20 yaşlı Xəyal Nağıyevin qətli ilə bağlı Bakupost.az -a yeni materiallar təqdim edilib. Bu materiallar hadisənin detalları və araşdırmanın gedişatı ilə bağlı bir sıra vacib məqamları ortaya çıxarır.
Qeyd edək ki, Xəyal Nağıyev 2024-cü ilin oktyabr ayında Ramanada ürəyindən bıçaqlanaraq qətlə yetirilib. Hadisəni 16 yaşlı Elcan Süleymanov törədib.
Əldə etdiyimiz görüntülərdən aydın olur ki, daha əvvəl aralarında yaranmış münaqişədən sonra Elcan Süleymanov bıçaqla Xəyal Nağıyevin çalışdığı marketə gəlir.
Videoda Elcan Süleymanovun bıçağı gizlədərək marketə girdiyi görünür:
İçəri girdikdən sonra o, əvvəlcə Xəyal Nağıyevlə salamlaşır, daha sonra geri qayıdaraq ona şillə vurur. Marketin digər əməkdaşı ictimai məkanda problem yaranmasın deyə onları çölə çağırır.
Küçəyə çıxdıqdan sonra Elcan Süleymanov əvvəlcədən gizlətdiyi bıçaqla (mətbəx bıçağı olduğu bildirilir) Xəyal Nağıyevin ürək nahiyəsinə zərbə endirir.
Bu zaman marketin əməkdaşı qorxaraq hadisə yerindən qaçır. Xəyal Nağıyev isə yaralı halda marketə daxil olur. Lakin Elcan Süleymanovun hirsi soyumur, o, Xəyal Nağıyevin arxasınca marketə daxil olur.
O, yerdə köməksiz vəziyyətdə qalan Xəyal Nağıyevi təpikləyir. Beləliklə, Elcan amansızlığını davam etdirir.
Mərhum Xəyal Nağıyevin atası Əbülfət Nağıyev
Bakupost.az -a bildirib ki, qətli törədən Elcan Sülymanov məhkəmədə təqsirini etiraf etmir:
"O deyir ki, guya Xəyal Nağıyevi bıçaqlamaq niyyətində olmayıb. Lakin ilk videoda görünür ki, Elcan marketə daxil olmazdan əvvəl bıçağı gizlədir. İkincisi, Elcan Süleymanov məhkəmədə Xəyal Nağıyevi yaraladıqdan sonra ona kömək etdiyini deyib. Görüntülərdən isə aydın olur ki, o, nəinki kömək etmir, hətta yerdə uzanan Xəyala təpik vurur. Bu azmış kimi, onun ailə üzvləri bizi təhdid edir, digər oğlumu da öldürəcəklərini deyirlər".
Qeyd edək ki, hazırda sözügedən qətl ilə bağlı proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə davam etdirilir. Maddi səbəblərdən mərhumun ailəsinin vəkili yoxdur. Onlar prosesin tam ədalətli şəkildə davam etdirilməsini və cinayətkarın layiqli cəzasını almasını istəyirlər.
Qətlə yetirtilən Xəyalın atası Əbülfət Nağıyev ictimaiyyətə müraciətində onu da vurğulayıb ki, oğlunun qətlinə dair videogörüntülər məhkəmə tərəfindən qəbul edilmir. O, işə ədalətli baxılmayacağından, Elgünün peşman olduğu və bıçaqladığı şəxsə kömək etdiyinə dair yalanlarının, həmçinin 16 yaşının olmasının yüngülləşdirici hal kimi nəzərə alınacağından narahatdır.
Əbülfət Nağıyev müraciətində bildirib ki, tək istəyi prosesə düzgün və ədalətli baxılması, oğlunun qatilinin layiqli cəza almasıdır.
Aysel,
BakuPost