Hansı bank etibarlıdır? - SORĞU
Ru
11:18 / 27 May 2024

"Bu qadına qayğı deyil, onu aşağılamaqdır" - Ekspert

3163

“Azərbaycanda aparılan qadın siyasəti onların əmək bazarına daha çox sövq edilməsi, sosial məzuniyyətlərinin azalması, körpələr evinin, bağçaların sayının artmasından ibarətdir. Bütün bunlar ona görədir ki, qadınlar iş yerində, əmək bazarında daha çox olsun və kişilərlə rəqabətdə geri qalmasınlar. Ancaq qadınların işə 1 saat gec gəlməsi, işdən 1 saat tez çıxması ilə bağlı təklifin mahiyyəti onların bütün günü evdə oturması, ev işləri görməsi, həyat yoldaşına qulluq etməsi, işdə az olmasını ehtiva edir. Bu qadına qayğı deyil, onu aşağılamaqdır. Bunun reallaşdırılması mümkün deyil”.




Bu fikirləri Bakupost.az -a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib.

Onun dediyinə görə, sözügedən təkif qanuna ziddir, konstutusiyanın bərabərlik hüququnu pozur:

"Bu qanunun hüquqi əsası yoxdur. O, gender bərabərliyinə ziddir. Bu gün ölkədə gender bərabərliyi məsələsi qaldırılırsa, qadınlarla kişilərin əmək hüquqları arasında fərq olmamalıdır:

“Belə bir qanunun qəbul edilərsə, əmək bazarında qadınlara daha çətin olacaq. İşəgötürənlər buna razı ola bilməz. Onlar belə rejində işləyən qadını işə götürməz. Deyəcəklər ki, qadınların işə 1 saat gec gəlib, işdən isə 1 saat tez çıxması iş tsklini, kollektivdə əmək ritmini pozur və problemlər yaradır. Elə peşələr var ki, həqiqətən də orada qadınların işə 1 saat gec gəlib 1 saat tez getməsi problem yaradacaq. Məlum olduğu kimi, qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı ilə bağlı qərar ləğv edilib. Qərara əsasən, artıq qadağan edilən peşə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq edilir. Bu gün qadınlar buldozer, kran, metro qatarı da sürə bilərlər. Belə işlərdə işləyən qadının işə bir saat gec gəlməsi və ya bir saat tez çıxması mümkün deyil. Hamının öz iş saatı var, kim onları bir saat əvəz edə biləcək?! Məsələn, qadın müəllimdir və məktəbə bir saat gec gəlib. Şagirdlər oturub gözləyəcəklər ki, müəllim hələ işə gəlməyib?”.

Sahib Məmmədov qeyd edib ki, hamilə və 3 yaşadək uşağı olan qadınlara iş saatları ilə bağlı müəyyən güzəştlər tətbiq olunur:

"Bununla yanaşı, qadınların ailə qayğılarını azaltmaq üçün onlara övladlarını ödənişsiz və ya çox kiçik ödənişlərlə uşaq bağçasına qoymaq imkanı yaradılmalıdır”.




İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, belə bir qaydanın tətbiqi xanımların işə cəlb edilməsinə mənfi təsir göstərə bilər:

“Çünki sahibkarlar bu halda qadınları işə götürməyə maraqlı olmayacaq. Bu da əmək bazarında kişilərin daha çox işə cəlb olunmasına səbəb olacaq. Digər tərəfdən, belə bir qanunun qəbul olunması qadınların məvaciblərinin də aşağı düşməsinə səbəb ola bilər”.

Qeyd edək ki, Milli Məclisin son iclasında deputat Tahir Rzayev Əmək Məcəlləsinə ailəli və uşaqlı qadınların işə 1 saat gec gəlib, 1 saat tez getməsi ilə bağlı maddə salınmasını təklif edib.


Sevinc,
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar