Ru
15:34 / 18 Avqust 2025

ABŞ-Azərbaycan münasibətlərində strateji dönüş: Yeni dövr başlayır

ABŞ-Azərbaycan münasibətlərində strateji dönüş: Yeni dövr başlayır
Eye

Son dövrlər ABŞ ilə Azərbaycan arasında münasibətlərdə müşahidə olunan dinamika regionun gələcək geosiyasi düzəninə birbaşa təsir edəcək bir mərhələnin başlandığını göstərir. Bu münasibətlərin təməlində Azərbaycanın yaratdığı yeni reallıqlar, əldə etdiyi hərbi-siyasi qələbələr və Vaşinqtonun dəyişən xarici siyasət prioritetləri dayanır.

8 avqust 2025-ci ildə Bakı və Vaşinqton arasında imzalanmış Anlaşma Memorandumu, ikitərəfli əlaqələrin sırf diplomatik müstəvidən çıxaraq strateji tərəfdaşlığa doğru yönəldiyini nümayiş etdirir. Bu sənəd əsasında təsis edilən Strateji İşçi Qrupu, iki ölkə arasında bütün sahələr üzrə münasibətlərin dərinləşdirilməsi və koordinasiyalı şəkildə inkişaf etdirilməsi üçün yeni çərçivə yaradır.

Bu proses təkcə yeni sənədlərlə və görüşlərlə məhdudlaşmır. ABŞ-də "Azadlığa Dəstək Aktı"na əlavə olunmuş 907-ci düzəlişin icrasının dayandırılması Bakı ilə Vaşinqton arasındakı münasibətlərdə uzun illər mövcud olmuş siyasi baryerə son qoydu.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bakupost.az -a bildirib ki, Strateji Tərəfdaşlıq Xartiyası Vaşinqton və Bakı arasında münasibətlərin, demək olar ki, bütün sferalarını əhatə edir:


“Bayden administrasiyası dönəmində sıfırlanmış əlaqələrin yenidən canlandırılması və strateji səviyyəyə yüksəldilməsi üçün perspektivlər araşdırılacaq. Strateji İşçi Qrupunun yaradılmasının digər önəmi isə ondan ibarətdir ki, ABŞ Cənubi Qafqazın aparıcı dövləti ilə münasibətlərini Azərbaycanın işğal və təcavüzə son qoyan böyük Zəfəri sonrası yaranan yeni hərbi-siyasi konfiqurasiyaya uyğun şəkildə yenidən nizamlayacaq. Bu isə Azərbaycanın yaratdığı yeni reallıqların qəbul edilməsi və Amerika kimi böyük strateji gücün öz maraqlarını bu formata uyğunlaşdırması baxımından Bakının geosiyasi qələbəsidir.

"Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin dayandırılması Bakı-Vaşinqton münasibətlərində, o cümlədən ABŞ-nin Cənubi Qafqaz siyasətində tamamilə yeni bir mərhələ hesab olunmalıdır. Ötən dövr ərzində bizim kifayət qədər uğurlu əməkdaşlıq tariximiz olub. ABŞ və Azərbaycan təhlükəsizlik, müdafiə, enerji, kommunikasiya sahələrində ciddi uğurlarla müşahidə olunan əməkdaşlıq ediblər. Lakin 907-ci düzəlişin qüvvədə olması ABŞ-nin bu bölgədə səmimi əməkdaşlıq mühitinə maraqlı olmasını şübhə altına alıb. Bilirsiniz ki, ötən dövr ərzində nə qədər ki, Azərbaycan ABŞ ilə təhlükəsizlik konfiqurasiyasının vacib elementi kimi çıxış edirdi, məsələn Əfqanıstanda, o cümlədən daha öncə Kosovoda və s. dünyanın müxtəlif bölgələrində beynəlxalq sülh yaratma missiyalarında iştirak etdiyi zamanlarda ABŞ-nin prezidentləri hər il 907-ci düzəlişin qüvvəsini həmin il üçün ləğv edirdi, lakin ABŞ qüvvələri Əfqanıstandan çıxdıqdan sonra Bayden beynəlxalq təcrübəyə uyğun olmayan və heç bir siyasətçiyə yaraşmayan formada ikili standartları rəhbər tutaraq həmin aktı dayandırmadı və bununla da, əslində hələ də erməni lobbisinin təsiri altında olduğunu birmənalı şəkildə göstərmiş oldu.

Artıq biz ABŞ-nin Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etdiyini, həmçinin bu reallıqlarda öz maraqlarını təmin etmək üçün bərabər tərəf kimi, özünə bərabərhüquqlu tərəfdaş kimi Azərbaycanı seçdiyini məhz 907-ci düzəlişin ləğvi timsalında görə bilirik. Bu öz növbəsində Azərbaycanın, Azərbaycan Prezidentinin həyata keçirdiyi çoxvektorlu, çoxkonturlu xarici siyasət kursunun böyük uğuru, eyni zamanda ölkəmizin beynəlxalq miqyasda anti-Azərbaycan qüvvələr üzərində böyük qələbəsidir. Təbii ki, 907-ci düzəlişin ləğvi Azərbaycan üçün xüsusi olaraq iqtisadi nəsə vəd etmir, amma bizim üçün əsas olan ABŞ-Azərbaycan münasibətlərinin sağlam, qərəzsiz əsaslarla qurulmasıdır ki, cənab Tramp son addımları ilə, o cümlədən həm 907-ci düzəlişin ləğvi, eyni zamanda daha öncə Azərbaycanın sülh təşəbbüslərinə dəstək verməklə, məhz Azərbaycan Prezidentinin müəyyən etdiyi şərtlərlə hazırlanan sülh müqaviləsinə özünün açıq dəstəyini verməklə əslində bizim arzuladığımız konfiqurasiyanın tərəfdarı olduğunu göstərdi və əslində bu, ABŞ-Azərbaycan münasibətlərində, əvvəldə dediyimiz kimi, yeni bir dövrün başlanğıcı hesab olunmalıdır.”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli Azərbaycan-ABŞ münasibətlərindəki dəyişikliyin Tramp və Bayden Administrasiyaları arasındakı fərqdən qaynaqlandığını bildirib:


“Strateji tərəfdaşlıq xartiyasının hazırlanması və imzalanması iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, o cümlədən də institutlaşmasına gətirib çıxaracaq.

Bildiyiniz kimi, 907-ci düzəlişin icrası da dayandırıldı. Hesab edirəm ki, 1992-ci ilin payızında 907-ci düzəlişin tətbiq olunması ölkəmizə qarşı çox ciddi haqsızlıq idi. Həmin dövrdə Azərbaycan özü işğala, etnik təmizləməyə məruz qala-qala, Amerika Konqresi tərəfindən belə ədalətsiz bir qərarla üzləşdi.

907-ci düzəlişin icrasının Tramp tərəfindən dayandırılmasının hesab edirəm ki, ölkəmiz üçün böyük siyasi əhəmiyyəti var və ciddi üstünlüklər qazandıracaq. Beləliklə, Azərbaycan və Amerika arasında əlaqələrdə bir sıra məhdudiyyətlər aradan qalxacaq. Düşünürəm ki, Birləşmiş Ştatlardan ölkəmizə müdafiə texnologiyaları satışı və yaxud verilməsi, silah satışı və yaxud verilməsi daha da asanlaşacaq.

Hazırkı administrasiya, yəni Donald Tramp yenidən hakimiyyətə gəldikdən sonra görünür ki, ABŞ Azərbaycanla yeni münasibətlər qurmağa qərar verib və sələflərindən fərqli olaraq, yəni Bayden, Blinken administrasiyalarından fərqli olaraq, Tramp Cənubi Qafqazda daha rasional, praqmatik və balanslaşdırılmış siyasət həyata keçirməyə çalışır. Yəni, hazırkı administrasiya Azərbaycanın regionda oynadığı rolu düzgün dəyərləndirir. Düşünürəm ki, iki ölkə bir müddət sonra müttəfiqliyə yaxın olan strateji tərəfdaşlıq münasibətlərini formalaşdıra biləcək. Hansı ki, belə bir münasibətlərin formalaşdırılması həm Birləşmiş Ştatların, həm də Azərbaycanın strateji maraqlarına uyğundur.”

Mövcud siyasi mənzərə açıq şəkildə göstərir ki, Vaşinqtonun hazırkı kursu regionda daha realist və maraqlara əsaslanan bir siyasət yürütməkdən ibarətdir. Donald Tramp administrasiyası dövründə formalaşmaqda olan bu yanaşma, Azərbaycanın bölgədəki strateji çəkisini bilir və bundan qarşılıqlı faydalı əməkdaşlıq üçün istifadə etməyə çalışır.

907-ci düzəlişin dayandırılması yalnız simvolik deyil, həm də praktiki planda — müdafiə sənayesində əməkdaşlıq, texnologiyaların ötürülməsi, birgə təhlükəsizlik təşəbbüsləri və regional sabitliyin təmin olunması sahələrində ciddi imkanlar açır.

Eyni zamanda, Azərbaycan çoxvektorlu xarici siyasət kursu yürüdərək balanslaşdırılmış tərəfdaşlıq modelləri qurmaqla həm Qərblə, həm də regional güclərlə – Türkiyə və Çin ilə münasibətləri tənzimləyir. Bu da ölkəmizi Qafqazda əvəzolunmaz aktora çevirir. ABŞ kimi böyük gücün bu reallığı qəbul edərək Azərbaycanın suveren maraqlarına uyğun davranması isə diplomatik səhnədə Bakının uğurudur.

Bu baxımdan, Azərbaycan və ABŞ arasında münasibətlərin inkişafı təkcə iki ölkənin deyil, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi, iqtisadi sabitliyi və beynəlxalq statusu baxımından həlledici rol oynaya bilər.


Aysel,
BakuPost


QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar