Ru
12:10 / 09 Aprel 2026

Dinlərarası həmrəyliyin nümunəsi: Azərbaycan modeli

Dinlərarası həmrəyliyin nümunəsi: Azərbaycan modeli
Eye

Azərbaycanın tolerant ölkə olduğu bütün dünyaya bəllidir. Tolerantlıq özünü dini müstəvidə də göstərir. Ölkəmizdə başqa dinlərə mənsub insanlar da yaşayır. Onların arasında xüsusən də xristianlar seçilir. Hamı kimi, onlar öz dini inanclarını sərbəst və azad şəkildə icra edirlər. Bundan başqa, Azərbaycandakı xristian əhali dini bayramlarını da yüksək səviyyədə qeyd edirlər. Bu istiqamətdə də onlar üçün hərtərəfli şərait yaradılıb.

Azərbaycanda müxtəlif mənbələrə görə, ölkə əhalisinin təxminən 2 faizdən 3,1 faizə qədəri, rəqəmlə təqribən 200000-ə yaxını xristian icmasına mənsubdur. Bu rəqəmə əsasən rus pravoslavları, molokanlar, protestantlar və katoliklər daxildir. Eyni zamanda, ölkəmizdə 30-dan çox qeydiyyatdan keçmiş xristian dini icması fəaliyyət göstərir.

Başa çatmaqda olan həftə bütün Xristian dünyası üçün müqəddəs bir həftədir. İnanclı insanlar İsa Məsihin diriliş bayramını - Pasxanı qeyd edirlər.

Pravoslav xristianlar bu bayramı aprelin 24-də qeyd edir. Katoliklər isə aprelin 17-də.
Bütün dünyada olduğu kimi, Azərbaycanda yaşayan xristianlar da bu müqəddəs bayramı hər il təntənə ilə qeyd edirlər. İsa Allahın peyğəmbəri olaraq müsəlman dünyası üçün də mübarək bir şəxsiyyətdir. Onun adı “Quran”da dəfələrlə anılıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bakupost.az-a bildirib ki, Azərbaycanda tarixən formalaşmış milli-mənəvi kodlarımız müasir ictimai mədəni mühitimizin tolerant olmasının əsas şərtidir:

“Bəlkə də Azərbaycan dünyada bütün 3 səmavi dinlərin hər birini, yəni Xristianlığı, Yəhudiliyi və İslamı dövlət dini səviyyəsində yaşamış yeganə coğrafiyadır. Amma onun daha dərin köklərində tanrıçılıq inam sistemi dayanıb”.

Həmsöhbətimiz qeyd edir ki, dinlərin fəlsəfəsinin Azərbaycan xalqı tərəfindən düzgün mənimsənilməsi, həm də bu tarixi dövriyyəlilik sosial kodlarımızı dözümlü olmağa istiqamətləndirib:

“Nəticədə hazırda Azərbaycanda bəlkə də dünyanın heç bir yerində olmayan multikultural dəyərlər sistemi yaranıb. Ona görə də xalqımız eyni coşqu ilə həm xristian dini bayramlarına xoş münasibət bəsləyir, həm də eyni coşqu və həvəslə İslam dini bayramlarını, əlamətdar günlərini qeyd edirik. Həmçinin, eyni coşqu ilə yəhudi qonşularımızın tədbirlərini xoş qarşılayır, qarşılıqlı şəkildə təbrik ünvanlayırıq. Bu keyfiyyətlərimizə görə əcdadlarımıza və bu günki multikultural siyasəti davam etdirməyimizə imkan verən azərbaycançılıq ideologiyası və mənəvi kodlarımıza borcluyuq”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov da qeyd edir ki, Azərbaycan dünyada tolerantlıq, multikulturalizm baxımından unikal nümunəyə malik bir ölkədir:


“Tarixən ölkəmizdə bütün dinlərin, xalqların nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb. Daima ölkəmizdə bütün dinlərə, onların nümayəndələri və dini bayramlarına tolerant münasibət göstərilib. Onlar hər zaman Azərbaycanda bərabər hüquqlu vətəndaş kimi yaşayıb, fəaliyyət göstərib və ölkəmizin inkişafına töhfə veriblər. Tarix boyu bu ənənələr ölkəmizdə ən yüksək səviyyədə qorunub saxlanılıb”.

Deputatın sözlərinə görə, Azərbaycan dövləti tərəfindən başqa dinlərə məxsus insanların inanclarının təmin edilməsi, o cümlədən dini bayramlarının ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb:

“Bu istiqamətdə hər zaman lazım olan addımlar atılıb, atılır və gələcəkdə də atılacaq”.

C. Məmmədov deyir ki, Azərbaycanda bütün dinlərin nümayəndələri özlərinin dini və başqa bayramlarını da ən yüksək səviyyədə, bilavasitə dövlətimizin diqqət və qayğısı ilə qeyd edir:

“Ölkəmizdə xristian və yəhudi dinlərinə aid bayramlar da ən unikal formada qeyd olunur. Ən önəmli məsələlərdən biri də odur ki, bu bayramlarda müsəlman əhalimiz də iştirak edir, öz həmrəyliyini, sevgisini, məhəbbətlərini bildirirlər. Belə yanaşma tərzi çox önəmli olmaqla yanaşı, həm də dövlətçiliyə mühüm töhfə verən bir məsələdir”.

Müsahibimizin fikrincə, Azərbaycanın tolerant yanaşma tərzi sərgiləməsi həm də dövlətimizin güclü olduğuna işarədir:

“Bu baxımdan ölkəmiz dünyada tarixi ənənə, təcrübə və atılan addımlar baxımından unikal nümunəyə malik bir ölkə kimi qiymətləndirilir. Ümumi proseslər və görülən işlərə baxanda da görürük ki, burada dövlətimizin iradəsi, konkret hədəf və planları var. Bu plan və hədəflər də ona hesablanıb ki, Azərbaycanda bütün dinlərin nümayəndələri azad və sərbəst şəkildə yaşamaqla yanaşı, özlərinin müxtəlif səpkili bayramlarını da yüksək çoşqu ilə qeyd edə bilsinlər. Bu mənada belə addım və fəaliyyətlər, görülən işlər xüsusi önəm və əhəmiyyət daşıyır. Bu həm də dövlətimizin gücünün göstəricisidir”.

Rüfət Sultan, BakuPost

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar