Ru
14:41 / 09 Mart 2023

"Gürcü müxalifətinin bu qələbəsi hələ hər şey demək deyil" - Azər Qasımlı

1544
Martın 7-də Gürcüstan parlamenti “xarici agentlər"lə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu addım ölkədə genişmiqyaslı etiraz aksiyalarına səbəb olub.

Nəticədə Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası “xarici agentlər” barədə qanunu parlementdən geri götürməyə məcbur olub.



Gürcüstanda baş verənləri Bakupost.az -a şərh edən siyasi ekspert Azər Qasımlı bildirib ki, bu dəfə Gürcüstandakı prosesdə müxalifət və cəmiyyət qalib gəlib.

O bildirib ki, "xarici agentlər"lə bağlı oxşar qanun Rusiyada qəbul olunub:

"Eyni qanunu Gürcüstanda da qəbul etmək istədilər. Bunu Gürcüstanın Avropa Birliyində öz üzərinə götürdüyü öhdəliklərdən geri çəkilmək kimi dəyərləndirmək olar. Ona görə mitinqlərdə məhz Avropaya inteqrasiya və Avropa Birliyinin maraqları məsələsi qaldırılırdı. Bu, Gürcüstanı Avropaya inteqrasiya yolundan uzaqlaşdırıb yenidən avtoritarlaşdırmaq cəhdi kimi qəbul etmək olar. Təbii ki, qeyri-hökumət təşkilatları, ümumən, Gürcüstan cəmiyyəti bunu əleyhinə çıxaraq aksiya keçirdi. Bu gün isə artıq “Gürcü arzusu” partiyası həmin qanunu geri çəkdi. Yəni müxalifət və cəmiyyət qalib gəldi".
Azər Qasımlı qeyd edir ki, baş verənlərdən sonra Avropa Birliyi Gürcüstan hökumətinə qarşı tələb və təzyiqlərini daha da artıracaq:

“Hakimiyyət təzyiqlər nəticəsində geri addım atdı. Bəs, müxalifət geri çəkiləcək, ya daha irəliyə gedəcək? Əgər geri çəkilsə, hakimiyyət müəyyən vaxtdan sonra yenidən həmin qanun layihəsini parlamentə göndərə bilər. Sadəcə zamanı gözləyir. İnsanlar baş verənləri unudandan sonra mövcud hakimiyyət repressiyalara keçə bilər. Meydanda kimlər aktivlik edib, mitinqlərdə kim hansı rolu oynayıb, onları bir-bir müəyyən edib cəzalandıracaqlar. Bunun olmaması üçün Gürcüstan cəmiyyəti və QHT-lər ayıq olmalıdır. Bu prosesdə qalib gəlmələri hələ hər şey demək deyil. Əskinə daha da irəliyə gedib hakimiyyətdən daha çox tələb etmək lazımdır. Əgər bunu səmərəli və effektiv şəkildə həyata keçirsələr, onda artıq seçkilərə qədər Gürcüstanda vəziyyəti dəyişə bilərlər. Amma hazırda Gürcüstanda hər hansı inqilab tipli hadisə gözləmirəm. Təbii ki, burada xarici faktorlar da var. Təbbi ki, Avropa Birliyi bundan sonra Gürcüstan hökuməti və müxalifətlə kommunikasiyaları intensivləşdirəcək"”.

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər