Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsini, Türk dövlətlərinin birliyinin daha da güclənməsini istəyən bir insan olaraq son vaxtlar mətbutda, sosial mediada yayılan bəzi neqativ yazılara, mövqelərə öz münasibətimi bildirmək istəyirəm.
1987-ci ildə Türkiyəyə ilk səfərimdə “Türkiyə” qəzetinə verdiyim müsahibədə “Türkiyə üzünü Şərqə - Doğuya çevirməlidir. Yaxın zamanlarda Türkiyəni Avropa Birliyinə almayacaqlar, amma Doğuda nəhəng bir türk dünyası var”- demişdim.
Böyük Atatürkün 23 oktyabr 1933-cü ilə aid möhtəşəm bir fikri var:
“Bir gün Sovetlər birliyi də Osmanlı və Avstriya-Macarıstan kimi parçalana, ufalana bilər, bu gün əlində sımsıkı tutduğu millətlər ovuclarından qaça bilirlər. Türkiyə o böyük günə hazırlaşmalı, ortaq dil və tarix vasitəsiylə həmin xalqlarla əlaqələr qurulmalıdır”.
Bu dahiyanə bir uzaqgörənliklə deyilmiş sözlərdən 58 il sonra Sovetlər birliyi parçalandı və onun dəmir qalpağı altından 5 müstəqil türk dövləti çıxdı.
Türkiyə doğrudan da üzünü Doğuya çevirməyin zəruriliyini dərk etdi. Bu gün Türk Dövlətləri Təşkilatı getdikcə daha möhkəm şəkildə öz ayaqları üstündə dayanır və dünyada sayılan bir siyasi, iqtisadi gücə çevrilir.
Dünyanın, özəlliklə düşmənlərimizin bu birliyi sakit, təmkinlə qarşıladıqlarını düşünmək yanlış olar. Əksinə, bu birlik möhkəmləndikcə türk dövlətləri arasında soyuqluq yaratmaq niyyəti və təxribatlar da güclənəcək.
Düzdür, həm Türkiyədə, həm Azərbaycanda sosial media üzərindən, mətbuat və insan azadlığı adı altında siyasət və din dəllalarının sərsəmləmərinə tutarlı cavablar verilir. Lakin mənə elə gəlir ki, Türkiyə-Azərbaycan qardaşlığına kölgə salmağa çalışanların kimliyi, hansı dairələrə və ölkələrə bağlı olduqları daha ciddi şəkildə aydınlaşdırılıb, topluma çatdırılmalıdır.
Azərbaycanla Türkiyənin qardaşlığı elə bir səviyyədədir ki, tariximizlə və ya bu günki konkret bir hadisə ilə bağlı hansısa ehtiyatsız söz və yazı xalqlar arasında düşmənçilik yaratmaq cəhdi kimi qəbul edilir və cəmiyyətdə qəzəb doğurur. Məsələn, Türk seriallarında bəlkə də, tarixi bir həqiqəti əks etdirən epizodda Azərbaycan türklərinin o vaxt baş vermiş bir yalnış addımı göstərilirsə, o dəqiqə tamaşaçı buna sərt reaksiya verir. Doğrudur-yalandır söhbəti unudulur. “İndiki vaxtda bunun yeridirmi” sualı ortaya çıxır və bu sual doğrudur, məntiqlidir.
Qonşu dövlətlərdə mediada hallandırılan nədir?
Azərbaycan-İsrail münasibətləri,
Azərbaycan-Fələstin münasibətləri,
Dinə münasibət.
BMT-nin iclasında Netenyahunun çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin bəzi üzvlərinin salondan çıxmamaları və nəhayət Yeni Azərbaycan Partiyasının qurultayında Azərbaycan prezidenti İlham Əliyevin çıxışı.
Öncə onu deyim ki, bu məsələlərin hər biri haqqında ətraflı danışma olar.
İsrail hələ İranla müharibə başlamazdan öncə Azərbaycanla müəyyən müqavilələr bağlayıb və gənc Azərbaycan dövləti bu ticarətdə maraqlıdır.
Həmin dövrdə dostumuz-qardaşımız, dindaşımız İran davamlı olaraq “ermənilər bizim qan qardaşımızdır” deyib, Ermənistana hər cür yardım göstərib və öz ərazisindən Ermənistana silah daşınmasına şərait yaradıb. Hərbi təcavüz, Minsk qrupunun təzyiqləri, Avropa ölkələrinin riyakarlığı ilə üz-üzə qalan gənc Azərbaycan dövləti, “dinimiz birdir” deyən İranın bu düşmən münasibətini dəfələrlə görüb.
Buna baxmayaraq, Azərbaycan İrana qarşı İsrail və Amerika tərəfindən aparılan müharibəni pislədi. Bu müharibənin dayandırılmasını istədi. Fələstində, İranda, Livanda dinc əhalinin öldürülməsinə qarşı çıxdı. BMT-nin 1948-ci ildə qəbul edilmiş qərarına uyğun olaraq, müstəqil Fələstin dövlətinin qurulmasını istədi. Fələstinə maddi yardım göstərdi.
Dini ayrı dövlətlərin ağır günümüzdə bizə uzanan əlini geri uzadıb hansı riyakar dindaşımızın əlindən tuta bilərdik?
Mənim fikrimcə, Azərbaycanda dövlət-din münasibətləri ideal səviyyədədir. Dövlət dini qoruyur, ona insanların bir vicdan işi kimi baxır. Lakin din dövlətin işinə qarışmır. Azərbaycan dünyada tolerantlığın nümunəvi bir yeridir. Ölkəmizdə məscidlərlə yanaşı, kilsələrin, sinaqoqların qapıları insanların üzünə açıqdır. Bu dövlətin siyasətidir və İrandakı, Türkiyədəki din siyasətindən qismən fərqlənir. Türkiyədə Fətullah Gülənin İslam dinindən danışa-danışa, Quran oxuya-oxuya göz yaşı axıtdığı günləri yaxşı xatırlayırıq. Axırı nə oldu?
Kimsə Azərbaycanı İslam dininin sıxışdırılması, Qurana, dini adətlərə biganəliyi ilə ittiham edə bilməz. Biz Sovetlər dönəmində də dinimizi yüksək səviyyədə qorumuşuq. Yeni məscidlər tikmişik. Amma qonşumuz İran İslam dövləti ola-ola Qarabağda o məscidlərin dağıdılmasına göz yumurdu. Buna görə də Azərbaycanın təhsil sistemini necə qurması onun öz daxili işidir? Məktəbin öz geyim forması var, məktəbi bitirdikdən, həddi-buluğa çatandan sonra gənclər öz seçimini edərlər.
Qarabağ zəfərindən sonra Azərbaycanla yanaşı, Türkiyə də bir sıra Avropa ölkələrinin və düşmənlərimizin tənqid hədəfinə çevrilmişdi. Qarabağdakı zəfəri az qala bütövlüklə Türk ordusunun ayağına yazırlar. Azərbaycanda biz davamlı olaraq Türkiyənin və Pakistanın bizə diplomatik yardımından gur səslə danışırıq, amma hərbi uğurlarımızın Türkiyənin ayağına yazılmasını və Türkiyənin günahlandırılmasını istəmirik.
Azərbaycan prezidentinin YAP-ın qurultayındakı çıxışını da bu şəkildə anlamaq lazımdır. Bu dünyaya verilən bir mesaj idi. Yəni Azərbaycan müstəqil bir dövlətdir, qardaşları ilə, dostları ilə münasibətləri də öz dövlət maraqlarına, xalqın milli maraqlarına uyğun qurur. Türkiyə və Azərbaycan bir millətin dövlətləridir. Bizim milli mövqelərimizi möhkəmləndirən hansısa bir addım əslində Türkiyənin də mövqelərini möhkəmləndirir. Məhz elə bu qardaşlıq gözü ilə baxanda Türkiyədə də İranda olduğu kimi İslam dininin böyük mənəvi dəyərlərinin xurafata, təriqət və camaat maraqlarına uyğunlaşdırıldığını görürük. Türkiyə Atatürkün böyük ideallarından uzaqlaşır. Bu bizi narahat edir, amma Türkiyəyə sevgimiz o qədər böyükdür ki, əslində Türkiyə xalqının ziyanına olan bir sıra proseslərə göz yumuruq. Gərək Türkiyədə oturub bizi tənqid edənlər bunu da nəzərə alsınlar. Tükiyədə Türk soyadı daşıyan minlərlə insan küçələrə çıxıb “həpimiz erməniyiz” deyəndə ermənilərin Xocalıda tökdüyü qanlar hələ qurumamışdı. İzmir stadionunda Azərbaycan bayraqları zibil qabına atılanda biz Qafqaz-Türk İslam Ordusunun şərəfinə Bakıda qurulmuş şəhidlikdə Türk bayrağına sayğısızlıq edilməsinə imkan vermədik.
Mətbuatda bu antiazərbaycan təbliğatları gedən günlərin hər birində Azərbaycan-Türkiyə iqtisadi, siyasi, hərbi əməkdaşlığının yeni bir səhifəsinin şahidi olmuşuq.
Oğuzların, Qıpçaqların, Karlukların - bütövlükdə Türk xalqlarının tarixi qanlı savaşlarla doludur və bu savaşların əksəriyyəti kənardan, düşmən qüvvələr tərəfindən qızışdırılıb, idarə olunub. Bir hissəsi də din və təriqət zəminində törədilib. 20-ci yüz ilin insanları həmin tarixləri yaxşı bilirlər və biz hər bir hadisəni o dövrün şərtləri daxilində dəyərləndirilməli, o yanlışlıqlardan nəticə çıxarmalı və Allahın bizə verdiyi qan qohumluğunu, qardaşlıq ruhunu qorumalıyıq.