Ru
13:06 / 18 Aprel 2024

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı

40429
285 saylı məktəbin müəllimi Təranə Yusifova yeni direktor təyin edilən Nuranə Yəhyayeva tərəfindən işdən qanunsuz olaraq uzaqlaşdırıldığını iddia edir.

O, bu barədə Bakupost.az -a açıqlamasında bildirib.

35 il pedaqoji stajı olduğunu qeyd edən T.Yusifovanın sözlərinə görə, 1994-cü ildən isə Suraxanı rayon B.Qulamoğlu adına 285 saylı tam orta məktəbdə müəllim işləyib:

"Özüm Ağdam rayonundan məcburi köçkünəm, tənha yaşayıram, heç yerdən köməyim yoxdur. Pensiyaya çıxmağıma bir ilim qalmışdı. Məktəbimizə yeni direktor təyin edilən Nuranə Yəhyayeva məni və müəllim yoldaşım, onkoloji xəstə olan Təranə Rzayevanı ötən il oktyabrın 2-də işdən azad etdi. Nuranə xanım direktor təyin olunandan təhsillə məşğul olmaq əvəzinə, hamını bir-birinə vurdu, idarəyə həqiqətə uyğun olmayan məlumatlar verdi. Mən və T.Rzayeva qrup müəlliməsiyik. Bizim məktəbdə üç nəfər qrup müəlliməsi var. Hamıdan da əvvəl qrupda mən işləmişəm".




İşdən azad edilməsinin səbəblərinə aydınlıq gətirən T.Yusifova direktorun "qruplara uşaq yığılmadığını" əsas gətirdiyini deyib:

"Halbuki valideynlərin hamısıyla özü danışıb. Deyib ki, uşaqlarınızı qrupa qoymayın, birinci sinifdədirlər, yorulurlar. Yəni qərəzli şəkildə valideynlərin qarşısını aldı, onların uşaqlarını qrupa qoymasına mane oldu".
T.Yusifova məsələ ilə bağlı hazırda məktəb rəhbərliyi ilə aralarında məhkəmə çəkişməsinin davam etdiyini bildirib:

“Direktorun qanunsuz addımı ilə bağlı mən və Təranə xanım məhkəməyə müraciət etdik. Məhkəmədə bizə başqa məktəblərdə işləməyi təklif etdilər. İş yoldaşım bu təkliflə razılaşdı, indi işləyir. Amma mən razılaşmadım. Çünki tələbimdə haqlıyam. Sonuncu məhkəmə iclasımıza Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ərəstun müəllim adlı bir hüquqşunas gəldi. Hakim ona tapşırdı ki, Təranə xanımın məsələsini həll edin. O da hakimə problemi həll edəcəyinə söz verdi. Bir gün sonra Ərəstun müəllim zəng vurub dedi ki, sizi 279 nömrəli məktəbə göndərə bilərik. Dedim ki, başqa məktəb istəmirəm.

İşə Nəsimi rayon Məhkəməsində baxılırdı. Qarşı tərəf apellyasiya şikayəti verib ki, məhkəmə Suraxanı rayonunda olmalıdır, çünki məktəb Suraxanıdadır. Apellyasiya məhkəməsi isə onların iddiasını rədd edib".
T.Yusifova məsələylə bağlı nazirlikdə də qəbulda olduğunu deyib:

“Mən bununla bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqin Bağırovun da qəbulunda olmuşam. Məsələdən o da xəbərdardır. Azərbaycan qanunlarına, Prezident İlham Əliyevə güvənirəm. İnanıram ki, Elm və Təhsil Nazirliyi bu qanunsuzluğu aradan qaldıracaq, haqq-ədalət öz yerini tutacaq".



Məsələ ilə bağlı 285 saylı məktəblə əlaqə saxladıq. Məktəbdən Bakupost.az -a bildirdilər ki, Yusifova Təranə Allahyar qızı 12.07.2017-ci il tarixindən 285 nömrəli tam orta məktəbdə günüuzadılmış qrup rəhbəri kimi çalışıb:

"Günüuzadılmış qrupların 20 şagirddən ibarət komplektləşdirildiyini nəzərə alaraq 2023-2024-cü tədris ilində məktəbdə fəaliyyət göstərən 3 qrupdan yalnız birinə lazımi sayda şagird toplanıb. Bu baxımdan Yusifova Təranə ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilib. Yusifova Təranə digər məktəblərdə günüuzadılmış qrup rəhbəri kimi fəaliyyətini davam etdirməsi təklifini də qəbul etməyib.
Hazırda məsələ ilə bağlı iş məhkəmə qaydasında araşdırılır".

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər