Ru
11:58 / 16 May 2022

“Distant təhsil qiyabidən daha üstündür” - Ekspert

2467
Bu günlərdə təhsil naziri Emin Əmrullayev Azərbaycanda distant təhsil formasının tətbiqi istiqamətində işlər görüldüyünü bildirib.


Nazir vurğulayıb ki, distant təhsilin bu və ya digər şəkildə tanınması üçün zəruri şərt həmin proqramın akkreditasiya olunmasıdır:


"Azərbaycanda hazırda keyfiyyət təminatı almış distant tədris proqramı yoxdur. Bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə işlər görülür. Distant təhsil tədrisin yalnız formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir. Yəqin ki, zamanla bu istiqamətdə təhsil sistemi olaraq irəliyə doğru gedəcəyik. Amma heç bir formatda distant təhsilin diplom paylanılması və ya qeyri-qanuni diplom alınmasına çevrilməsini istəmirik. Əgər bunu edəcəyiksə, dünya miqyasında qəbul olunmuş standartlar çərçivəsində etməyi düşünürük".


Mövzuya münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Bakupost.az -a açıqlamasında deyib ki, bu gün Azərbaycanda distant təhsilin tətbiqinə böyük ehtiyac var:


“Bu gün dünyanın bir çox inkişaf etmiş ölkələrinin universitetlərində distant təhsil tətbiq olunur. Azərbaycandan xaricə gedən gənclər arasında distant təhsil alan kifayət qədər tələbələrimiz var. Ancaq bizdə nədənsə distant təhsilin tətbiqi məsələsi gecikir. Pandemiya dövründə distant təhsilin tətbiqi ilə bağlı bir sıra çətinliklər yaşadıq. Çünki ölkənin təhsil sistemi buna hazır deyildi. Ən böyük çətinliklərlə isə universitetlər üzləşdilər. Yalnız müəyyən universitetlər var idi ki, onlarda distant təhsil ənənəsi mövcud idi və bir baza var idi. Ancaq onlar bu işin öhdəsindən gələ bilirlər. Bütün bunlar onu deməyə əsas verir ki, distant təhsil mütləq ölkəmizdə yaradılmalıdır. Bu istiqamətdə təhsil alanların diplomları da tanınmalıdır”.

Elçin Əfəndinin dediyinə görə, distant təhsildən bir çox vətəndaşlarımız yararlana bilər: “Distant təhsil qiyabidən daha üstündür. Bu səbəbdən magistratura səviyyəsini daha çox bu formada təşkil etmək lazımdır. Magistratura üzrə oxumaq istəyən şəxslər, əsasən, əmək fəaliyyəti ilə məşğul olurlar. Onlar üçün ən uyğun təhsil forması qiyabi formadır. Amma distant təhsil qiyabidən daha çox sərfəli və səmərəli təhsil formasıdır. Düşünürəm ki, ümumiyyətlə, bu formanı təsdiq etmək və magistratura təhsilini yalnız əyani deyil, daha çox distant formada təşkil etmək lazımdır. Belə olan halda maraq da artar və insanlar üçün də əlçatan olar. Təbii ki, əgər biz distant təhsili yaradırıqsa, o zaman mütləq güclü nəzarət mexanizmi yaradılmaldır. O baxımdan ki şəffaflıq təmin olunsun. Bunun üçün mütləq bir nəzarət tətbiq olunmaldıır ki, hər şəxs diplomun tanınması ilə bağlı saxtalığa əl atmasın. Düşünürəm ki, ölkəmizdə bunu tətbiq etməyimiz vacibdir, hətta deyərdim ki, biz gecikmişik”.


Sevinc
BakuPost

Şərhlər
  • Kəmalə zakirova

    Xahiş edirəm tezliklə yaransın distant təhsil bu çox vacibdir

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər