Bakının mərkəzi ərazilərində ilanlara rast gəlinib. Bu barədə görüntülər sosial mediada yayılıb. Maraqlıdır ki, bir neçə ay əvvəl də paytaxt küçələrində ilana rast gəlinməsi ilə bağlı xəbərlər yayılmışdı. Bəs ilanlar şəhərə necə axın edib?
Bakupost.az xəbər verir ki, AMEA Zoologiya institutunun əməkdaşı, Quru onurğalıları laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov Metbuat.az-a açıqlamasına görə, Bakı şəhərinin mərkəzi hissəsi belə heyvanların mövcudluğu üçün təbii mühit deyil:
“Bura antropogenləşmiş, tamamilə şəhər tipli ərazidir. Belə yerlərdə bəzi xüsusi sürünənlərə, məsələn, ilan və kərtənkələlərə rast gəlinməsi nadir hallarda mümkündür. Xüsusilə ilanlara şəhər mühitində yalnız təsadüfən rast gəlinə bilər. Bu da əsasən müxtəlif vasitələrlə, məsələn, tikinti işləri zamanı baş verir. Tikinti ilə bağlı olaraq, ilanların yaşadığı ətraf ərazilərdən qum, daş, müxtəlif tikinti materialları şəhərə gətirilir. Elə maşınlar olur ki, müəyyən vaxtlarda dənizkənarı ərazilərdə və ya ilanların yaşadığı Qobustan kimi yerlərdə qalır. Belə hallarda ilanlar ya gətirilən yüklərə, ya da maşının müxtəlif hissələrinə dolanır. Nəticədə bu ilanlar nəqliyyat vasitələri ilə birlikdə şəhərə gətirilir və tikinti materialları arasında gizlənmiş halda insanlara rast gələ bilərlər”.