Ru
14:38 / 05 Avqust 2023

İfadə azadlığı adı altında islamofobiya: Avropada “Quran”ı niyə yandırırlar?

21652

İfadə azadlığı adı altında islamofobiya: Avropada “Quran”ı niyə yandırXəbər verdiyimiz kimi, bu günlərdə Danimarkanın paytaxtı Kopenhagendə Türkiyə səfirliyi önündə müqəddəs “Qurani-Kərim” yandırılıb. Bu çirkin islamofob “aksiya” anti-islamçı və ultramillətçi “Danske Patrioter” (“Danimarka patriotları”) qruplaşması tərəfindən həyata keçirilib. Həmin təxribatçılar səfirlik önündə İslam dinini təhqir edən şüarlar da səsləndiriblər. Təxribat polislərin müşahidə və mühafizəsi altında reallaşıb.



Bu, Avropada İslam simvollarına qarşı yönəlmiş ilk hal deyil. Son dövrlər Avropada – İsveç və Danimarkada həyasızlığın pik həddi yaşanmaqdadır – ard-arda müsəlmanların müqəddəs kitabı yandırılır. Bütün bunlar isə hökumətin icazəsi, hüquq-mühafizə orqanlarının mühafizəsi altında həyata keçirilir və həmin canilərə qarşı heç bir tədbir görülmür.


Avropada islamofobiyanın artmasını müxtəlif rəsmi şəxslər ifadə azadlığı kimi təqdim edirlər. Konkret olaraq NATO Baş katibi Yens Stoltenberq "Quran"ın yandırılması aksiyasını ifadə azadlığı adlandırıb.
“Qurani-Kərm”in yandırılması təkcə islam dünyasının heysiyyatıyla oynamaq deyil, həm də digər dindən olan insanları birbaşa təxribata təşviq etməkdir.


Özünü demokratiya carçısı, “söz azadlığı”nın beşiyi kimi qələmə verən bəzi Avropa ölkələrində belə hadisələrin baş verməsi, üstəlik, bilavasitə dövlət qurumları tərəfindən buna şərait yaradılması insanların inanc, əqidə və ləyaqətinə qarşı törədilən mənəvi cinayətdir.




Prezident İlham Əliyev bildirib ki, Quranın yandırılması qəbulolunmazdır və bu, pislənilməlidir. Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır.


Geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatlığını ifadə edən Prezident bildirib: “Danimarkada, Niderlandda, İsveçdə müqəddəs “Quran”ın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”.


“Quran” böyük İslam dünyasının müqəddəs kitabıdır. Onun səhifələrində dinindən, milli kimliyindən asılı olmayaraq bütün insanlara humanizm, dözümlülük, paylaşmaq kimi ideyalar, o cümlədən də xristianlara qarşı rəğbət aşılanır.
“Quran”da digər dinlərin peyğəmbərləri, dinləri haqqında da ayələr, surələr mövcuddur. “Quran”da İsa Peyğəmbərin, Musanın, Həzrəti Məryəmin və digər dinlərə mənsub olan müqəddəslərin adları xüsusi sayğıyla çəkilir. Yəni əslində “Quran”ı cırmaq, yandırmaq təkcə İslam dininə deyil, bütün dinlərə həqarətdir.




Millət vəkili Ceyhun Məmmədov deyir ki, bu günə qədər heç bir müsəlman ölkəsində, o cümlədən Azərbaycanda başqa dinlərə, onların müqəddəs dəyərlərinə qarşı belə bir hal baş verməyib:


“Bu, heç vaxt ola bilməz və olmayacaq. Çünki müsəlmanlar öz dəyərlərinə hörmət etdikləri üçün digər dinlərin müqəddəs dəyərlərinə də eyni yanaşmadan çıxış edirlər”.



Millət vəkili hesab edir ki, Qərbdə son zamanlar müsəlmanlara qarşı bu cür halların artması islamafobiya ilə bağlıdır. İslamofobiya İslama və müsəlmanlara qarşı irrasional qorxuya və ya qərəzli münasibətə istinad edir. Tarix boyu qərblilərin islama qarşı qərəzli yanaşma, tənqiddən daha çox təhqir etmə tendensiyası müşahidə olunub. Onlar düşmən obrazı yaratmaqla öz dəyərlərini mühafizə etməyə çalışıblar:


“Burada ciddi məqam Qərbdən bu məsələlərə reaksiyanın olmamasıdır. Onlar belə aksiyaları sükutla qarşılayır. Bundan ilhamlanan ayrı-ayrı Qərb təşkilatları, siyasi partiyalar bu cür fəaliyyətlər sərgiləyirlər. Ona görə də burada Qərb dövlətlərinin üzərinə böyük bir məsuliyyət düşür. Bu məsələlərə reaksiya olmadıqca belə hallar artacaq. Bununla da sanki belə bir fikir yaranır ki, Qərbdəki müəyyən partiyalar, siyasət adamlarının bu məsələdə maraqlı olduqları faktı ortaya çıxır. Hazırda Qərbdə islamafobiya artır. Çünki onlar İslamın daha geniş yayılmasından çox narahatdırlar. Müşahidələr zaman-zaman o ölkələrdə İslamın sürətlə yayıldığını göstərir. Bəzən kilsələrə heç kəs getməsə də, məscidlərə insanların axını baş verir. Bu amillər isə İslama meylin sürətlə artmasının açıq göstəricisidir. Məhz bu konteksdə Qərbdəki dairələr İslamın daha geniş yayılmasından olduqca böyük narahatlıq keçirirlər. Bu da prosesə öz təsirini göstərir”.


Millət vəkilinin sözlərinə görə, təəssüf ki, Qərbdə İslama qarşı bu cür yanaşmaların getdikcə çoxalması radikal meyillərin daha da güclənməsinə yol aça bilər:


“İslam dini adı altında bir çox radikal qruplar, təşkilatlar mövcuddur. Məhz bu cür yanaşmalar radikal qruplaşmalara hansısa bir ölkələrdə terror və digər aktlar həyata keçirməyə bəhanə verə bilər. Çünki İşveçdə, Niderlandda polisin, dövlət təmsilçilərinin gözü qarşısında bu cür proseslər həyata keçirilir, amma buna qarşı heç bir addım atılmır. Ona görə də radikal meyllər güclənə bilər. Bu cür halların baş verməməsi üçün bütün dövlətlərin daha diqqətli olmasına etiyac var. Çünki tarixdə faciəvi hadisələrin əksəriyyəti məhz dini zəmində baş verib”.




Millət vəkili Cavid Osmanov bildirib ki, “Qurani-Kərim”in yandırılması İslam dünyasına qarşı təxribatdır:


“İnsanların dini inancı ilə oynamaq, dinləri alçaltmaq, onun daşıyıcılarını təhqir etmək acızliyin əlamətidir. Qərbdə "Quran"ın yandırılması, ona hörmətsiz münasibət ilk dəfə baş vermir. Məsələnin insan hüquq və azadlıqları ilə əlaqələndirilməsinə gəldikdə isə bu, absurd və qəbuledilməzdir. “Quran”ı yandıranlar bu hörmətsizliyin hansı qarşıdurmalara gətirə biləcəyini nəzərə almalıdırlar. Tarixdə ən ağır, ən faciəvi müharibələr dini zəmində olub. Onlar bilməlidirlər ki, bu əməlləri ilə həm də dinlərarası ədavəti qızışdırmış olurlar”.



Politoloq İlyas Hüseynovun dediyinə görə, islamofobiya termini geniş yayılıb və bu, Avropa üçün yad deyil. Səlib yürüşlərindən başlayaraq bu günə qədər İslam aləminə aid müqəddəslərə yönəlik müxtəlif hərəkətlər baş verib:


“Hazırda İslam dəyərlərinin məhv edilməsi istiqamətində genişmiqyaslı addımlar atılır. Baş verənlərə münasibət bildirmək də faydasız olur. Çünki bütün qınaqlara baxmayaraq, Avropada, ümumən Qərbdə bu hadisələr təkrar baş verir. Təəssüf doğuran məqam odur ki, dövlət orqanları, təhlükəsizlik qüvvələri bu proseslərə müdaxilə etmir, təhqiramiz hərəkətlərə yol verən şəxslərə dayaq olurlar. İllər öncə Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsinə də Qərbdə ciddi reakisya verilməmişdi. Təbii ki, istənilən islamofob şəxs Avropada bu rəzil addımı həyata keçirmək üçün özünü sərbəst hiss edir”.



İ.Hüseynov bildirib ki, Ərəb və müsəlman dünyası buna kəskin münasibətini ifadə etməlidir:


“Eyni zamanda dünyəvi dəyərlərin daşıyıcıları da buna münasibət bildirməlidir. Hesab edirəm ki, törədilmiş əmələ hüquqi müstəvidə münasibət bildirilsə, bu kimi halların qarşısını almaq mümkün olar. Əks halda, bu cür hərəkətlərin genişlənməsi sivilizasiyalararası toqquşmalara gətirib çıxaracaq. Belə “aksiyaları” demokratiya, ifadə azadlığı, liberal dəyərlərin ifadəsi kimi təqdim etmək cəhdləri də cinayətdir. İfadə azadlığı hansısa dinin müqəddəs kitabına od vurulması demək deyil".




Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin fikrincə, “Qurani-Kərim”in yandırılması dini zəmində qarşıdurmaya təşviqdir:


“Mən bunu çirkin əməl kimi qınayır, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, eləcə də ksenofobiya, antisemitizm, islamofobiya və xristianofobiyanı, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirəm. Söz azadlığı heç də mənəvi hisslərə toxunmaq, nifrətə çağırışlara təhrik etmək deyil, əksinə, insanları mənəviyyata dəvət etmək üçündür. Dünya hamımızın ümumi evidir və bu evdə əmin-amanlığı qorumaq hər birimizin vəzifəsi və borcudur. Bu mövqenin beynəlxalq təşkilatların kürsüsündən, Avropa Şurası platformasından təbliği vacibdir. Qəbul edilməlidir ki, təhlükə dindən deyil, dinin siyasiləşdirilməsi, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından gəlir. Din və siyasət xadimlərinin sülh naminə beynəlxalq platformalarda birgə əməkdaşlığı zamanın tələbidir. Dindən siyasi məqsədlər üçün sui-istifadə halları, ksenofobiya təzahürləri cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozmağa, qarşıdurma və nifaq yaratmağa xidmət edir. Dünya ictimaiyyəti və bütün dini konfessiyalar dindarların hüquqlarının bu cür biabırçı şəkildə pozulmasına qarşı birgə fəaliyyət göstərməyə borcludur”.


Sevinc
BakuPost

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər