Ru
16:23 / 24 İyun 2025

"Bu savaşın qalibi ABŞ-dir" - Politoloq

"Bu savaşın qalibi ABŞ-dir" - Politoloq
Eye

Xəbər verdiyimiz kimi, İsrail və İran arasında atəşkəs əldə olundu. İki həftəyə yaxın davam edən qarşıdurmadan sonra əsas məsələ sülhün davamlılığıdır.

Politoloq Elçin Xalidbəyli Bakupost.az -a açıqlamasında bildirib ki, tərəflər mövcud situasiyadan məmnundurlar. O, sülhün davamlı olacağına inanır:



"İsrail məmnundur ki, İranın vurulması əməliyyatını başladıb, eyni zamanda ABŞ-ı da bu savaşa cəlb edib. İran məmnundur ki, hərbi potensialı tam sıradan çıxarılmayıb, hakimiyyət dəyişdirilməyib, siyasi rejim olduğu kimi saxlanılır. Digər tərəfdən, İrana şərait yaradılıb ki, daxili auditoriya üçün öz nüfuzunu bərpa etsin. ABŞ əvvəlcədən boşaldılmış hərbi bazalara zərbə endirdi. Yəni, hər iki tərəf bu məsələdə razılaşmışdı.

ABŞ da təbii ki, məmnundur. Çünki Pentaqonda hazırlanmış plan əsasında İsrailin İrana qarşı savaşından ABŞ təkbaşına qalib çıxmış oldu. Yəni burada nə İsrail, nə də İran qalib deyil. Burada ABŞ qalib statusunda çıxış edir.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trump üçün olduqca böyük bir PR kampaniyası aparılmış oldu. Həm sülh tərəfdarı, həm də hərbi qələbə qazanan lider kimi bütün dünyaya təqdim olundu. Yəni, dünyaya çox böyük bir şou göstərdilər və bitirdilər".

Politoloq qeyd edib ki, bundan sonra tərəflərin bir-birinə savaş açması üçün elə bir ciddi səbəb yoxdur:

"İsrail savaşa başlayarkən savaşın 14 gün davam edəcəyini bildirmişdi. Bu da onu göstərir ki, İsrailin İranla müharibə üçün 14 günlük bir hərbi potensialı var idi. O potensial da demək olar ki, sona çatmaq üzrə idi. Yəni, İsrailin ABŞ-ın dəstəyi olmadan ümumiyyətlə, savaşı davam etdirmək potensialı mövcud deyildi. Ona görə də İsrail nə edə bilərsə, artıq etmişdi və savaşa davam etmək potensialı tükənmək üzrə idi.

Əslində, İsrail özü də İrana hərbi əməliyyatları dayandırmağı təklif etmişdi. Sadəcə, İran bununla razılaşmadı. Çünki İranda hakimiyyətin nüfuzunu bərpa etmək üçün boş hərbi bazalara zərbə endirilməmişdi.

İndi artıq bu məsələ bitib və ona görə də sülh hər kəs üçün ən sərfəli variantdır".

Aysel, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar