Bakının Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Taxta bazarı”nın köçürülməsi yenidən gündəmə gəlib. Son illər bu bazarda təkrar-təkrar baş verən müxtəlif insidentlər, eləcə də yanğın hadisələri bunu zəruri edir. Nöbvəti belə hadisə də ötən gecə baş verib.
Bakupost.az xatırladır ki, cəmi bir neçə ay əvvəl - bu ilin martında da bazarda güclü yanğın olmuşdu. Xoşbəxtlikdən insan itkisi qeydə alınmamışdı.
Bəs, niyə bu bazarda tez-tez yanğın hadisələri olur və onun köçürülməsini zəruri edən daha hansı səbəblər var?
Əsas səbəblər sırasında burada infrastrukturun köhnə olması, obyektlərin nizamsız yerləşməsi, minimal təhlükəsizlik standartlarına əməl edilməməsi və nəzarətsizlik dayanır.
Ən böyük problemlərdən biri də bazarın yerləşdiyi ərazidə yaranmış xaotik vəziyyətdir. Taxta və digər inşaat məhsulları piyadalar və avtomobillər üçün nəzərdə tutulmuş yolların kənarına qədər yığılır, nəticədə nəqliyyat axını və təhlükəsizlik qaydaları kobud şəkildə pozulur.
Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev
Bakupost.az -a açıqlamasında bildirib ki, bazarın şəhərdən kənara köçürülməsi daha əlverişlidir:
“Dünya təcrübəsinə baxsaq, bazarların, hətta yanacaqdoldurma məntəqələrinin şəhərdən kənarda yerləşdirilməsi üçün çalışılır. Təhlükəsizlik nöqteyi-nəzərindən də bazarın kənarda olması daha məqsədəuyğundur. Məsələn, yanğın olarsa, yanğınsöndürən briqadanın şəhərin tıxacı ilə ora gəlməsi daha çətindir. Lakin şəhərətrafı ərazidə olarsa, belə hallara daha tez reaksiya vermək olar. Həmin ərazidə torpağın qiyməti də yüksəkdir, ona görə yaşayış massivinin tikilməsini daha səmərəli hesab edirəm. Böyük bir bazarın o ərazidə yer tutması uyğun deyil.”
Bu ərazi şəhərsalma baxımından da ciddi narahatlıq doğurur. Dərnəgül qovşağı adlanan bu yer həm də yol şəbəkələrinin kəsişdiyi strateji bir nöqtədir. Burada geniş yolların çəkilməsi, nəqliyyat axınının rahatlaşdırılması, yaşıl parkların salınması və yeni yaşayış komplekslərinin tikintisi nəzərdə tutulur. Lakin bazar bu planların qarşısında ciddi maneə olaraq qalır. Şəhərin mərkəzində geniş bir ərazidə bu cür xaotik və təhlükəli bir obyektin mövcudluğu müasir Bakının konsepsiyasına uyğun gəlmir.
Bütün bu səbəblərdən artıq bir neçə ildir ki, "Taxta bazarı"nın Qaradağ rayonuna köçürülməsi müzakirə olunur. Qaradağ rayonu daha geniş və az sıxlıq olan ərazidir, burada bazarın müasir formada, bütün təhlükəsizlik tələblərinə cavab verən şəraitdə yenidən qurulması mümkündür. Bu həm satıcılar, həm də alıcılar üçün daha rahat və nizamlı bir mühit yaradacaq. Eyni zamanda şəhər mərkəzi də illərdir mövcud olan bir yükdən azad olacaq.
Qaradağa köçürülmə həm də bazarın leqallaşdırılması və nəzarətə götürülməsi deməkdir. Bu gün Dərnəgüldə fəaliyyət göstərən çoxsaylı kiçik sahibkarların fəaliyyətinin bir qismi rəsmi qeydiyyatdan kənardır. Yeni yerdə fəaliyyət göstərmək üçün sahibkarlar vergi qeydiyyatına düşəcək, fəaliyyət şəffaflaşacaq və dövlətə də əlavə gəlir gətirəcək.
Aysel,
BakuPost