Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına və qonaqlarına salamlama məktubu ünvanlayıb.
Bakupost.az xəbər verir ki, məktub sərginin rəsmi açılış mərasimində səsləndirilib, eləcə də sərginin kataloqunda dərc olunub və rəsmi saytında yerləşdirilib.
Məktubda deyilir:
“Hörmətli sərgi iştirakçıları!
Hörmətli xanımlar və cənablar!
Sizi “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin açılışı münasibətilə salamlayıram.
İlk dəfə 2003-cü ildə təşkil olunan “Xəzər İnşaat Həftəsi” tikinti və infrastruktur sahəsində nüfuzlu tədbirlərdən birinə çevrilib. Burada dünyanın müxtəlif ölkələrinə məxsus şirkətlər regionun biznes imkanları ilə tanış olur və yeni əməkdaşlıq fürsəti qazanırlar. Bu il dayanıqlı və ekoloji təmiz tikinti texnologiyalarının tətbiqi ilə bağlı keçirilən müzakirələr və təqdimatlar tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır.
“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər il keçirilən bu sərgidə müxtəlif layihələr nümayiş etdirilir, Qarabağın bərpasına və yenidən qurulmasına dair təşəbbüslər müzakirə olunur.
Builki sərgi məzmun və iştirakçılar baxımından yeniliklərlə zəngindir. Sərgi “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 beynəlxalq tədbiri ilə eyni dövrə təsadüf edir. “Rebuild Karabakh” sərgisi bu mötəbər tədbirlə ortaq məqsədə, yəni dayanıqlı inkişaf naminə əməkdaşlığa yönəlib. Sərgidə təqdim olunan ekspozisiyalar və müzakirə mövzuları bərpa-quruculuq işlərini, həmrəyliyi və ekoloji davamlılığı nəzərdə tutur.
Sərgidə dövlət və özəl sektorun birgə iştirakı yeni layihələrin həyata keçirilməsi, eləcə də biznes imkanlarının
daha da artması üçün mühüm perspektivlər açır. Sərgi zamanı qurulan əməkdaşlıq və aparılan müzakirələr Qarabağda bərpa ilə bağlı uğurlu təcrübənin daha geniş miqyasda tanıdılmasında əhəmiyyətli addım olacaqdır.
Sizi sərginin bütün istiqamətləri ilə yaxından tanış olmağa, yeni ideyalar və əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmağa dəvət edirəm. Əminəm ki, bu sərgi daha faydalı iş birliyi əsasında Qarabağın dirçəlişində və dayanıqlı inkişafında mühüm fürsətlər yaradacaqdır.
Hər birinizə bu sərgidə uğurlar arzulayıram!”