Bakıda hava şəraiti kəskin şəkildə dəyişib. Axşam saatlarından etibarən paytaxtda güclü külək əsir.
Bakupost.az xəbər verir ki, gecə başlayan külək bu gün səhər saatlarında daha da şiddətlənib. Şimal-qərb istiqamətli küləyin sürəti bəzi ərazilərdə 20-25 m/s-ə çatıb. Güclü külək nəticəsində toz-torpaqla müşayiət olunan hava şəraiti müşahidə olunur.
Bakı Beynəlxalq Hava Limanında təyyarələrin enişi zamanı problemlər yaşanıb. Məlumata görə, bir sıra hava gəmilərinin enişi yalnız bir neçə cəhddən sonra mümkün olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata əsasən, güclü külək gün ərzində davam edəcək və küləyin sürəti arabir 25 m/s-ə qədər güclənə bilər.
Qeyd edək ki, aidiyyəti qurumlar hava şəraitinə uyğun olaraq gücləndirilmiş iş rejimində çalışır. Vətəndaşlara açıq havada ehtiyatlı olmaları, xüsusilə yaşlılar və uşaqların küləkli saatlarda çölə çıxmaması tövsiyə olunur.
Azər
Baku Post