Sosial şəbəkələrdə heyvana qarşı işgəncə edən azyaşlının görüntüləri geniş müzakirələrə səbəb olub. Bakupost.az xəbər verir ki, yayılan videoda uşağın pişiyə yumruq və ayaqqabı ilə zərbələr endirdiyi, ona əziyyət verdiyi əks olunub.
Minlərlə istifadəçi hadisəyə sərt reaksiya verərək bu cür aqressiv davranışların formalaşmasında valideynlərin rolunun böyük olduğunu bildirib və onları kəskin tənqid edib.
Hadisə bir sıra vacib sualları da gündəmə gətirir: uşaqlarda aqressiya necə formalaşır? Valideynlərin fərqinə varmadan etdiyi hansı davranışlar uşaqlarda şiddət meyilliliyinə səbəb olur?
Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən psixoloq Əyyub Nağıyev bildirib ki, aqressiya digər duyğulardan fərqli olaraq birbaşa yaranmır və onun arxasında müxtəlif səbəblər dayanır: “Uşaq bəzən qorxu səbəbindən aqressiv davranır. Əgər ailədə valideynlər arasında mütəmadi münaqişələr yaşanırsa, bir müddət sonra uşağın təhlükəsizlik hissi pozulur, onda qorxu yaranır və bu hissin öhdəsindən gəlmək üçün aqressiya ortaya çıxır.
Bundan əlavə, uşaqlar bəzən sevgi, diqqət və qayğıdan məhrum qalırlar. Halbuki bunlar uşaq üçün əsas ehtiyaclardır. Bu ehtiyaclar ödənmədikdə, uşaq özü də fərqinə varmadan aqressivləşir”.
Psixoloqun sözlərinə görə, aqressiyanın səbəblərindən biri də uşağın sosial mühitdə uyğunlaşa bilməməsidir:
“Uşaq bağçada və ya məktəbdə sağlam münasibətlər qura bilmirsə, sosiallaşmaqda çətinlik çəkirsə, bu da onun aqressiv davranışlarına səbəb ola bilər.
Digər tərəfdən, evdə davamlı psixoloji təzyiq də mühüm amildir. Uşağa tez-tez ‘sən düzəlməyəcəksən’ kimi ifadələr demək, onu başqaları ilə müqayisə etmək onun özünü dəyərsiz hiss etməsinə və nəticədə aqressivləşməsinə gətirib çıxarır”.
Ekspert əlavə edib ki, problemin kökündə bəzən valideynlərin öz psixoloji vəziyyəti dayanır:
“Valideynin aqressiv davranışı, yanlış inancları və ya ağır ailə mühitində böyüməsi uşağa birbaşa təsir edir. Bu zaman uşaqda günahkarlıq və utanc hissi formalaşır və o, bu hisslərin öhdəsindən gəlmək üçün aqressiya nümayiş etdirir”.
Beləliklə, mütəxəssislər hesab edir ki, uşaqlarda zorakı davranışların qarşısını almaq üçün ilk növbədə ailədaxili mühit sağlamlaşdırılmalı və uşağın emosional ehtiyacları diqqətdə saxlanılmalıdır.
Lalə, Bakupost.az