Ru
16:55 / 05 Oktyabr 2026

Gəlini də süni intellektlə çıxaracağıq? — Toy tutulan toylarımız - VİDEO

Gəlini də süni intellektlə çıxaracağıq? — Toy tutulan toylarımız - VİDEO
Eye

Bizim yeniyetməliyimizin toyları "iyonika" zamanına düşdü. Bizdən əvvəlki nəslin gördüyü "zurna, balaban və nağara" üçlüyünün toylarını demək olar ki, görmədik. Cəmi bircə dəfə, "bayram toyunda", deyəsən, Şemil əmioğlu gedib hardanasa tapıb gətirmişdi. Onda Novruz bayramında iki, bəzən hətta üç gün toy çaldırmaq dəbi vardı, kəndin meydanında. (Bu toylar ayrı bir mövzudu, qismət olsun bir dəfə yada salarıq)

Novruz toyunu zurna-nağara ilə etdilər. Məktəbdə oxuyurduq hələ, çox gənc, hətta uşaq idik. Di gəl onda da heç kəs oynamadı ki, o toyda. İnsanların musiqi zövqü dəyişmişdi. Nəsillər dəyişmişdi. "Zurna-nağara" nəsli yaşlanmışdı, oynamırdı. Meydan "dinamikli, iyonikalı, klarnetli" nəslin idi. Bir sözlə, oynayası olan nəsilin toyuna, əvvəlki nəslin çalanlarını gətirmişdilər. Eləcə zurnaçı zurnasını üflədi, nağaraçı əlindəki uzun çubuqlarla nağarasını vurdu, balaban da züy tutdu...

Yox, əstağfurullah. Oynayan oldu. Bizdən bir sinif yuxarı oxuyan, rəhmətlik Hicran düşüb yaxşıca sındırdı zurna sədalarına. Xeyli oynadı həm də. Nəsə qəribə bir mahnı idi, nəsə qəribə bir oynamaq oynayırdı rəhmətlik Hicran. Rəqsini bitirib çıxıb oturanda kəndin ən hörmətli adamına dönmüşdü sanki, hamımız başına yığışırdıq. Bizim nəsildən olub, köhnə nəslin havasına oynamışdı axı. Hər adamın işi deyil e...

Sonra "iyonika" bir az da böyüdü, sintezator oldu. Biz artıq gənc olanda kənd toylarına təzə sintezatorlar gətirirdilər, bir çox musiqi alətinin səsini çıxarırdı. Toyçu dəstələrindən çalanlar bir- bir azalırdı. Əvvəlcə dedilər sintezator varsa, ta qarmon nəyə lazımdı? Dedilər və qarmon getdi işinə. Sonra dedilər sintezator gitaranın səsini gitaradan da yaxşı çıxarır, kimin nəyinə lazım gitara çalan? Beləcə, "gitarist"lər də ixtisara düşdü. Sonra dedilər ta klarnet nəyə lazımdı axı, sintezator var da...

İllər sonra, qardaşımın toyunda Ordubadın gözəl sənətkarlarından Rəhman müəllim qarmonda "Uzundərə"ni ifa edəndə bütün toyxana sanki illərin acıymış kimi diqqət kəsilmişdi. Heç kəsin ağlına da gəlmirdi qalxıb oynasın, eləcə qarmon dillərinin çıxardığı bu gözəl, əsrarəngiz səsdən hamı həzz alırdı. Ən yaşlısından, ən cavanına kimi. Mən o anda anladım ki, sintezator əslində heç bir aləti əvəz edə bilmirmiş, sadəcə biz işimizi asanlaşdırmaq üçün, bir də "yenilik" naminə elə düşünürmüşük. Bir də nə bilim, başqa nəyə və nələrə görə...

Zamanla "yenilik" sintezatoru da taxdan saldı. İndi şəhər toylarında bir "minusovka", bir dənə də mini geyimli müğənni xanım bəs edirdi. Kənd toylarında, şənliklərdə isə heç müğənniyə də ehtiyac yox idi, "bir fləşka, iki dinamik" bəs idi. Azca keçmədi ki, "fləşka" da tarixin arxivinə qoşuldu, indi internetdən mahnını qoyub, dinamiklərə vermək kifayət edir...

Fikirləşirdik ki, ta bu qədər inkişaf bir ömrə bəsdir. Bəs deyilmiş sən demə. Rəhmətlik Hicranın kənddə, bayram toyunda zurna-nağaraya oynamağından özünü öldürsə, 35 il keçib. Və indi musiqiçiləri də, müğənnini də süni intellekt əvəz edir. İnternet süni intellektin bəstələdiyi musiqilərlə, süni intellektin oxuduğu mahnılarla dolub-daşır. İş o yerə çatıb ki, kifayət qədər elmə, savada malik, ziyalı insanlar belə bəzən səsin həqiqi yoxsa Sİ olduğunu ayırd edə bilmir.
Keçən gün gözəl musiqi, şeir duyumu olan dostlarımdan biri "yutub"dan bir mahnı göndərmişdi. Deyirdi ki, "bu oxuyan kimdirsə, çox yaxşı səsi var. Amma nəsə çatmır e. Nəsə çatmır, amma hələ tam tuta bilməmişəm..." Bildim ki süni intellektin tələsinə düşüb. Açdım mahnını, dinlədim. düz deyirdi, "nəsə" çatmırdı. O "nəsə" nin nə olduğunu məncə, yuxarıda yazdıqlarım izah edir.

Bu gün səhər də hörmətli Rəşad Məcidin "gülü burnunda" “Tik-tok” səhifəsində bir paylaşım gördüm. Bir "müğənni"ni paylaşıb, ifasını, səsini, tərzini xeyli tərifləyib soruşurdu ki, görəsən bu müğənni həqiqətən var, yoxsa süni intellektdi? Müəllim əlavə edirdi ki, "bu da süni intellektdirsə, onda həqiqətən də indən belə müğənnilərimizin işi çətindir..."

Bu doğrudan da "yenilik və köhnəlik", inkişaf-zad söhbətidirsə, məni geridəqalmış saya bilərsiniz, incimirəm. Ölkənin istənilən bir tərəfində, istənilən bir rayonda ucqar bir kənd evindən və ya şəhərin tam göbəyindəki yeni tikilinin ən hündür mərtəbəsindən evdən çıxarılan gəlin üçün dinamiksiz, “aparatura”sız, eləcə çılpaq klarnet, qarmon və nağaranın ifasında, çalınan VAĞZALIdan gözəl, təbii musiqi görməmişəm, eşitməmişəm, duymamışam. O sədadan daha çox həm beyinə, həm ürəyə, həm də cismə eyni anda nüfuz edə biləcək başqa bir musiqi olacağına inanmıram. Bəli, mən bu məsələdə köhnəlik tərəfdarıyam. Lap belə geridəqalmışın yekəsiyəm...

Amma indi bunları yaza-yaza da qorxuram ki, yaxın vaxtlarda gəlini də evdən süni intellektlə çıxarcaqlar. Hətta ola bilər "gəlin çıxarma" adəti ümumiyyətlə ləğv edilə, əvəzində süni intellektlə evdən çıxma səhnəsi canlandırıla. Baxma da, inkişaf, yenilik ayrı şeydi...


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar