Yayılan görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Lumu İsrəfilli "Bakupost"a bildirib ki, sözügedən hadisə cari ilin yanvar ayının 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, toplanmış materiallar əsasında cinayət işi başlanılıb. Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib.
***
9:16
Rəqqas Nicat Azadlının həyat yoldaşı onun tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını iddia edib.
"Bakupost" xəbər verir ki, qadın həyat yoldaşının ona fiziki şiddət göstərdiyi anların videosunu sosial media hesabında paylaşıb.
Kadrlarda hərəkətdə olan avtomobildə qadınla kişinin əvvəlcə mübahisə etdiyi görünür. Daha sonra kişi avtomobili saxlayaraq qucağında uşaq olan həyat yoldaşına fiziki şiddət göstərməyə başlayır.
Qadın paylaşımında Nicat Azadlı və onun ailə üzvləri tərəfindən uzun müddət təzyiq və zorakılığa məruz qaldığını iddia edib.
O həmçinin bildirib ki, ona qarşı edilən zorakılıqlarla bağlı polisə müraciət edib və iş məhkəməyə gedib. Onun sözlərinə görə, nəticədə həyat yoldaşına 1500 manat cərimə tətbiq olunub:
"Hamının yaxşı bildiyi Nicat Azadlı öz ailəsinə qarşı niyə yaxşı olmadı? Hamının vicdanlı bildiyi Nicat Rəqqas öz uşağının həyatına şiddət göstərərək dünyaya gəlməsinin qarşısını aldı, onu öldürdü. Vəhşicəsinə hər gün döydü. Atası hər dəfə ona yol göstərərək “Get, onu öldür, gir türməyə, 30 000-40 000-dən sonra qurtul”deyirdi. Anası öz övladı Nicata “Raul hələ dünyaya gəlməmiş getsin, rədd eləsin, bizə o uşaq lazım deyil, istəmirik” deyib. Səs yazısı da hazırda var.
Bütün verdiyi zülmlərə susuldu. Şəkillərlə, sübutlarla, səs yazıları və videolarla polisə müraciət etdim. İş məhkəməyə getdi, amma mənim ölən övladımın haqqı 1500 AZN cəriməyə dəyişildi???
Bu günkü gündə təkbaşına baxdığım, böyütdüyüm övladımın uşaqkən aldığı bütün travmalar 1500 AZN dəyərindədir? Mənə anası, atası, bacısı, özü tərəfindən olunan təhqirlər, tənqidlər, bacısının üstümə hücum çəkib məni döyməyə cəhd etməsi, məni alçaltmaları 1500 AZN məbləğindədir?
Xahiş edirəm, mənim də, Raulun da yaşadığımız bu qorxunc günlərə susmayın!!! Yalvarıram sizə...".
"Bakupost"un əldə etdiyi məlumata görə, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Lalə Novruz,BakuPost