Ru
11:02 / 01 May 2024

"DİM hər 5-6 ildən bir sualları qəsdən asanlaşdırır" - Ekspertdən ciddi ittihamlar

2545
"Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bir müddət əvvəl keçirilən buraxılış imtahanlarında 53 abituriyentin birinci mərhələdə maksimum, yəni 300 bal toplamaqla ən yüksək nəticə göstərməsi suallar doğurur. Bu il yüksək nəticə göstərənlərdən 40-nın bölgələrdən olması isə ikiqat sual doğurur. Bir müddət təhsildə, xüsusilə də Mikayıl Cabbarov nazir olduğu dövrlərdə bəzi maxinasiyaların, yəni region məktəblərinə uşaqların adlarını yazdırıb, özlərini Bakıda repetitor yanına göndərmək kimi halların qarşını alındı. Təəssüf ki, Mikayıl Cabbarov gedəndən sonra bu məsələ yenidən gündəmə gəldi. İndi biz sanki 2012 -ci ilə qayıtmışıq. Məlumdur ki, hazırda bəzi kənd məktəblərimizdə müəyyən fənlər üzrə müəllim çatışmazlığı mövcuddur. Elə məktəb var ki, orada heç xarici dil müəllimi yoxdur. Amma həmin məktəbin şagirdi xarici dildən maksimum nəticə göstərib. Bu o deməkdir ki, həmin uşaq o məktəbin şagirdi deyil. Sadəcə adı o məktəbdə gedir, özü isə şəhərdə repetitot yanına, hazırlığa gedir".




Bu fikirləri Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov söyləyib.

O bildirib ki, adını rayon, kənd məktəblərinə yazdırıb məktəbə getməyən şagirdlərin sayı çoxdur:

"Bakıdakı hansı məktəb direktoru işində ciddidir, belə hallara imkan vermir. Onda da onu dərhal çıxarıb regionlara göndərirlər. İndi təhsilin mərkəzləşdirilmiş informasiya sistemi var. Sistemdə açıq-aşkar görünür ki, şagird Bakının hansı məktəbindən çıxıb regionun hansı məktəbinə gedir. Bunu gizlətmək olmur. Eyni zamanda hazırlıq kurslarında da elektron sistem var. Bu sistemə görə hazırlıqda olan şagirdlər necə olursa, eyni zamanda ucqar kəndlərdə dərsdə olmuş olur. Belə faktlar çoxdur, gizlətməyə dəyməz".

Ekspert qeyd edib ki, bu kimi hallar əvvəlki illərə nisbətən son zamanlar təhsil sisteminə nəzarətin zəiflədiyini göstərir:

"Bu gün təhsil sistemində kifatət qədər ciddi problemlər var. Bunu təhsili idarəedənlər yaxşı bilir, görür və etiraf da edirlər”.

E.Qafarov vurğulayıb ki, Dövlət İmtahan Mərkəzi bu il buraxılış imtahanlarının suallarını asanlaşdırdı:

"DİM bir daha göstərdi ki, istədiyi il üçün imtahanları asanlaşdırıb çətinləşdirə bilər. Maraqlı sual yaranır, 2025-ci ildə də bu nəticə təkrarlanacaqmı? Yaxud nə baş verdi ki, 2024-cü ilin nəticələri birdən-birə belə yaxşılaşdı? DİM onu əsas gətirir ki, pandemiyadan çıxmışıq, hər şey yaxşıdır. Onda 2025-ci ildə nəticələr bundan yaxşı, 2026 da isə daha yaxşı olmalıdır. Fikrimcə, olmayacaq. Gələn il imtahan sualları çətinləşdiriləcək, nəticələr aşağı düşəcək. Açıq-aşkar görünür ki, DİM hər 5-6 ildən bir buraxılış imtahanlarının suallarını qəsdən asanlaşdırır ki, bunun da nəticəsində abituriyentlərin nəticələri yüksəlir. Növbəti ildə isə suallar çətinləşdirilir, nəticələr aşağı düşür. Bu zaman da cəmiyyətdə belə bir fikir yaranır ki, təhsilin səviyyəsi birdən-birə aşağı düşdü. Bununla da DİM Elm və Təhsil Nazirliyini “vurmuş” olur. Əslində isə təhsil müəssisələrinin nəticələrini manipulyasiya edir”.

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər