Son aylar Azərbaycanda siyasi fəalların və jurnalistlərin həbsi ölkəmizin üzv olduğu və qarşısında öhdəlik götürdüyü beynəlxalq təşkilatların, habelə insan hüquqlarını ümumbəşəri dəyər hesab edərək onu qoruyan ABŞ və Avropa ölkələrinin hökumətə davamlı çağırışlarına səbəb olub.
Bununla belə Azərbaycanın insan haqları fəalları Qərbin çağırışlarının yetərsiz olduğunu bildirir. Buna cavab olaraq, ABŞ və Avropa İttifaqına üzv ölkələrin diplomatları hökumətlə, xüsusilə Xarici İşlər Nazirliyi ilə insan haqları və siyasi məhbus məsələsini ciddi müzakirə etdiyini bəyan edir.
Bəs görəsən, bu müzakirələr necə aparılır? XİN bu çağırışları həmin şəxsləri həbs edən hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müzakirə edirmi?
Bakupost.az xəbər verir ki, Azərbaycanın sabiq xarici izşlər naziri Elmar Məmmədyarov Gununsesi.info-ya bu barədə danışıb.
-Elmar müəllim, siz uzun illər Azərbaycanın xarici siyasət idarəsinə rəhbərlik edən şəxs kimi dövlətlərarası təşkilatların, ABŞ və Avropa ölkələrinin diplomatlarının insan hüquqları ilə bağlı verdiyi mesajları ali hakimiyyətlə, yaxud hüquq-mühafizə orqanları ilə müzakirə edirdinizmi? Məsələn, bu yaxınlarda Azərbaycanda səfərdə olan Böyük Britaniya və Almaniyanın yüksək vəzifəli diplomatları bildirdi ki, Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə ölkədəki insan haqlarının durumunu müzakirə ediblər. Bu müzakirələr nə dərəcədə effektli olurdu?
– Azərbaycanda insan hüquqları mövzusu hər zaman aktual məsələ kimi onlarla müzakirə olunub.
Bu təkcə Azərbaycana aid məsələ deyil. Avropa Şurasına, BMT-yə üzv olan bütün ölkələrlə bu cür dialoqlar olur. Mənim nazir işlədiyim dövrdə və məndən sonra da bunlar olub vəolacaq.
Müxtəlif səviyyəli görüşlərdə problemlər haqqında danışılırdı. Biz də təbii ki, konkret məsələlərlə bağlı hüquq-mühafizə orqanları ilə danışırdıq. Daxili İşlər Nazirliyi , Baş Prokurorluq və digər qurumlarla sıx işləmişik. Avropa Şurası, ATƏT və BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qaldırılan mövzular olurdu. Çünki, bizim bu qurumlar qarşısında öhdəliklərimiz var. Biz də hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirdiik. Onlar da arayışlar hazırlayırdı, həmin arayışlarda öz əsaslandırmalarını yazırdılar.
– Keçmiş nazir kimi deyər bilərsinizmi ki, siyasi fəalların, jurnalistlərin həbsləri ölkənin imicinə nə dərəcədə təsir edir?
-Bilirsiniz, həbslər təkcə Azərbaycanda olmur. Hər ölkədə bu cür hallar baş verir. Kimsə həbs olunursa, həmin təşkilatlar və adını çəkdiyiniz ölkələr qaldıra bilər ki, bu şəxs siyasi məhbusdur. Hüquq-mühafizə orqanları ilə yanaşı, biz həm də Ali Məhkəmə ilə işləyirdik. Çünki, insan haqları elə bir məsələdir ki, onunla bütün hökumət məşğul olmalıdır. Kənd təsərrüfatı sahəsi deyil ki, ciddi qarşılanmasın. Təbii ki, biz də insan haqları ilə bağlı çağırışları aidiyyatı üzrə müzakirə etmişik.
– Ancaq bu günlərdə XİN bir bəyanat yaydı və ölkəmizdəki həbsləri pisləyən dövlətləri, təşkilatları qərəzdə ittiham etdi. Deyəsən, indi vəziyyət fərqlidir…
-Xeyr, sadəcə Azərbaycan öz cavabını verir. Təbii ki, hansısa həbsin arxasında səbəb göstərilir. Dediyim kimi, hüquq-mühafizə orqanlarından və məhkəmələrdən alınan arayışlar təqdim olunur.
– Amma təcrübə göstərib ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu tipli həbslərlə bağlı şikayətləri haqlı sayıb və hökumət həmin şəxslərə kompensasiya ödəyib…
-Azərbaycan Avropa Şurasının üzvü olduğundan vətəndaşlarımızın hüququ var ki, Avropa Məhkəməsinə müraciət etsin. Avropa Məhkəməsi də araşdırır. Ola bilsin ki, hansısa prosessual pozuntular ortaya çıxır və bunu bildirir.
Bunlar təbii məsələlərdir. Avropa Şurasına üzv olan bütün ölkələrdən Avropa Məhkəməsinə şikayətlər gedir. Buna normal yanaşmaq lazımdır.
– Elmar müəllim, tərcübəli diplomat kimi nə düşünürsünüz, daha “Qarabağ boyda bir dərdimiz var” demirik. Artıq yeni dövrdə Azərbaycanda insan hüquqları sahəsəsində ciddi addımlar atmaqla, ölkənin imicini düzəldə bilərikmi?
– Bilirsiniz, insan haqları mürəkkəb məsələdir. Buna cəmiyyətin özü də hazır olmalıdır. İctimaiyyətin özündən də çox şey asılıdır. İnsan hüquqları mədəniyyətdən, dindən, iqtisadiyyatdan, təhsildən və sair sahələrdən asılıdır. İnsanlar özləri haqlarını müdafiə etməkdə maraqlı olmalıdır. Bütün məsələlər yerində olmalıdır ki, arzi etdiyimiz cəmiyyət olsun. Ancaq mürəkkəb və zaman tələb edən məsələdir. Heydər Əliyevin məşhur “demokratiya alma deyil ki, gedib alasan, bu bir prosesdir” deyimi var. Bu prosesi keçməliyik.