Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov tərəfindən nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib.
“Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği” fevral ayının 1-dən, “Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi” 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir. Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün utilizasiya haqları isə 2024-cü il fevralın 1-dən 2 (iki) il müddətinə 50 (əlli) faiz həcmdə tətbiq ediləcək.
Baş nazir Əli Əsədov həmçinin nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydasını da təsdiq edib. Fevralın 1-dən qüvvəyə minəcək qərar “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun vəsaitinin formalaşdırılması və istifadəsi ilə bağlı məsələləri tənzimləyir. Fondun vəsaitinin idarə olunması “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir.
Fondun vəsaiti utilizasiya haqqı, kreditlər və qrantlar, hüquqi və fiziki şəxslərin könüllü ianələri, beynəlxalq təşkilatların və digər donorların ayırmaları, qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. Bu Qaydada qeyd olunan utilizasiya haqlarının Fonda ödənilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq gömrük və digər müvafiq orqanlar təmin edirlər.
Bu Qaydada qeyd olunan istiqamət üzrə köçürmələr Qanunla müəyyən edilən sənədlər əsasında və müddətlər nəzərə alınmaqla həyata keçirilir. Fonda daxil olan aylıq vəsaitin 3 (üç) faiz həcmində hissəsi bu Qayda ilə müəyyən edilən istiqamət üzrə hər növbəti ayın 10-dək operatorun cari hesabına köçürülür. Operatorun cari hesabına köçürülən vəsait onun gəlirlərinə aid edilməklə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi, operatorun göstərdiyi xidmətlərin elektronlaşdırılması və qanunla qadağan edilməyən digər istiqamətlərdə istifadə olunur.
Yeni qərarı şərh edən nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakupost.az -a bildirib ki, qərarda əvvəldən gözlənilən bəzi məqamlar öz əksini tapıb. Ölkəyə gətirilən və ili 4 ildən 7 ilə qədər olan nəqliyyat vasitələrinə görə rüsum 400 manat, 7 ildən 10 ilədək olanlar üçünsə 700 manat məbləğində olacaq. Texniki baxış zamanı sürücüər idarə etdiyi nəqliyyat vasitələsinin istismar dövrünə görə rüsum ödəyəcək. Belə ki, nəqliyyat vasitəsinin istismar müddəti 4 ildən 10 ilədək olanlarda 10 AZN, istehsal ili 10 ildən 20 ilədək olanlarda 20 AZN, 20 ildən 30 ilədək olanlarda 30 AZN və 30 ildən daha artıq müddəti əhatə edən avtomobillər üçün isə 40 AZN utilizasiya haqqı nəzərdə tutulub:
“Minik avtomobilləri üçün 1500 manat güzəştli məbləğin nəzərdə tutulması bir çoxlarını qane etməyəcək. Çünki bəzi işbazlar bu işdən pul qazanmaq istəsə də, dolanışığı avtomobildən asılı olan insanlarda var ki, onları nəzərə almaq olar. Hətta onlara fərdi qaydada xaricdən avtomobil gətirərmək icazəsi verilə bilər ki, bu zaman gömrük və vergi ödənişlərindən azad olunurlar. Avtomobil onun üçün daha ucuz başa gəlir. Çünki yerli avtomobillərin keyfiyyəti o qədər də cəlbedici deyil. Məsələ burasındadır ki, 1500 manat güzəştli məbləğ yalnız yerli istehsal avtomobil alarkən nəzərdə tutulur. Əgər vətəndaş pulu nağd şəkildə tələb etsə, o zaman ona həmin məbləğin 70 faizi, yəni 1050 manat veriləcək. Yük avtomobili və sərnişin avtobusları üçün, eləcə də daha iri qabaritli avtomobillər üçün isə 2000-3000 manat vəsait nəzərdə tutulur. Bu da müəyyən edilmiş qanunla tənzimlənir”.
E.Muradlı hesab edir ki, nəqliyyat vasitələrinin utilizasiyası Azərbaycanda yol hərəkəti təhlükəsizliyi, eləcə də ətraf mühitin çirklənməsinin qarşısını alınması üçün atılan addımdır:
“Vətəndaşlar bu prosesdə fəal iştirak etməlidir. Eyni zamanda cərimə meydançasında illərdir qalan avtomobillərin sahibləri də aidiyyəti üzrə müraciət edib ya onlardan imtina etməli, ya da avtomobili utilizasiya prosesinə cəlb etməlidir. Təxminən 200 mindən çox nəqliyyat vasitəsi istismardan kənarda qalıb. Onların da prosesə cəlbi mütləqdir”.
Ekspert qeyd edib ki, ölkəyə gətirilən avtomobillərə görə utilizasiya haqqı nəzərdə tutulduğu üçün sözsüz ki, avtomobil bazarında qiymət artımı baş verəcək.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, köhnə nəqliyyat vasitələrinin utilizasiyası böyük sosial proqramdır. Bu layihəni həyata keçirmək o qədər də asan deyil. Bu tip layihələri, əsasən, iqtisadiyyatı dayanıqlı olan ölkələr reallaşdıra bilir. Azərbaycan da utilizasiya layihəsini həyata keçirə bilən ölkələr sırasındadır. Artıq bu məqsədlə ölkədə utilizasiya fondu yaradılıb:
“Hazırda ölkədə köhnə, istismara yararsız avtomobillərin sayı həddindən artıq çoxdur. Həmin avtomobillərin bir qismi müasir texniki təhlükəsizlik və sərnişindaşıma tələblərinə cavab vermir. Məsələnin ekoloji tərəfinə diqqət yetirəndə aydın olur ki, köhnə avtomobillər atmosferə həddindən artıq zərərli qazlar buraxır. Eyni zamanda, istismara yararsız bu tip avtomobillər uzun illər bir yerdə dayandığından onların parçalanmış ehtiyat hissələri, köhnə mühərrik yağları süzülərək torpağa hopur".
Ekspert qeyd edib ki, sovet dövründə istehsal olunan avtomobillər bugünkü tələblərə cavab vermir:
"Ona görə də ilk növbədə, bu tip avtomobillərin utilizasiyasına başlanılacaq. Sonrakı mərhələdə isə vətəndaşlar köhnə avtomobillərdən xilas olmağa çalışmalıdırlar. Bu proses könüllü həyata keçiriləcək, heç kəsin avtomobili zorla əlindən alınmayacaq. Vətəndaş özü sərbəst şəkildə avtomobilini gətirib utilizasiyaya təhvil verəcək və bunun müqabilində ona müəyyən pul dəyərində vauçer veriləcək. Əgər vətəndaş yeni avtomobil almaq istəyərsə, həmin vauçerlə satış məntəqələrinə müraciət edib oradan müəyyən endirim əldə edəcək. Yeri gəlmişkən, artıq həmin endirimlə bağlı qaydalar müəyyənləşdirilib. Belə ki, utilizasiya vauçeri ilə rəsmi dilerə yaxınlaşan vətəndaşa salon sahibi endirim etməlidir. Buna əməl etməyənlərə isə cərimə sanksiyaları tətbiq olunacaq”.
Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, Azərbaycanda 2 milyona yaxın nəqliyyat vasitəsi var. Minik avtomobillərinin sayı 1 milyon 500 mini aşır. Ölkədəki avtomobil parkının 80 faizinin yaşı 10 ildən artıqdır:
“Bəzi avtomobillər ekoloji cəhətdən öz dövrünü çoxdan başa vurub. Çoxlu yanacaq işlədirlər, tullantı qazlarının miqdarı qüvvədə olan heç bir standarta uyğun deyil. Bu maşınların yollarda olması qəza riskini artırır. Nəzərə almaq lazımdır ki, istismar müddəti başa çatmış avtomobillər həm ekologiyaya ziyan vurur, həm də sürücülərin ciblərinə də ziyandır. Belə olan halda köhnə avtomobillərin utilizasiyası prosesi gündəmə gəlir. Vətəndaşlar bəhs etdiyimiz avtomobilləri dövlətə təhvil verməklə həm yeni avtomobil almaq üçün şans qazanacaq, həm də ekologiyanın çirklənməsinin qarşısını alacaqlar”.
Nəqliyyat eksperti Aslan Əsədov isə hesab edir ki, “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılmasının gələcəkdə nəqliyyat vasitələrinin cavanlaşdırılmasında böyük rolu olacaq:
“Hazırda elə nəqliyyat vasitələri var, artıq ömrünü başa vurub, lakin hələ də istismar edilir. Belə nəqliyyat vasitələri öz sürücüsünə təhlükəli anlar yaşada bilir. Köhnə nəqliyyat vasitələri ekologiyaya da zərər vurur. Bu kimi problemlərə son qoyulması üçün nəqliyyat vasitələrinin utilizasiyası olduqca əhəmiyyətlidir”.
Sevinc
BakuPost
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.