Ru
16:35 / 14 Noyabr 2022

Ərzaq bazarının bahalaşmadan qorunması tədbirləri gələn il də davam etməlidir

3418
Qlobal iqtisadiyyatda baş verən proseslər ərzaq bazarında yenidən bahalaşma dalğasının başlanması təhlükəsini artırır. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının məlumatına əsasən oktyabr ayında qlobal ərzaq qiymətləri cüzi ucuzlaşıb. Bu zaman əsas ərzaq məhsulu olan dənli bitkilərin qiymətində ciddi bahalaşma qeydə alınıb. Belə ki, bu məhsullar ötən ay 3 faiz bahalaşıb. Yemlik dənli bitkilərin qiymətində - 3,5 faiz, buğdanın qiymətində isə 3,2 faiz qiymət artımı baş verib. Qarğıdalı isə daha çox bahalaşıb. Taxıl qiymətlərindəki artımın əsas səbəbi ABŞ-da və Avropa İttifaqında qeyri-əlverişli hava şəraiti üzündən məhsuldarlığın aşağı düşməsi, eyni səbəbdən Argentinada səpin prosesində problemlərin yaranması, həmçinin Ukrayna məhsullarının dünya bazarına çıxarıldığı “Taxıl dəhlizi”nin taleyinin sual altında olmasıdır. Artıq Rusiya bir dəfə dəhlizin qapanmasına nail olub. Noyabrın 22-də dəhlizlə bağlı İstanbul razılaşmasının müddəti noyabrın 22-də bitir, hələ də onun uzadılmasına dair Rusiya tərəfindən hər hansı ümidverici açıqlama verilməyib.

Qlobal ərzaq bazarı üçün əsas təhdidlərdən biri də Rusiya neftinə qiymət məhdudiyyətinin tətbiq olunmasından sonra bu ölkənin neft ixracını kəskin azaltması nəticəsində enerji qiymətlərinin daha da artmasıdır. Yüksək enerji qiymətləri hazırda ABŞ və Avropa İttifaqı ölkələrinin üzləşdiyi sürətli inflyasiyanın əsas təkanverici amili hesab olunur. Neft bazarında təklifin azalması fonunda qiymətlərin 120-130 dollara qədər qalxacağı ehtimal olunur ki, bu da iqtisadiyyatın bütün sahələrində qiymət artımına gətirib çıxaracaq. Belə ki, istehsal, emal sənayeləri, daşımaçılıq birbaşa enerjitutumlu sahələr olmaqla dünya enerji qiymətlərinə ciddi şəkildə bağlıdır. Enerji qiymətlərindəki dəyişiklik bu sahələrə ciddi təsir etməklə son məhsulun dəyərində əks olunur.

Azərbaycanda da sentyabr ayından etibarən inflyasiya proseslərinin sürətlənməsi qeydə alınmaqdadır. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən sentyabrda aylıq inflyasiya 3.1 faiz olmaqla son 80 ayın ən yüksək səviyyəsinə çatıb. İllik inflyasiya 2022-ci ilin sentyabrında 15.6 faiz, orta illik inflyasiya isə 13.4 faiz təşkil edib. Baza inflyasiya isə illik 14.2 faiz, orta illik 10.7 faiz olub.

Ölkəmizdə inflyasiyaya ən böyük təsir göstərən amil xarici bazarlardakı proseslər hesab olunur. Bunu Azərbaycan Mərkəzi Bankının açıqlamasından da görmək mümkündür. Mərkəzi Bank uçot dərəcəsinə dair qərarını açıqlayarkən bəyan edib ki, ölkə daxilində istehlak qiymətləri indeksinə ən böyük təsir xarici mənşəlidir. Qurum qeyd edir ki, əksər ölkələrdə olduğu kimi Azərbaycanda da inflyasiya təzyiqləri qalmaqdadır: “Təhlillərə görə faktiki inflyasiya əsas ticarət tərəfdaşlarındakı inflyasiya proseslərindən və xarici mənşəli xərc amillərindən təsirlənir. Qeyd olunan təklif amillərinin yüksək qalıcılığını və tələb amilinin qismən aktivləşmə riskini nəzərə alaraq cari ilin sonuna inflyasiya proqnozu yüksəldilib”.

Mərkəzi Bankın qənaətinə əsasən Azərbaycanda illik inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. Belə ki, sentyabrda illik inflyasiyaya ərzaq məhsulları 9.4 faiz bəndi, qeyri-ərzaq məhsulları 2.5 faiz bəndi, xidmətlər isə 3.7 faiz bəndi artım təsiri göstərib: “Aparılan təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında əsasən xarici mənşəli xərc amillərinin mühüm rol oynadığını göstərir. Bu amillər daxili istehsal xərclərinə də təsir edir”.

Məlumat üçün qeyd edək ki, sentyabr ayında ərzaq məhsulları üzrə inflyasiya ötən ilin eyni ayı ilə müqayisədə 22,5 faiz, bu ilin yanvar-sentyabrında isə ötən ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz təşkil edib.

İnkişaf etmiş ölkələrin bir çoxunda hökumətlər yüksək enerji qiymətləri və inflyasiyanın yaratdığı əlavə xərclərin bir qismini qarşılamaq üçün ailə təsərrüfatlarına yardım ayırırlar. Almaniya, Fransa, İtaliya və digər ölkələr bu yolla vətəndaşlarını inflyasiya və artan enerji qiymətlərindən qorumağa çalışırlar.

Azərbaycanda dövlət qlobal ərzaq bazarındakı bahalaşmanın ölkənin istehlak bazarına təsirini yumşaltmaq, inflyasiyanın sürətini azaltmaq üçün bir sıra mühüm addımlar atıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə bir sıra məhsulların ixracı qadağaın olunub. Bundan əlavə, ölkədə zəruri ərzaq ehtiyatının yaradılması üçün idxalçı və istehsalçı şirkətlərə subsidiya ayrılıb.

Qeyd edək ki, Azərbaycanın quşçuluq və heyvandarlıq sahəsində yerli istehsalın qlobal bazarlardan qaynaqlanan bahalaşmadan qorunması, bunula da ölkə daxilində qiymətlərin artmasının qarşısının alınması üçün də cari il ərzində bir sıra mühüm addımlar atılıb. Belə ki, 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərar ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin 30 iyun tarixli “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasən isə 72 növdə yem və yem əlavələrinin satışı Əlavə Dəyər Vergisindən azad olunub.

Daha sonra Azərbaycan Prezidenti, cənab İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb. Bu Fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarıın idxalı da ƏDV-dən azad edilib.

Bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir. Hazırda yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir.

Məlumat üçün qeyd edək ki, Cənab Prezidentin Fərmanına əsasən yemlərin idxalının ƏDV-dən azad olunması müddəti 1 yanvar 2023-cü ilə qədər, yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddəti isə 31 dekabr 2022-ci il tarixədək müəyyən edilib. Yuxarıda da qeyd etdiyimiz kimi, hazırda qlobal ərzaq bazarlarında, xüsusilə kənd təsərrüfatı məhsulları ilə bağlı gedən proseslər bahalaşma risklərinin yenidən artmasını şərtləndirir. Belə şəraitdə 2023-cü ilin 1 yanvarından yem əlavələri və yem məhsullarının idxalı yenidən ƏDV-yə və rüsuma cəlb olunarsa, bu, Azərbaycanın quşçuluq təsərrüfatlarının xərclərinin artmasına gətirib çıxaracaq.

Bütün qeyd olunanları nəzərə alaraq qlobal bazar şərtlərini, risklərin artmasını nəzərə alaraq yem və yem əlavələrinin idxalı və satışına münasibətdə tətbiq olunan vergi və rüsum güzəştlərinin müddətinin 5 il uzadılmasını məqsədəmüvafiq hesab edirik. Bu, ölkənin əsas ərzaq məhsulları ilə yerli istehsal hesabına təmin olunması prosesini sürətləndirər. Belə ki, əsas yem əlavələri və yem məhsullarının idxalda rüsum və ƏDV-dən azad olunması daxildə rəqabətədavamlı məhsul istehsalında səmərəliliyi artıracaq, sahibkarları istehsalı artırmağa, təsərrüfatları genişləndirməyə stimullaşdıracaq.

Mürvət HƏSƏNLİ,

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər