“İndiki halda Azərbaycanla Ermənistan arasında gedən danışıqların əsas mövzularından biri qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması məsələsidir. Çünki hələ də iki ölkə arasında sərhəd müəyyən edilməyib”.
Bunu
Bakupost.az -a politoloq Tofiq Zülfüqarov bildirib.
O bildirib ki, Ermənistanın öz ərazi bütövlüyünü hansı şəkildə təsəvvür etməsi hələ aydınlaşmayıb. Azərbaycan isə bu məsələdə birmənalı mövqeyə malikdir:
"Ərazi bütövlüyü o zaman qəbul edilir ki, həmin dövlət öz qonşuları ilə sərhəd barəsində sazişlər bağlamış olur. Bu da beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir. Uzun müddət Ermənistan keçmiş Dağlıq Qarabağı öz ərazisi kimi təqdim edib. Eyni zamanda Hindistanla Çin arasında da belə problemlər var. Azərbaycanla Ermənistan arasında hələ də sərhədlər müəyyən edilmədiyinə görə, kənardan bu mövzuya aid verilən açıqlamalar məntiqdən uzaqdır. Sözsüz ki, bu halda Ermənistanın ərazi bütövlüyü anlayışından da danışmaq olmaz. Hələ də Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var və keçmiş Dağlıq Qarabağı özlərinə aid edirlər. Bu halda İran tərəfinin Ermənistanın ərazi bütövlüyü ilə bağlı iddiaları başadüşülən deyil”.
Sevinc,
BakuPost