Ötən gün Sumqayıtda bir ailənin 6 üzvünün dəm qazından zəhərlənməsi ilə bağlı xəbər vermişdik.
Bakupost.az -ın məlumatına görə, ailə başçısı Kamil Cəbrayılov TikTok platformasında canlı yayım açaraq yaşadıqlarını göz yaşı ilə danışıb.
O bildirib ki, hadisədən sonra həm psixoloji, həm də maddi baxımdan ağır vəziyyətə düşüb:
“Xırdalanda kuryer işləyirəm. Zəng gəldi, tələsik yola çıxdım. “Nasosnu”ya çatmamış fikrim dağıldı, qəza etdim, motosikletin iki təkəri partladı. Gördüm ki, təcili yardım keçir, qışqırıb saxlatdım. Baxdım, uşaqlarımın 5-i də yerdə uzanıb. Hazırlaşırdım, əgər ölüblərsə, özümü atım. Mən onları əziyyətlə böyütmüşəm...
İndi təkərlər də partlayıb, işləyə bilmirəm. Gündə heç olmasa 50-60 manat qazancım olurdu, indi o da yoxdur”.
Yayım zamanı çoxuşaqlı ailə olduğu üçün cəmiyyət tərəfindən tez-tez tənqid edildiyini deyən ata, onu qınayanlara da münasibət bildirib:
“Evimizi görürsünüz, necə sakitdir? Çoxu deyirdi ki, bu qədər uşaq nədir? Ağızlarına gələni yazırdılar. Heç kim demirdi ki, 9 uşağın var, maşallah. Hamı deyirdi bu qədər uşağı niyə böyüdürsən, it kimi küçükləmisən.
Uşaqlarımı gözə gətirdilər. İndi ürəyiniz sakit olsun.
Kişinin ağlaması çətin olur, amma vəziyyət budur… Bəzən uşaqların oyuncaqları ilə oynayıram, özümə təsəlli verirəm, öz-özümə danışıram.
Uşaqları müalicə etdirirəm. Vəziyyətim ağırdır. Dua edin. Dərmanları dost-tanışın köməyi ilə alıram. Amma onlar da hara qədər kömək edə bilərlər ki?”.
Lalə,
BakuPost