Ru
13:10 / 11 İyul 2026

Azərbaycanda əhalinin artım tempi niyə zəifləyib?

Azərbaycanda əhalinin artım tempi niyə zəifləyib?
Eye

Son dövrlər bir sıra ölkələrdə əhalinin sayı sürətlə azalır. Bu vəziyyət özünü xüsusən də, inkişaf etmiş ölkələrdə göstərir. Avropa qitəsi ölkələrinin xeyli hissəsi bu problemlə üz-üzədir. Azərbaycana gəldikdə, hələlik ölkəmizdə sözügedən problem özünü elə də göstərmir. Amma bununla belə, son illərin tendensiyası onu deməyə əsas verir ki, orta perspektivdə Azərbaycanda da əhalinin sayında azalma özünü göstərə bilər. Ölkəmizdə ailələrin əksəriyyəti bir uşaq dünyaya gətirməklə kifayətlənir. Həmçinin, gənc nəsil arasında xaricə miqrasiya meylləri tədricən də olsa güclənir. Anoloji olaraq, pensiyaçıların da faiz nisbətində sayı artır.

Azərbaycanda əhali artımının zəifləməsi demoqrafik keçid, sosial-iqtisadi çətinliklər, ailə institutundakı dəyişikliklər və əhalinin ümumi qocalması ilə əlaqədardır. Bu proseslərin əsas səbəbləri isə aşağıdakılardır: Sosial-iqtisadi çətinliklər və bahalaşma: Gəlirlərin sabit qalması fonunda artan yaşayış və təhsil xərcləri gənc ailələri çoxuşaqlılıqdan çəkindirir. Gənclər arasında evlilik yaşı gecikir, boşanmaların sayının artması isə ümumi doğuma mənfi təsir göstərir. Son illərdə ölkədə doğum göstəricilərində ciddi enmələr qeydə alınır ki, bu da əhalinin artım tempini zəiflədib.

• Başqa bir tərəfdən, pensiya yaş həddinin 65-ə çatdırılması, əvvəlki illərdə pensiyaya çıxanlarla müqayisədə hazırkı bazada müəyyən demoqrafik balans dəyişikliyi yaradıb, pensiyaçıların faiz nisbətində sayını artırıb.

• Ölkədə orta yaş həddinin uzanması və əhalinin ümumi demoqrafik strukturunda yaşlı nəslin payının çoxalması, pensiyaçılar nisbətinin artmasına gətirib çıxarır.

• Doğum səviyyəsinin azalması nəticəsində cəmiyyətdə uşaq və gənclərin əhaliyə olan faiz nisbəti kiçilir.

• Eyni zamanda, keyfiyyətsiz qidalar, ekoloji durumun pisləşməsi, iqtisadi çətinliklər, habelə bəzi xarici təsirlər də ölkəmizdə əhalinin artım tempinin azalmasına rəvac verən amillərdəndir.

Bu əsasda sözügedn problemlə üzləşən hər bir ölkə ondan özünəməxsus şəkildə çıxış yolu axtarır. Məsələn, Fransa, Böyük Britaniya, Almaniya kimi yüksək inkişaf etmiş ölkələr əsas çıxış yolunu miqrantantların gəlişində görürlər. Onun nəticəsidir ki, Böyük Britaniya Milli Statistika Bürosunun (ONS) məlumatına görə, adətən müsəlman miqrantlara qoyulan Məhəmməd adı ardıcıl üçüncü ildir ki, İngiltərə və Uelsdə yeni doğulan oğlan uşaqları arasında ən çox seçilən ad olub. Statistikaya əsasən, 2025-cü ildə Məhəmməd adı 5 957 yeni doğulan oğlan uşağına verilib. Bu isə, 2024-cü illə müqayisədə 236 nəfər çoxdur.

Azərbaycanda da gələcək perspektivdə əhali azalmasının işartıları görünərsə, hansı çıxış yolu tapmalıyıq? Ölkəmiz də gələcək perspektivdə problemin həllində miqrant cəlbinə gedə bilərmi?

ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az-a bildirib ki, Azərbaycan demoqrafik cəhətdən ciddi problemlərlə üz-üzədir:

“Demoqrafik problemlərimizin artdığı açıq şəkildə görünür. Doğuş sayının kəskin azalması ilə yanaşı, ölkəmizdə əsas problemlərdən biri köç dalğasıdır. Gənclərin ölkədən köçü kifayət qədər sürətlə gedir. Avropa, Amerika, Kanada və Türkiyəyə sürətli köç var. Nəticə etibarı ilə gənclərimizin reptoduktiv zamanda, yəni dünyaya uşaq gətirəcəyi bir zamanda ölkədən köçməsi kifayət qədər ciddi problemlər yaradır”.

Ekspert hesab edir ki, problemin həll yolları iqatisadi, sosial və idarəetmə ilə bağlıdır:
“Ölkənin gələcək perspektivlərilə bağlı yeni hədəflər olmalıdır ki, gənclərimiz ölkədə qalıb işləməkdə maraqlı olsunlar. İkinci bir tərəfdən, sosial-iqtisadi məsələlərin həlli sürətlənməlidir. Gənc ailələrin mənzilə çıxış imkanları da artmalıdır. Yəni məsələ kompleks şəklində həllini tapmalıdır. Bir tək uşaq pulu verməklə məsələ düzələn deyil. O da verilməlidir. Amma bu vəziyyəti düzəltmir. Dünyada bir çox ölkədə bunu sınaqdan çıxarsalar da, uğurlu alınmayıb. Məsələn, Polşada hər uşağa 800 zlotı verirlər, amma buna baxmayaraq bu ölkədə doğuş hər il azalmaqda davam edir. Ona görə də idarəetmə, ölkənin vizionu, gələcəyilə, sosial-iqtisadi məsələlər, insanların gələcəkdə rahat yaşamaları ilə bağlı təsəvvürlərin formalaşması istiqamətində kompleks tədbirlər görülərsə, zaman-zaman məsələ həllini tapacaq. Əks halda, təqaüd məsələsində 15-20 ildən sonra ciddi problemlərlə üz-üzə qalacağıq”.

Milli Məclisin deputatı Vüqar Bayramov isə qeyd edir ki, Azərbaycanda təbii artım hazırda müsbət olsa da, statistika görə, son illər təbii artım faizində azalmalar var:

“Bu da ilk növbədə uşaqlı ailələrin sayının azalması ilə bağlıdır. Praktik olaraq bu, əhalinin ümumi artım tempinə birbaşa təsir göstərir”.
Deputatın sözlərinə görə, Azərbaycanın əmək bazarının strukturu və buradakı tələblə təklifin nisbətinə diqqət yetirsək yaxın dövrlər üçün həmin bazara miqrantların cəlb edilməsinə zərurət yoxdur:

“Çünki, nəticə etibarı ilə ölkənin əmək bazarında tələblə yanaşı, təklifi də müşahidə edirik. Təbii artım faizi əvvəlki illərlə müqayisədə azalsa da, əmək bazarında iş axtaranların sayı heç də az deyil. Onu da nəzərə alaq ki, hazırda iqtisadiyyat innovativləşir, süni intelekt və rəqəmsal metoddan daha çox istifadə olunur”.
Belədə müsahibimizə görə, gözlənti odur ki, həm dünyada, həm də Azərbaycanda bəzi sektorlarda işçilərə tələbat azalacaq:
“Bu kontekstdə iqtisadiyyatın innovativ sahəsində daha böyük dəyərin yaradılmasına ehtiyac yaranacaq. Əsas hədəf çox uşaqlı ailələrin sayının artırılması ilə bağlı təşviqin genişləndirilməsidir. Çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi həyata keçirilməlidir. 3 və daha çox uşağı olan ailələrə güzəştlər, o cümlədən aylıq müavinət, güzəştli pensiya yaşı tətbiq olunarsa, bu həmin ailələrin sayının artmasına gətirib çıxara bilər. Belədə də təbii artım tempi sürətlənər və gələcəkdə əmək bazarındakı optimallıq və tarazlığın qorunub saxlanılmasına dəstək olmuş olarıq”.

Rüfət Sultan,
BakuPost

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar