Ru
16:42 / 17 Fevral 2022

Azərbaycanda niyə hamı aqressivdir? – “Maddi çətinliklər “dəli” edir”

54536
Son illər cəmiyyətdə aqressiv hallar artmaqdadır. Gəncindən tutmuş yaşlısınadək hər kəs çox aqressivdir. İnsanların daxillindəki əsəb, gərginlik davranışlarına da sirayət edib. Onlar bir-biri ilə kobud, aqressiv davranır, güzəştə getmək istəmir, münaqişə edir. İşsizlik, maddi sıxıntılar, maaş azlığı, iş yerlərində haqsızlığa məruz qalmaq və s. bu halın baş verməsinə rəvac verən amillərdəndir.




Özəl şirkənlərin birində çalışan Ramil Novruzov deyir ki, 8 ildir çətin, ağır iş şəraitində çalışır: “İşim və iş şəraitim çox ağırdır. Uzun illərdir ki, 10 saatlıq iş rejimində çalışıram. Görüdüyüm işin müqabilində isə çox aşağı maaş alıram. 8 illik stajıma baxmayaraq, bu illər ərzində şirkət rəhbərliyi maaşımı cəmi 140 manat artıb. Normal maaş tələb etdikdə isə şirkət tərəfindən cavab belə olur: “İşləyirsən işlə, işləmirsən yaxşı yol”. Çox ciddi maddi sıxıntılarım var, ailəmi dolandıra bilmirəm. Bu da mənim əsəb sistemimə təsir edir, aqressiv oluram. Ailəmə, dostlarıma, ərtafıma qarşı aqressiv davranıram”.

Mövzuya ilə bağlı Bakupost.az -a danışan psixoloq Vəfa Əkbərin sözlərinə əsasən, maddi sıxıntı, iqtisadi çətinlik, arzuların, istəklərin reallaşmaması, gərgin iş rejimi insanlarda aqressivlik yaradır:



“Maddi durumun aşağı olması, ağır həyat şəraiti, ürəyincə olmayan iş yeri, iş qrafikinin həddindən artıq uzun olması, istirahət edilə bilməməsi insanda aqressivlik yaradır. İnsanın təməl təlabatlarının ödənməməsi aqressiyaya səbəb olur. Əgər təməl təlabatlar ödənmirsə, bu, aqressiya yaradır və səbəbli - səbəbsiz partlamağa mütləq ki, bir yer tapacaq. Təbii ki, problemin kökündə iqtisadi böhran və ya maddi sıxıntılar varsa, bu vəziyyət həmin insanın yuxusunu da ərşə çəkəcək, əsəblərini də pozacaq. Belə olduqda, insan həmişə gərgin, narahat olur, elə düşünür ki, hər kəs onun haqqına girir. Həm də düşünür ki, yetərincə özünü müdafiə edə bilmir. Elə insanların bilmədən ayağını yüngül tapdalasanız, yaxud da qoluna toxunsanız, artıq üsyan baş verir. Çünki elə düşünür ki, qarşı tərəf onun şəxsi ərazisinə girib, rahatlığını əlindən almaq istəyir”.

Psixoloq bildirib ki, bəzən bir insan çox şeylərə sahib olmaq istəyir, vəzifə, üstün mövqe, liderlik. Buna nail olmayanda, hədəfinə, istəyinə çatmayanda, arzuları puç olanda aqressivləşir: “Nifrət hissi isə aqressiyanın yaranmasına səbəb olan amillərdən biridir. İnsan nifrət etdiyi insanlarla daim ünsiyyətdə olanda, məcburiyyət qarşısında qalıb istəmədiyi işlə məşğul olanda aqressivləşir. Sevgisizlik, yaxınları və ətrafında olan insanlardan soyuq, kobud münasibət görən, istənməyən insanlar da aqressiv olur. Sevgi tələbatının ödənilməməsi bu insanları aqresivləşdirir. Hər insan aqressiyasını müxtəlif cür büruzə verir. Kimisi daxilindəki aqressiyanı, əsəbi gizlədə, özünü idarə edə bilir, yəni susmağı bacarır. Ətrafındakı insanları incitmir, daxilindəki aqressiya ilə ancaq özünə zərər verir. Amma bəzi insanlar daxilindəki aqressiyanı gizlədə bilmir, ətrafa ötürür. Ətrafındakı insanlarla kobud davranır, sındırır, dağıdır, səbəbsiz yerə dava salır, dalaşır, hətta qətl belə törədir”.

Bəs aqressiyanı aradan qaldırmaq üçün nə etməli?

Psixoloq bildirib ki, mümkün qədər əsəb, stress yaradan insanlardan, ortamdan uzaq durmaq lazımdır: “İnsan gələn ürəyincə olan işlə məşğul olsun. İstəmədiyi işdə çalışmasın. Bəzən insan maaşın aşağı və ya yuxarı olma səbəbindən gedib elə bir işlə məşğul olur ki, həmin işin öhdəsindən gələ bilmir. Lap öhdəsindən gəlsə belə aqressiv olur. Baş verən hadisələrə mümkün qədər reaksiyaya verməməyə, emossiyaları cilovlamağa çalışmaq lazımdır. Əgər insanlar aqressivləşmək istəmirlərsə, hadisələrə tez reaksiya verməməlidirlər. İnsan öz istəyi əsasında aqressiyasını aradan qaldıra bilər. Aqressiya insanın emosional hissidir və bunu idarə etmək insanın öz əlindədir. İnsan gərək özünü müsbətə kökləməyi bacarsın. Çünki aqressiya ilə problemi aradan qaldırmaq, onu həll etmək mümkün deyil. Əksinə, məsələyə aqressiya ilə yanaşanda vəziyyət daha kritik hədd alır. Aqressiyanı aradan qaldırmaq üçün psixoloq köməyindən də istifadə edilə bilər. Psixoloqla aparılan söhbətlər insanların sakitləşməsinə və daxildə olan aqressiyanın müəyyən qədər aradan qalxmasına yardımçı olur”.



Sosioloq Etibar Həsənovun dediyinə görə, insanların aqressiv olmasına, aqressiv davranış sərgiləməsinə səbəb maddi sıxıntılardır:

“İşzizlikdən əziyyət çəkən, maddi çətinlikləri olan insan aqressiv olur. Ailəsini dolandıra bilməyən, övladlarının tələbatlarını odəməyə pulu olmayan insan aqressivləşir. Vəziyyətdən çıxış yolu tapmayanda isə aqressiya pik həddə çatır. Normalda insan sutka ərzində 8 saat işləməlidir. Sosial problemlər üzündən bu gün nə qədər insan hətta 12-14 saat işləməli olur. Aldığı məvacib isə maksimum 400-500 manatdır. Bu mənada insanların hər addım başı sosial problemlə qarşılaşdığını nəzərə alaraq nədən aqressiyalı olduğunu anlamaq elə də çətin deyil. İş şəraitinin çətin, işin ağır olması da insanlarda aqresivlik yaran səbəblərdəndir. Bu gün yüzlərlə insan az məvacibə ağır işlərdə, uyğun olmayan iş şaraitində çalışmaq məcburiyyətindədir. Aldığı pulla isə ailəsini normal dolandıra bilmir. Belə insan necə başqaları ilə normal davrana bilər?”.

Sosioloq deyir ki, bölgələrdə yaşayan insanlardan fərqli olaraq şəhərdə yaşayan insanların qayğıları daha çox olur. Bu proseslər insanlarda aqressiyaya gətirib çıxarır: “Aqressiyanı azaltmaq üçün insanların sosial rifahını yaxşılaşdırmaq lazımdır. Normal iş yeri, ailəsinin sosial problemlərini həll edəcək miqdarda məvacibi olan insan aqressiv olmaz. Günün, 14 saatını işdə və yolda keçirən, ailəsinə vaxt ayıra bilməyən şəxs niyə də aqressiv olmasın. İnsan xoşbəxt olanda əsəbi, gərgin olmur. İnsanlarımız xoşbəxt deyil. Ona görə də aqresivdirlər”.

“Ədalət” qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncayın fikrincə, aqressiyanı yaradan səbəblərdən biri insanların maddi vəziyyətinin aşağı olmasıdır:



“Belə bir ifadə var deyirlər, kasıblıq gələndə iman qapıdan çıxır. Maddi çətinliklər, sıxıntılar olanda aqressiya olur. Maddi sıxıntılar yaşayan, əziyyət çəkən insan istər-istəməz aqressivləşır. Hər şeyin onların istədiyi kimi olması düşüncəsi də insanlarda aqressiya yaradır. Deyir filənkəsin var niyə mənim də yoxdur və başlayır nifrət püskürməyə, aqresivləşməyə”.

Millət vəkili Fazil Mustafa deyir ki, insanların problemləri, çətinlikləri var və bu səbəbdən də aqressivdirlər və aqressiv davranışlar nümayiş etdirlər: “İnsanların problemi var və bu problemin təsirləri cəmiyyətə yönəlir.



Maddi durumu aşağıdır, dolanışıq yoxdur, ailəsini saxlaya bilmir, problemlər məngənəsində boğulur və bu sadalananlar olan yerdə insan necə əsəbi, aqressiv olmasın. Sosial-iqtisadi çətinlik, insanların maddi rifahının aşağı olması, müəyyən qədər insan həyatının monotonlaşması aqressiya yaradan səbəblərdəndir. Ona görə də biz bötövlükdə cəmiyyətdə aqressiyanın azalması istiqamətində ciddi addımlar atmalıyıq. Bunun üçün də ilk növbədə insanların rifahı ilə bağlı məsələyə çox ciddi diqqət yetirməliyik. Cəmiyyətdə insanların yaşam şərtləri ilə maraqlanmaq lazımdır ki, bu gün onlar hansı vəziyyətdə yaşayırlar, necə yaşayırlar hansı çətinlikləri, sıxıntıları, problemləri var. Bunların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməlidir. Əks təqdirdə aqressiya, aqressiv insanların sayı günbə-gün artacaq. Bu da ailə məişət zəmnində baş verən münaqişələrin, cinayət hadisələrinin artmasına səbəb olcaq”.

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq hazırlanması “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.


Sevinc
Baku Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər