Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Moskvada hava limanında saxlanılıb və geri qaytarılıb.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfərinin məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə olduğu qeyd edilib. XİN Rusiya tərəfinin bu hərəkətini "qeyri-dost addım" adlandırıb.
Mövzu ilə bağlı
Bakupost.az -a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deputata qarşı göstərilən münasibətin qəbuledilməz olduğunu bildirib:
"İlk növbədə, Azərbaycan Milli Məclisinin deputatına qarşı belə davranış Rusiyanın Azərbaycanla münasibətləri normallaşdırmaq təşəbbüsünə ziddir. Əgər hər hansı bir deputatımız Rusiya tərəfindən arzuolunmaz şəxs elan olunmuşdusa, bu barədə əvvəlcədən məlumatlandırma həyata keçirilməli idi. Azərbaycanda belə bir təcrübə var. Xarici İşlər Nazirliyi arzuolunmaz şəxs elan edilmiş şəxslər barədə qərarını açıqlayır və bu qərar əlçatan resurslarda yerləşdirilir. Bu baxımdan, Rusiya tərəfinin addımı anlaşılmazdır".
Z.İbrahimlinin sözlərinə görə, deputanın saxlanılması, çox güman ki, onun Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin Azərbayacan xalqı və dövlətinə qarşı təhqiramiz açıqlamalarına cavab verməsi ilə bağlıdır:
“Azər Badamov təsadüfən, spontan şəkildə, yaxud bilə-bilə bu ifadələri işlətməyib. Bu, cavab xarakterli olub. Rusiya rəsmi dairələri nəzərə almalı idilər ki, bu cür qarşılıqlı açıqlamaların verilməsinin səbəbkarı məhz Rusiya Dövlət Dumasının deputatları, onların təhqiramiz ifadələridir”.
Zaur İbrahimli əlavə edib ki, hadisənin Azərbaycan Prezidentinin 9 may Qələbə Günü münasibətilə Moskvaya gözlənilən səfəri ərəfində baş verməsi də diqqət çəkir:
“Əlbəttə, bu zamanlama diqqət çəkir və suallar da məhz bu məqamla bağlıdır. Bunu bir neçə səbəblə izah etmək olar. Düşünürəm ki, biz zaman-zaman Rusiya hakimiyyət dairələrində müxtəlif qolların Azərbaycana münasibətdə fərqli yanaşma sərgilədiyini görmüşük. İstisna etmirəm ki, Azər Badamovla baş verən hadisə də məhz bu cür yanaşma fərqlərindən doğan qərarların nəticəsində baş verib. Ola bilsin ki, hansısa konkret dairələr hazırda Azərbaycan–Rusiya münasibətlərinin normallaşması istiqamətində atılan addımlardan narahatdırlar. Xüsusən Rusiya XİN bir qayda olaraq Azərbaycana münasibətdə qeyri-obyektiv mövqe tutub və istisna deyil ki, Azər Badamova qarşı bu cür davranış da Rusiya XİN-dən qaynaqlansın. Bu ehtimalın kifayət qədər obyektiv əsasları var. Çünki Rusiya XİN bir qayda olaraq Azərbaycana münasibətdə qeyri-obyektiv, adekvat olmayan mövqe tutub.Təsadüfi deyil ki, hazırda Bakı-İran münasibətlərinin normallaşması prosesində diplomatlar deyil, daha çox Azərbaycana münasibətdə obyektiv mövqeyi ilə seçilən, zaman-zaman dostluq mesajları verən şəxslər iştirak edir. Bu da əhəmiyyətli nüansdır”.
Politoloq hesab edir ki, yalnız Kremlin müdaxiləsi ilə hadisəyə aydınlıq gətirilə bilər:
“Əgər açıq və yaxud qapalı kanallarla Kreml tərəfindən siqnallar, mesajlar veriləcəksə, hesab etmək olar ki, bəli, bu, Azərbaycana dost mövqe ilə seçilməyən dairələrin qərarı olub. Yox, əgər doğrudan da Kreml susqunluq nümayiş etdirəcəksə, onda Rusiya ilə münasibətlərin normallaşması istiqamətində atılan addımlar şübhə altına düşür. Hər halda tələsik nəticə çıxarmaq obyektiv yanaşma olmazdı. Hadisələrin inkişafını gözləməliyik. Kremlin müdaxiləsi ilə bağlı gözlənti var və Rusiya tərəfindən əlavə açıqlamalar verilə bilər. Ancaq Rusiya XİN-in Azərbaycanın sorğusuna birmənalı cavab verməməsi əvvəl söylədiyimiz ehtimalları qüvvətləndirir."
Lalə Novruz, BakuPost