Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:35 / 15 İyul 2023

Ailə qurmağa primitiv yanaşma: "Alınar yaşayarıq, alınmaz boşanarıq"

23893
Son illər ölkədə dağılan ailələrin sayı durmadan artır.


Rəsmi rəqəmlər də bunu təsdiq edir. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk beş ayında 19 381 nikah və 9040 boşanma qeydə alınıb.


2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə görə nikahların sayı azalaraq 5,6-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.




Araşdırmalar göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2010-cu ildə Azərbaycanda 9061 , 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514 , 2018-ci ildə 17219, 2019-cu ildə 15317, 2020-ci ildə 13 439 , 2021-ci ildə 13 139 boşanma halı qeydə alınıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, ölkədə nigahın pozulmasının qeydə alınması zamanı vətəndaşlar xasiyyətlərinin tutmaması, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, milli zəmin, sərxoşluğa, narkomaniyaya alüdəçilik, maddi durum, mənzilin olmaması, uzun müddət ayrı yaşamaq, kənar müdaxilələr səbəbindən nikahlarının pozulduğunu qeyd edirlər.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov bildirib ki, boşanmaların səbəbləri arasında birinci yerdə məişət zəminində zorakılıq faktı gəlir. İkinci yerdə qərarlaşan səbəb sonsuzluqdur. Bu, son illərdə aktual problemlərdən birinə çevrilib. Övladları olmayan ailələr uşaq himayəyə götürmək istəmədikdə boşanma üçün müraciət edirlər. Üçüncü səbəb alkoqol və narkotik asılılığıdır. Dördüncü səbəb xəyanət, qısqanclıqdır:


“Rəsmi səbəblərdə daha çox cütlüklərin xasiyyətinin fərqli olması qeyd edilir, lakin həmin boşanmalar arasında da araşdırma apardıqda görünür ki, sonsuzluq, alkoqol və narkotik vasitələrdən asılılıq gündəmdə olan əsas problemlərdəndir. Eyni zamanda digər xəstəliklər, xəyanət, qısqanclıq da səbəblər arasında əsas yer tutur. Hesab edirəm ki, məişət zorakılığı zəminində boşanma istisna olmaqla kiçik, həll edilməsi mümkün olan səbəblərdən boşanmaq üçün müraciət edən cütlüklərin bu qərardan yayınmasında Mediasiya Şurasının rolu önəmlidir. Buna görə iki ayrı istiqamət olmalıdır. Məişət zəminində zorakılıq faktı olduqda biz qadın və uşaqlara dəstək göstərir, hüququnun müdafiə edilməsinə kömək edirik. Müşahidələr göstərir ki, əvvəlki illərlə müqayisədə bu gün cəmiyyətimizdə stereotiplər, yanaşmalar dəyişib. 2015 və 2023-cü illəri müqayisə etdiyimizdə görürük ki, bu gün məişət zəminində zorakılığa “dözmək” gündəmdə deyil, xanımlar məişət zəminində zorakılıqla yaşamağa etiraz edir, azadlığı, boşanmağı seçirlər”.


Şöbə müdiri deyib ki, sağlam ailə strukturunun qorunması vacibdir və bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Komitə üçün prioritetdir. Bunun üçün Komitə tərəfindən ardıcıl tədbirlər həyata keçirilir:


“Ailənin stabilliyinin qorunmasına, sosial-iqtisadi vəziyyətin dəstəklənməsinə, eyni zamanda da patriarxal stereotiplərin aradan qaldırılmasına (bu stereotiplər uşaq nikahlarına və bu nikahlardan dünyaya gələn uşaqların sayının artmasına, qızların təhsilinin məhdudlaşdırılmasına gətirib çıxarır) cəhd edilir. Komitə tərəfindən formalaşdırılan strategiyaya görə, nikahların stimullaşdırılması vacib olduğu kimi, eyni zamanda seçim çərçivəsində məsuliyyətli yanaşmanın olması da əsasdır. Bu çərçivədə ailə dəyərləri, yeni ailənin məsuliyyəti, doğulan uşaqların necə tərbiyə edilməsi, ailədə bir-birini başa düşmək üçün xasiyyətlərin uyğunluğunun vacibliyi və sağlamlıqla bağlı arayışların alınmasında vətəndaşların bir-birinə açıq olması əsas götürülür”.




“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, boşanmaların sayının artması ölkədə ailə münasibətlərində ciddi böhranın olduğunun göstəricisidir:


“Ailənin təməli inam üzərində qurulmalıdır. İnsanlar bir-birlərinə inanmırlar Əslində evlənən cütlüklər arasında qarşlılıqlı inam və etibar olmalıdır. Lakin ailə quran şəxslər gələcək həyatını sığortalayacaq hüquqi addımları kifayət qədər nəzərə almırlar və bu yöndə addım atmırlar. Hazırda ailə münasibətlərinə kənar müdaxilə çoxdur. Əvvələr ailədə böyüklük ailə dəyərələrinin möhkəmlənməsinə yönəlik idisə, indi bu addımlar daha çox dağıdıcı rol oynayır”.


Birlik sədri bildirib ki, boşanmaların bir sıra səbəblərİ var:


“Əvvəllər ailə qurmamışdan əvvəl araşdırırdılar ki, bu şəxsin ailə vəziyyəti, nəsli, kökü kimdir. Bu araşdırmalar ailənin möhkəmliyinə təsir edən amillərdən idi. Bu gün isə evlənmə prosesi çox tez baş verir. Bunu insan haqları, demokratiya, sevgi azadlığı və s. ilə əlaqələndirib qapıya kim gəldi, verirlər. Bu davranış həm də, ailələrdə qıza, qadına olan münasibətdən asılıdır. Təki qız yükündən azad olsunlar deyə bu addımı atırlar. Evliliyin məcburi olması da hər iki tərəf arasında daxili natamamlıq hissini formalaşdırır. Ailə quran şəxslər arasında nikaha şüurlu girmək halı çox azdır. İnsanlar anlamalıdır ki, nikah böyük məsuliyyətdir. Təəssüf ki, bizdə nikah sadəcə, nəsilartırma prosesidir”.

M.Zeynalovanın dediyinə görə, ailə üzvləri gənclərin həyatına müdaxilə edir, onları istəklərini həyata keçirməyə məcbur edirlər. Bəzən isə valideynlər övladlarını iqtisadi cəhətdən asılı saxlayır, onların maddi cəhətdən güclənməsinə imkan vermir, öz təsirləri altında qalmasını istəyirlər. Son zamanlar belə hallar daha da artıb:

“Valideynlər övladlarına maddi kömək edirsə, onu öz istəklərini yerinə yetirməyə də məcbur edir, “mən sənə pul verirəmsə, mənim dediklərimi etməlisən, ailənə, övladlarına bu cür davranmalısan” kimi təzyiq göstərirlər. Kənar müdaxilələr ailədaxili münaqişələrin yaranmasına, münasibətlərin daha da korlanmasına səbəb olur.

Bəzən iki tərəf arasında konflikti yatırmaq daha asandır, nəinki bura bir neçə nəfər qarışanda. Bu zaman keçmişdə baş verən konfliktlər də yada düşür, məsələ daha da böyüyür. Valideynlər çalışmalıdırlar ki, ailə məsələlərinə qarışmasınlar. Ata-ana övladının problemlərini həll edəndə, gənclər də hər şeyi onlardan gözləyəcəklər. Hətta ailə qurub övlad sahibi olanda da məsuliyyəti öz üzərlərinə götürməyəcəklər. Əlbəttə, ağsaqqal məsləhəti almaq yaxşıdır, amma çağrılmadan kömək etmək düzgün deyil”.




M.Zeynalova deyir ki, bu gün bir çox kişilər öz üzərlərinə düşən öhdəlikləri daşımaq istəmirlər. Ailənin yükü qadınların çiyninə düşür. Hər işin dalınca qadın qaçır, bütün problemləri o özü təkbaşına həll edir. Bu da münasibətlərin gərginləşməsinə gətirib çıxarır:

“Əvvəlki patriarxal ailə modelində kişi işləyib, qadın isə ailə idarəçiliyini tənzimləyirdi. İndi isə qadın həm işləməli, həm ailə idarəçiliyini tənzimləməli, həm də kişinin azadlığını əlindən almamalıdır. Yəni kişilər ailə başçısı kimi üzərinə düşən vəzifənii kifayət qədər icra etmir”.


Birlik sədrinin söylədiyinə görə, hazırda ölkədə insanların ailə münasibətlərini tənzimləməsinə dəstək verən mərkəzlərin yaradılmasına böyük ehtiyac var:


“Ailə həm də cəmiyyətin bir strukturudur. O struktur boş olsa, cəmiyyətdə problemlər olacaq. Bunu hamı dərk edir və çalışır ki, ailə institutu möhkəmlənsin. Yaş məsələləri, məcburi nikahlar dəyişə bilər. Valideynlərin təsiri ilə ailə qurmalar ola bilər ki, dəyişsin və ya yenidən valideynlərin tövsiyələrinə qayıdış olsun. Bununla da, düşünürəm ki, daha ciddi ailə cütlükləri formalaşacaq. Bütün bunlar tədqiqata ehtiyacı olan məsələlərdir. Təəssüf ki, bununla bağlı işlər zəif gedir”.





Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova deyir ki, nikahların pozulması səbəbləri sırasında ilk sırada xasiyyətlərin uyğun gəlmədiyi qeyd olunur.


Ailə üzvləri arasında ünsiyyət çətinliyi, sosial-psixoloji mühitin gərgin olması ailələrin təməlinin zəifləməsinə və nəticədə dağılmasına gətirib çıxarır. Bu isə nikahdan əvvəl tibbi müayinə ilə yanaşı ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması məsələsini aktuallaşdırır. Bu istiqamətdə “Ailə Psixoloqu” institutunun, ailə məhkəmələrinin yaradılması, əhalinin bu xidmətdən geniş istifadəsi üçün zəruui tədbirlərin görülməsinə ehiyac vard. Boşanmanın digər səbəbləri sırasında tərəflərdən birinin zərərli vərdişlərin aludəçisi olması, zorakı davranışa meyllilik və s. kimi amillər dayanır. Təəssüf ki, bu gün gənclərdə məsuliyyət hissi çox aşağıdır. Ailə qurmağa çox primitiv yanaşırlar. Alınar yaşayarıq, alınmaz boşanarıq deyirlər. Əvvəl insanlar boşanmaya ən son addım kimi baxırdılar, ər və ya arvad boşanmışam deyəndə bir balaca narahat olurdu. Amma bu gün istər qadın, istərsə kişilər arasında belə narahatlıq hiss olunmur. Rahatlıqla boşanmışa deyə bilirlər. Bu gün artıq evlənmək qədər boşanmaq da təbii sayılır”.



H.Hüseynovanın sözlərinə görə, ailə özü-özlüyündə mürəkkəb anlayışdır, çox tərəfli funksiyaları mövcuddur. Ailənin funksiyaları bir tərəfdən ailə – cəmiyyət, digər tərəfdən ailə – şəxsiyyət qarşılıqlı təsir sistemini əks etdirir. Cəmiyyət sosial təsisat kimi ailəyə olan tələblər əsasında dəyişir və bunun müqabilində onun funksiyaları da fərqlənir. Lakin bunun belə, bəzi əsas funksiyaları qeyd etmək olar: nəsil artırma, tərbiyə etmə, təsərrüfat-iqtisadi, rekreativ, kommunikativ və tənzimləyici. Bunlar o qədər bir-biri ilə bağlıdır ki, hər hansı ailə haqqında, orada mövcud münasibətlər və ya problemlər haqqında danışarkən bu funksiyalar nəzərdən keçirilməlidir:


“Bizim çox gözəl ailə, milli-mənəvi dəyərlərimiz var. Bu dəyərlər nəsildən-nəslə keçərək bu gün də yaşadılır. Lakin biz qlobal tendensiyaların, informasiya və kommunikasiya texnologiyalarının ailə institutuna təsirini müşahidə edirik. Əfsuslar olsun ki, hazırda bir çox ailələrdə biz problemlərin yaşandığının şahidiyik. Aqressiyanın artması, ailə üzvlərinin bir-birinə qarşı dözümsüzlüyü bu münasibətləri daha da dərinləşdirir, ailədə münaqişə və zorakılıq hallarının baş verməsinə səbəb olur. Müasir dövrdə informasiya çoxluğu və qlobal proseslər valideyn - övlad münasibətlərinə yeni tendensiyalar gətirir. Təhlillər də göstərir ki, valideynlərin övladları ilə ünsiyyətində, xüsusilə də uşağın keçid yaş dövründə bir sıra çətinliklər yaranır ki, bu da ağır fəsadlara səbəb olur. Eyni zamanda, əlilliyi olan uşaqlarla da münasibətin qurulmasında valideynlər problemlərlə üzləşir. Bu gün bir çox ailələrdə valideyn olmaq, valideynlik etmək və bu məsuliyyəti daşımaq probleminin olduğunu görürük”.




Hüquqşünas Fərhad Mehdiyevin sözlərinə əsasən, son illər insanların sosial rifahı aşağı düşüb və maddi vəziyyət pisləşib. Dolanışıq aşağı olanda insanlar aqressiv olur və ən xırda bir məsələni belə böyük münaqişəyə çevirirlər:


“Əgər ailədə maddi sıxıntı yoxdursa, o zaman ər və arvad arasındakı bəzi xırda problemlər çox gözə batmır. Ancaq maddi sıxıntıların üzərinə xarakter uyğunsuzluğu və ya digər problemlər də gəlirsə, bu zaman artıq ailədə inam, etibar, birlikdə yaşamaq istəyi də azalır. Azərbaycanda boşanmalarlın artmasın paralel şəkildə ailələrdə uşaq sayı azalması da müşahidə olunur. Hətta bəzi ekspertlər 2030-cu ildə “demoqrafik kriz”in olacağını proqnozlaşdırırlar. Uşaq sayının azalmasının bir digər səbəbi də birbaşa boşanmalarla əlaqədardır. Çünki məlum məsələdir ki, boşanma olduqda kişi uşağa görə aliment ödəməyə məcbur qalır. Belə halda insanlar boşanmanı da gözə alaraq çox uşaq sahibi olmaq istəmirlər. Boşanmalara görə yeni ailələr bu günkü şəraitdə düzgün addım ataraq bir müddət uşaq sahibi olmağa tələsmir”.


F. Mehdiyev qeyd edib ki, boşanmaların başlıca səbəblərindən biri kimi həm də 21-ci əsrdə ənənəvi ailə modelinin, dəyərlərinin gündəmdən çıxaraq öz əhəmiyyətini itirməsidir:


“İnsanlar sosial rifahı daha üstün tutur. Qadınlar daha çox işləməyə, pul qazanmağa vaxt ayırmaq istəyir. Ana daha çox uşaq sahibi olub işindən uzaqlaşmaq istəmir. Ailə bağlarını zəiflədən, boşanmalara səbəb olan başqa səbəblər də var. Məsələn, sosial şəbəkələr, elektron kommunikasiya vasitələri. Əvvəllər ailələrdə “itirmək qorxusu” var idisə, indi bu, yoxdur. Bir çoxları düşünür ki, boşanıb özünə uyğun yeni birisini tapacaq. Bu düşüncə də boşanmalara səbəb olan amillərdən biridir”.





Psixoloq Vəfa Əkbər hesab edir ki, boşanmaların artmasının səbəbi insanların bir-birini tanımadan, sevmədən, dünyagörüşünü, dəyərlər sistemini bilmədən evlənməsidir:


“Hər iki tərəfin evlənmədən öncə bir-birini tanıması mütləqdir. Sadəcə, qısa bir tanışlıq əsasında qurulan ailələrdə boşanma halları çox baş verir. Belə ailələrin qurulması yanlışdır. Diplomatik ailələr qurulmamalıdır".


Psixoloqun dediyinə görə, erkən və gecikmiş evliliklər də ailələrin dağılmasında əsas rol oynayır. Belə ki, erkən yaşda ailə quran şəxslər uşaqlıq dövründən birbaşa ailə münasibətlərinə daxil olduqda bu məsuliyyəti çox vaxt daşıya bilmirlər:


“Çox erkən yaşda qurulan ailənin təməli zəif olur. Erkən nikahların əksəriyyəti sevgi əsasında baş tutmadığı üçün zamanla ortaya çıxan maddi və digər problemlər əvvəldən zəif qurulan sütunları bir az da zədələyir. Bu da boşanmalara gətirib çıxarır. Eyni zamanda, 30 yaşdan yuxarı evliliklərdə də boşanma ehtimalı olduqca yüksəkdir. Belə ki, insanlar həmin yaş dövrünə qədər adət etdikləri həyat tərzini bir anda dəyişməli olurlar. Bu isə olduqca çətin olduğundan, ailə münasibətlərinə neqativ təsir göstərir”.


V.Əkbər vurğulayıb ki, sağlam ailə qurmq üçün razılıq əldə edib “Asan xidmət”ə gedəndə, ilkin tibbi yoxlanışdan keçən də psixoloji cəhətdən nə qədər uyğun olub olmadıqlarının da test edilməsi lazımdır.

Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar