Rusiya Prezidenti Vladimir Putin Ukrayna qüvvələrinin bölgədən çıxarılmasından sonra ilk dəfə Kursk bölgəsinə səfər edib.
Bakupost.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, Putin könüllülərlə görüşüb, Kurçatov şəhərində inşası davam edən Kursk AES-2-ni ziyarət edib və yerli rəsmilərlə görüşlər keçirib.
Putin, bölgə sakinlərinə yardım edən könüllülərə “nəcib işlərinə görə” təşəkkür edib. O, Ukraynanın hələ də Rusiya sərhədinə doğru irəliləməyə çalışdığını, həmçinin onların II Dünya Müharibəsi abidələrinə hücum etdiyini bildirib.
“Bu, onların neonasist ideologiyasına sahib olduqlarını göstərir,” – deyə qeyd edib.
Putin, Qərbdə və Ukraynada Rusiya ilə bağlı abidələrin sökülməsinin “tarixi yaddaşı silmək” məqsədi daşıdığını bildirib.
“Bu gün bütün ölkə bir komandadır və biz bütün məqsədlərimizə çatacağıq,” – deyə vurğulayıb.
Qeyd edək ki, Ukrayna ordusu 6 avqust 2024-cü ildə Kursk bölgəsinə hücum edərək 1.400 kvadrat kilometr əraziyə nəzarət etmiş, Rusiya isə aprel sonunda bölgənin tam geri alındığını açıqlamışdı.
Zəhra Məlikova,
BakuPost