Xəbər verdiyimiz kimi, Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov Ucar Rayon Mərkəzi Xəstəxanasında həkim səhlənkarlığı səbəbindən “tükdönməsi” əməliyyatından sonra komaya düşüb.
Daha sonra xəstə Abşeron Rayon Mərkəzi Xəstəxanasına köçürülüb. Burada göstərilən səylər nəticəsində qazimizin vəziyyətində az da olsa, stabillik əldə edilib. Həkimlər bildirirlər ki, onun yaşaması və tam sağalması üçün xüsusi müalicə və uzunmüddətli reabilitasiya zəruridir.
Bu məqsədlə dünən axşam saatlarında Sübhan Hüseynov Əmək və Müharibə Veteranlarının Respublika Xəstəxanasına yönləndirilib. Lakin bu tibb müəssisəsi qazimizi qəbul etməkdən imtina edib. Səbəb kimi onlara köçürülmə barədə məlumatın daxil olmadığı bildirilib.
Sübhan Hüseynovun qardaşının
Bakupost.az -a bildirdiyinə görə, qazinin həyatı üçün vacib olan müalicə prosesi ləngiyir, onu qəbul edən yoxdur:
“Əmək və Müharibə Veteranlarının Respublika Xəstəxanası deyir ki, bizdə bu xəstəyə baxmaq üçün heç bir şərait yoxdur. Ümumiyyətlə, xəstəni qəbul edə bilmirik. Biz müşahidə etdik ki, həmin xəstəxana 60-80 yaş aralığında insanların sanatoriya kimi qalıb müalicə aldığı bir yerdir. Çarəsiz vəziyyətdəyik, xəstə yollarda qalıb, vəziyyəti daha da pisləşir. Məcbur olub onu yenidən Abşeron Rayon Mərkəzi Xəstəxanasına qaytardıq. Sağ olsunlar, bizi qəbul elədilər, xəstəmizi reanimasiya şöbəsinə yerləşdirdilər. Məsələnin bu yerə gəlib çatmasında Abşeron Rayon Mərkəzi Xəstəxanasının heç bir səhvi yoxdur. Bundan sonrakı müalicə Abşeron Rayon Mərkəzi Xəstəxanasında davam etdirilə bilməz, xəstə köçürülməlidir. İndi bilmirik hara müraciət edək ki, əldə olunan nəticə yarımçıq qalmasın. Hələ də yekun nəticə yoxdur".
Aysel,
BakuPost