Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin göstəriş və tapşırıqlarına əsasən rayon ərazisində genişmiqyaslı iməcilik keçirildi.
Bakupost.az xəbər verir ki, iməcilik aksiyası Xırdalan şəhərini, habelə rayonun digər ərazilərini əhatə edib. İməcilikdə Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, İctimai Şuranın üzvləri, məktəblər, bağçalar, yerli icra və bələdiyyə orqanları, ictimai şura könüllüləri, ekoloji qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri əməkdaşları, xüsusilə məktəbyanı ərazilərdə rayonun təhsil işciləri, xəstəxana və səhiyyə obyektləri ərazisində rayonun səhiyyə işciləri, o cümlədən ictimaiyyət nümayəndələri iştirak edib, səhər saatlarından başlayaraq genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçiriblər.
Həyata keçirilən iməcilik işləri zamanı məktəblərdə, bağçalarda, xəstəxanalarda, küçələrdə, parklarda təmizlik və abadlıq işləri aparılıb. İdarə və müəssisələr, eləcə də həyətyanı sahələr təmizlənib. Parkların ərazisi qurumuş ot və yarpaqlardan təmizlənib, burada olan yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibləri bellənib, ağac və gül kollarına qulluq edilib.
Rayonun digər ərazilərində də analoji işlər aparılıb. Belə ki, küçə və prospektlərdə olan dayanacaqlar xüsusi avadanlıqlarla yuyulub, yaşıllıqlar nizama salınıb, aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından və tullantılardan təmizlənib. Yığılan tullantılar xüsusi avtomobillər vasitəsilə ərazidən daşınıb.