Ru
12:35 / 08 İyul 2023

Çimərliklərdə dözülməz vəziyyət: Ağır xəstəliklər yayıla bilər - Araşdırma

26026
Havaların isti keçməsi insanların çimərliyə axınını sürətləndirib. Ancaq əhalinin sərinləmək üçün üz tutduğu bu məkanların təmizliyi hər il olduğu kimi, bu ildə ürəkaçan vəziyyətdə deyil.


Hətta bəzilərində vəziyyət ötən illərə nisbətən daha da açınacaqlıdır. Paytaxt sakinlərinin ən çox üz tutduğu Buzovna və Şıx çimərliklərində antisanitariya vəziyyəti hökm sürür.

Məlumdur ki, paytaxt və ətraf ərazilərdə bir çox qəsəbələrin bu günə kimi mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Bu səbəbdən də Bakı və Bakıətrafı qəsəbələrdə toplanan çirkab və qrunt suları birbaşa dənizə axıdılır. Bu da Xəzər dənizində ekoloji tarazlığın pozulması ilə yanaşı, yay aylarında çimməyə gələn insanların müxtəlif infeksiyon xəstəliklərə yoluxmasına səbəb olur.

Xəzərin Azərbaycana aid sahil zolağındakı çimərliklərin bəzilərində epidemioloji vəziyyətin tələblərə cavab vermədiyini Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı monitorinqlər də sübut edir. Belə ki, bu günlərdə Mərkəzin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə Bakı və Sumqayıt şəhərlərində, ölkənin Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqat üsulları tətbiq etməklə keçirdiyi monitorinqlərin nəticələri açıqlanıb. Monitoqrinqlər zamanı bəzi çimərliklərin tələblərə cavab vermədiyi müəyyən edilib. Laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.





Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda ölkənin sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərinin qumsallıqlarında monitorinqlər keçirilib. Aparılan monitorinqlər zamanı həmin ərazilərdən götürülən dəniz suyu nümunələrinin laborator təhlillərinə əsasən, dənizin tullantı çirkab suları ilə intensiv çirklənmə hallarının hələ də davam etdiyi və çimərliklərdə dəniz suyunda bakterioloji çirklənmə göstəricilərinin mövcud normativlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.


Z.Kazımov bildirib ki, Səbail rayonunun Şıx, Qaradağın Sahil, Suraxanının Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib:


"Buna baxmayaraq, insanların adıçəkilən çimərlikdə çimməsi müşahidə olunur. Səbail rayonu ərazisində yerləşən Şıx çimərliklərindən bakterioloji çirklənməyə baxmayaraq, əhali çimərliklərdən bu gün də istifadə edir. Qeyd edim ki, bakterioloji çirklənmə olan çimərliklərdə çimmək kəskin mədə-bağırsaq xəstəliklərinə yol aça bilər. Orqanizmin böyük, yaxud kiçik olmasından asılı olmayaraq, bakterioloji çirklənmə aşkarlanan çimərliklərdə çimmək eyni təhlükə yarada bilər. Bakı Şəhər İcra Hakimiyyətinin bu sahədə müvafiq sərəncamı var. Paytaxtın 6 rayonunun inzibati ərazisində çimərliklər fəaliyyət göstərir. Həmin ərazilərin hər biri monitorinqlə əhatə olunub. Dəniz suyunda bakterioloji çirklənmə göstəriciləri mövcud normativlərin tələblərinə cavab verməyən çimərliklərin adları əhaliyə ona görə açıqlanıb ki, insanlar bu çimərliklərdə çimməsinlər".

Z.Kazımovun dediyinə görə, dəniz suyunda bağırsaq çöplərinin çox olmasının səbəbi tullantı sularının təmizlənmədən Xəzərə axıdılmasıdır:

"Həmin ərazidəki yaşayış məntəqələri və dəniz kənarında fəaliyyət göstərən iaşə obyektlərinin tullantıları dənizə axıdılır. Bu da dəniz suyunu çirkləndirir".

Z.Kazımov bildirib ki, çirklənmələrə Xəzərə axıdılan müxtəlif zərərli maddələr, məişət tullantıları və neft qalıqları səbəb olur:

"Ona görə də mütəmadi olaraq çimərliklərdə ekoloji standartlarla bağlı analizlər və monitorinqlər aparılır. Monitorinqin nəticələrinə əsasən, Azərbaycanda Abşeron yarımadasındakı çimərliklərdə baktereoloji çirklənmələr daha çox müşahidə olunub. Ekoloji cəhətdən çirklənmiş çimərliklər isə insan həyatı üçün təhlükəlidir".





Mütəxəsisslər deyir ki, bakterioloji çirklənmə səviyyəsi yüksək olan çimərliklərdə çimmək insan səhhətində ciddi problem yarada bilər. Xəzərə axıdılan çirkab sularında çimən zaman bakteriyalar ağız, burun vasitəsilə mədə-bağırsağa düşür. Nəticədə insanlarda müxtəlf mədə-bağırsaq infeksiyaları, dezenteriya yaradır.


Həkim-infeksionist Şəhla Babayevanın dediyinə görə, dəniz suyunun çirklənməsi əsasən, sudakı patogen bağırsaq çöplərinin olması ilə baş verir. Dənizdə çimdikdə bu törədicilər insan orqanizminə daxil olur və mədə-bağırsaq infeksiyalarının yaranmasına səbəb olur. Bəzi patogen bağırsaq növləri insan orqanizminə düşəndə mədə-bağırsaq pozğunluğu, bağırsaq zədələnəndə isə ishala səbəb olur:


“Kəskin bağırsaq infeksiyası sayılan dizenteriyanın törədiciləri insan orqanizminə natəmiz sudan keçir. Törədicilər bədənə düşdükdən bir müddət sonra insanda hərarət 38-39 dərəcəyədək qalxır, şiddətli intoksikasiya, ümumi süstlük, yorğunluq kimi hallar müşahidə olunur. Dizenteriya törədiciləri sinir və ürək-damar sisteminin normal fəaliyyətinin və maddələr mübadiləsinin də pozulmasına səbəb olur. Bu xəstəliklər nəticəsində orqanizm su itirir və bu da orqanizmdə hipobolemik şokla nəticələnir. Xəstəliyin ən kəskin forması toksinlərin orqan və toxumaları zədələməsidir. Bununla da qara ciyər və dalaqda ciddi dəyişikliklər baş verir və bu, xəstənin ölümü ilə nəticələnir”.



Ş.Babayeva qeyd edib ki, mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkın, mədədə və ya mədə-bağırsaq sistemində əməliyyat etdirən, xora xəstəliyi və ya disbakteriozu olan insanların işerixiyalara - yəni, bağırsaq çöplərinə yoluxma ehtimalı böyükdür:


“Yoluxduqdan təxminən 3-4 gün sonra xəstələrdə xəstəliyin klinik əlamətləri özünü biruzə verir. Qarın nahiyəsində ağrılar, hərarət, ishal müşahidə olunur. İshal isə ağır hallarda gün ərzində 20-30 dəfəyədək müşahidə edilə bilər. İlkin əlamətlər müşahidə edilən andan xəstə vaxt itirmədən həkimə müraciət etməlidir. Çünki ağırlaşma zamanı xəstəliyi müalicə etmək və xəstəni ayağa qaldırmaq bir az çətin olur”.


Çirkab suların axıdıldığı dənizdə çimmək uşaqlar üçün daha təhlükəlidir.




Həkim pediatr Əli Quliyev deyir ki, uşaqları, xüsusən də azyaşlıları çimərliyə apararkən mütləq suyun təmiz olmasına diqqət yetirmək lazımdır. Uşaqların çirkli dəniz suyu udması onlarda ağır xəstəliklərə səbəb olur:



“Uşaq orqanizmi həssas olduğu üçün infeksiyaya daha tez yoluxur və daha tez ağırlaşır. Kanalizasiya sularının axıdıldığı dəniz əsl infeksiya mənbəyidir və uşaqların belə suda çimməsi yolverilməzdir. Çirkli sudakı patogen bağırsaq çöpləri orqanizmə daxil olan zaman mədə-bağırsaq infeksiyaları yarada, orqanizmdə ağır fəsadlara yol aça bilər. Dəniz suyunda bağırsaq törədiciləri – patogen törədicilər olmamalıdır. Əgər bağırsaq çöpləri aşkar edilirsə, həmin çimərliklərdə çimmək məsləhət görülmür. Əks təqdirdə uşaqlarda qulaq, mədə-bağırsaq, göz, sidik yolu və parazitar xəstəliklər baş qaldıra bilər. Yay aylarında uşaqlar arasında mədə-bağırsaq infeksiyalarına yoluxma halları artır. Bu səbəbdən də valideynlər çox diqqətli olmalıdırlar”.




Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun dediyinə görə, Xəzərin sahilində yerləşən bəzi çimərliklərdə antisanitariya vəziyyəti hökm sürür. Bu problem illərdir ki, var:


"Demək olar ki, hər il müvafiq dövlət qurumları əhalini xəbərdar edir ki, bəzi çimərliklərdə vəziyyət yaxşı deyil, suyun çirklənməsi yüksək səviyyədədir. Lakin insanlar bu xəbərdarlıqlara məhəl qoymurlar və çimmək üçün uyğun olmayan çimərliklərə gedirlər. Bu səbəbdən də çirklii dəniz suyunda çimmək insanlarda mədə-bağırsaq xəstəlikləri yaranır. Bu sahədə əhalinin maarifləndirilməsi aşağı səviyyədədir. Maarifləndirmə işlərinin aparılmasına ehtiyac var”.

E.Hüseynov bildirib ki, demək olar ki, Bakı ətrafında təmiz çimərlik yoxdur. Bu səbəbdən də insanlar çimərkən ağız və mədələrinə su getməməsinə xüsusi diqqət etməlidirlər. Eyni zamanda hamı bilməlidir ki, insanlar suda olan bakteriya, mikrob və dəri xəstəliklərinə tutulma hallarından sığortalanmayıb.


Birlik sədrinin sözlərinə görə, bir sıra çimərliklər xüsusi adamlar tərəfindən özəlləşdirilib, hansı ki, onlar hətta o çimərliklərin təmizliyi haqqında düşünmürlər. Demək olar ki, bütün istirahət sahələri birbaşa dənizə çirkab suları axıdır. Nəticədə müxtəlif xəstəliklər yayılır:


“Yerli icra orqanları çimərliklərdəki təmizliyə nəzarət etməlidirlər. Əgər sahili sahibkarlar icarəyə götürüblərsə, onda çimərliyin təmizliyinə də məhz onlar cavabdehdirlər. Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm. Abşeron çimərliklərinin sahil suları həm də istirahətə gələnlər tərəfindən çirkləndirilir. Ərazilərdə böyük həcmdə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə, sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen e.coli bakteriyasının miqdarı normadan artıq müəyyən olunub. Çimərliklərin çirklənməsi məsələsində ən böyük məsuliyyət vətəndaşların üzərinə düşür. Bəzi vətəndaşların bu sahədə mədəniyyəti aşağıdır. Bu, ictimai mədəniyyətə bağlı olan məsələdir. Yəni, ilk növbədə insanların özləri təmizliyə riayət etməlidirlər. Eyni zamanda istehlakçılar bu istiqamətdə aidiyyəti qurumlar və ya ictimai birliklər tərəfindən maarifləndirilməlidir. Çünki oxşar problemə tək pulsuz çimərliklərdə rast gəlinmir. Bəzən pullu çimərliklərin də zibillənməsi müşahidə olunur. İstehlakçı mədəniyyətindən başqa, orada zibilləri yığışdırmaq üçün xidmətçilər də olmalıdır. Çimərliklərdə bəzən zibil atmaq üçün yerlər də təyin olunmur. Yəni, təchizat işləri təmin edilməlidir. Normal çimərliklər olsa, təmizliyə riayət edilsə, sahil zolağı təmizlənsə, əhalinin böyük hissəsinin maddi imkanı çatacaq səviyyədə giriş haqqı qoyulsa, insanlar niyə getməz ki?! Hamı istəyər ki, təmiz, mühafizə edilən çimərlikdə çimsin, təhlükəsizliyi təmin olunsun".


Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün kollektorların olmasa mütləqdir. Müasir tələblərə cavab verən təmizləyici qurğular olmadan çirklənmənin qarşısını almaq mümkün deyil.





"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, bəzi ərazilərdə Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün kollektorlar olmasa da, Bayıldan Lökbatana qədər kollektor inşa edilib. Bu kollektorlar Bayıl, Bibiheybət və Şıxovun tullantı sularını toplayaraq kənarlaşdırır:


“Şıx çimərliyinə əsasən, çirkab suları dənizkənarı istirahət mərkəzləri və iaşə obyektləri tərəfindən atılır. Həmin obyektlər çirkab sular üçün kiçik su təmizləyici kollektorlar inşa etməlidir. Onlara nəzarət "Azərsu" tərəfindən aparılmır. Bəzi ərazidə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu mövcud deyil. Gələcəkdə tullantı sularının Xəzər dənizinə axıdılmasının qarşısını almaq üçün sahil boyunca yeni tullantı təmizləyici boruların tikintisi, eləcə də kanalizasiya sisteminin qurulması nəzərdə tutulub”.


A.Cəbrayıllının dediyinə görə, Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün Novxanı-Sumqayıt-Corat istiqamətində 11 km-ə qədər kollektor inşa edilib. Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər 12 nöqtədən dənizə axıdılan çirkab sular kollektora yönəldilir. Yeni kollektora toplanan tullantı suları elektrik enerjisi sərf edilmədən özuaxımlı rejimdə Sumqayıt çirkab su təmizləyici qurğular kompleksinə nəql olunur. Burada çirkab sular emal olunduqdan sonra Xəzər dənizinə axıdılır. Bununla da Novxanı qəsəbəsinin və bağ massivlərinin, eləcə də ərazidəki istirahət mərkəzlərinin tullantı sularının birbaşa dənizə axıdılmasının qarşısı tam alınır. Pirşağıda tullantı su təmizləyici qurğu da artıq inşa olunub, paralel olaraq daha bir kollektorun tikintisi də nəzərdə tutulur:


“Hazırda paralel olaraq bir kollektorun da tikintisi həyata keçirilir. Orada bir neçə kollektorun tikintisi planlaşdırılır ki, bu da Bakıətrafı 11 qəsəbənin - Maştağadan başlayaraq Novxanıya qədər Məhəmmədi, Digah, Zabrat qəsəbələrində formalaşan tullantı sularını toplayaraq təmizləyici qurğuya yönəldəcək. Bizim plana əsasən, Ələtdə, Səngəçalda, Türkanda yeni qurğuların inşası nəzərdə tutulur. Həmçinin Sahil qəsəbəsində, Lökbatan yaxınlığında da qurğunun tikintisi nəzərdə tutulur. Bunlarla yanaşı Sahil, Hövsan, Şüvəlan və Sumqayıt su təmizləyici qurğuların yenidən qurulması planlaşdıırlır. Bu layihələr Xəzərin ekoloji vəziyyətinin stabilləşməsinə müsbət təsir göstərəcək".


A.Cəbrayıllı bildirib ki, təkcə bulvarda 27 nöqtədə dənizə axıdılan tullantı sularının qarşısı alınıb. Tullantı sularının bir hissəsi Bayıl-Bibiheybət-Lökbatan kollektoruna, digər hissəsi isə Sahil kollektoruna yönəldilib:


“Şabran-Siyəzən ərazisində də təmizləyici qurğular inşa edilib və Xəzər dənizinə çirkli suların axıdılmasının qarşısı alınır”.


A.Cəbrayıllının dediyinə görə, dəniz kənarında fəaliyyət göstərən iaşə obyektlərinin Xəzərə çirkab su axıtmasına nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi aparır. Restoranlarda formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılmasına görə iaşə obyektlərini cərimələmək də nazirliyin səlahiyyətindədir.


Məsələyə münasibət öyrəndiyimizı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, dəniz kənarında fəaliyyət göstərən iaşə obyektlərində mütəmadi monitorinqlər keçirilir. Xəzərin sahilində fəaliyyət göstərən, dənizə tullantı axıdan obyektlər barəsində qanunamüvafiq tədbirlər görülür.





Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın sözlərinə görə, ETSN-nin əsas fəaliyyət istiqamətlərindən biri də Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Xəzər dənizinin və onun ətraf mühitinin əsl sağlamlıq zonasına çevrilməsinə çalışılır:


“Çimərliklərdə əksər hallarda zibillər qalaqlanır. Bunlar olmasın deyə bir-birimizə çimərlik mədəniyyəti aşılamalıyıq ki, təmizlik olsun, dəniz çirklənməsin, dənizin ətraf mühiti zərər görməsin. Yəni, hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır".


İ.İbrahimovanın dediyinə görə, Xəzər dənizi şimaldan cənuba onlarla axar vasitəsilə çirkləndirilir və çirkləndirici subyektlərə qarşı xəbərdarlıqlar, müraciətlər, cərimə və iddialar tətbiq olunur:


“Xəzəri çirkləndirən subyektlərin cavabdehlərini bu barədə yenidən düşünməyə və sağlam qərarları ilə Xəzərimizə öz töhfələrini verməyə çağırırıq. Bir daha muraciət edirik, tullantı sularının dənizə axıdılmasına yol verməyin. Bununla öz yaxınlarınızın səhhətinə təhlükə yaratmış olursuz. Bu bizim ümumi sərvətimizdir, xalqımızın, dövlətimizin sərvətidir. Təkcə Xəzərə yox, çaylara, göllərə də axıdılan çirkab suların qarşısı alınmalı, aidiyyatı təşkilatlar, qurumlar bu işlə daha ciddi məşğul olmalı, işlərinə daha planlı və məsuliyyətlə yanaşmalıdır”.


Sevinc
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər