Ru
13:59 / 08 May 2024

"Azərbaycanda qida problemi yaşanır" - Eyyub Hüseynov

1844
Məlum olduğu kimi, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən “Binə Çörək Zavodu” MMC-yə məxsus çörək emalı müəssisəsində yoxlama keçiriblər.

AQTA-nın yaydığı məlumata görə, yoxlama zamanı xəmir yoğurma sahəsində çirkab suyun toplandığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, divar və tavanda bəzi hissələrin tamlığının pozulduğu, emal sahəsinin normativlərə cavab vermədiyi və müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılmasına dair göstərişlər verilib.



Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakupost.az -a deyib ki, biznes qurumları dövlətin onlara yaratdığı şəraitdən sui-istifadə edib qanuna zidd fəaliyyət göstərirlər. Antisanitar vəziyyətdə, standartlara uyğun olmayan şəraitdə çörək hazırlayıb marketlərdə satışa verirlər.  Nəticədə vətəndaşlar gigiyena qaydalarına uyğun olmayan şəraitdə istehsal olunan çörək alırlar:

“Bu gün insanlar çörək sexlərindəki vəziyyətdən xəbərsizdirlər. Əgər bir ictimai təşkilat, KİV nümayəndəsi o çörək sexinə gedib vəziyyəti araşdırmaq istəsə, qapıları onların üzünə bağlayacaqlar. Deyəcəklər ki, hökumətin qərarı var, içəri daxil olmaq olmaz. Azərbaycanda biznes qurumlarına qeyri-adi, dünyanın heç bir yerində olmayan toxunulmazlıq şəraiti yaradılıb. Biznes qurumlarını heç kim yoxlaya bilməz. Lakin biznes qurumları bundan sui-istifadə edirlər. Hökumətin bu cür əhəmiyyətli siyasətini qiymətləndirə bilmirlər. Ancaq hökumətin bu siyasətində bir səhv var. O da ondan ibarətdir ki, qida səhəsində yoxlamalar xəbər verilmədən, operativ aparılmalıdır. İstənilən zaman Qida Təhlükəsizliyi Agentliyi bu müəssisələrdə yoxlamalar apara bilməlidir. Təəssüf ki, bu gün o imkan yoxdur. İstehlakçıların hüquqlarına dair qanunda ancaq mənfi dəyişikliklər edilib. Bu sahə ilə məşğul olan dövlət qurumlarının zəif işlədiyi bir şəraitdə belə xoşagəlməz hallar baş verəcək”.

Ekspert qeyd edib ki, Azərbaycanda qida problemi yaşanır:

“Bizdə qidanın təhlükəsizliyi ilə məşğul olurlar, amma keyfiyyət kənarda qalıb. Qida təhlükəsizliyi ilə bağlı əsasnaməni oxusaq, keyfiyyət barədə heç nə yoxdur. Təhlükəli qida insanı bir anda öldürür, keyfiyyətsiz qida isə apteklərdə, klinikalarda növbələrin yaranmasına səbəb olur”. 

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər