ARB telekanalının "Anons” şöbəsinin "Biz azərbaycanlıyıq” adlı sosial çarxı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən elan olunan müsabiqədə qalib olub.
Bakupost.az xəbər verir ki, vətənpərvərlik ruhunda hazırlanan çarxın çəkilişləri Azərbaycanın demək olar ki, bütün bölgələrində həyata keçirilib. Həmçinin tarixi gerçəklikləri özündə əks etdirən arxiv kadrlarından, müasir və şanlı tariximizi özündə əks etdirən görüntülərdən istifadə olunub.
Video-çarx ölkəmizin tarixini, təbiətini, xalqımızın mədəniyyətini, multikultural dəyərlərimizi, qazandığımız zəfəri, milli duyğuları, azərbaycançılıq məfkurəsini özündə ehtiva edir. Diqqət çəkən digər mühim detalsa, çarxda çəkilən insanların aktyorlar yox, müxtəlif təbəqə və peşə sahibi olan insanlar olmasıdır.
Müəllifi və rəhbəri Sevinc Çılğın, rejissoru İlham Yaşaroğlu olan layihənin hazırlanmasında onlarla insanın əməyi var.
Layihə dövlət sifarişi əsasında Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın dəstəyilə çəkilib.