlərinə görə, bu gün səhər saatlarında atasının vəziyyəti ağırlaşıb və o, beyin qanaması keçirib. Bu zaman anası təcili tibbi yardıma zəng etsə də, əraziyə briqada göndərilməyəcəyi bildirilib.

Şikayətçi bildirib ki, onlara təqdim edilən nömrə şəhər telefonuna aiddir və həmin nömrəyə zəng etmək üçün balansda vəsait olmalıdır. Mobil telefondan istifadə edə bilməyən anası isə səhər saat 6-da kömək üçün qonşuların qapısını döyməyə məcbur qalıb.

C.Raqifoğlu qeyd edib ki, Əli Mustafayev, Xaqani və Osman Sahibəyli küçələrində yaşayan sakinlər bu problemlə üzləşirlər. Onun sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, məsələ həllini tapmayıb.

"Konturun yoxdursa, öləcəksən. Təcili tibbi yardım çağırmaq bu qədər çətin olmamalıdır. Bu məsələ ilə bağlı araşdırma aparın, problemi həll edin. Canımızı bu qədər ucuz tutmayın!", - deyə sakin bildirib.

TƏBİB-dən "Bakupost"un sorğusuna cavab olaraq bildirildi ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Lalə Novruz, BakuPost



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar