Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu mayın 7-də Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində o, Azərbaycanın rəsmi şəxsləri, eləcə də ölkədəki yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirəcək. Baş nazirin mayın 11-də İsrailə qayıdacağı bildirilir.
Bəs Netanyahunun Bakı səfəri zamanı hansı məsələlərin müzakirə ediləcəyi gözlənilir?
Mövzu ilə bağlı siyasi şərhçi Zərdüşt Əlizadə
Bakupost.az -a açıqlamasında bildirib ki, Azərbaycan-İsrail münasibətləri həm hərbi, həm də siyasi baxımdan olduqca vacibdir:
“Biz İsraildən ən müasir silahları alırıq. Hansı ki, bu silahları bizə başqa heç bir Qərb dövləti satmır. Yalnız İsrail satır. İsrail də bu silahları bəzi Qərb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq şəraitində istehsal edir. Onların da satılması üçün gərək həmin dövlətlərdən icazə alınsın. Məsələn, ABŞ bizə silah satmır, amma İsrailin xətrinə icazə verir ki, onların birgə istehsal etdiyi silahlar bizə satılsın. Ona görə bizim çox güclü hava hücumundan müdafiə qoşunlarımız var. İkincisi, müsəlmanların, türklərin adı bədnam çıxıb. Bəzi hallarda qərəzlə bizi pisləyir, suçlayırlar. Çünki bizdən umacaqları var”.
Z.Əlizadənin sözlərinə görə, İsraillə münasibətlər Azərbaycanın beynəlxalq imicinə də müsbət təsir edir:
“Yəhudi lobbisi bizim xeyrimizə işləyir. Çox açıq şəkildə, mərd-mərdanə Amerikanın, Avropanın ən yüksək siyasi məclislərində Azərbaycanı müdafiə edir, erməni lobbisini zərərsizləşdirə bilir. Açıq deyirlər ki, Azərbaycan yeganə müsəlman dövlətidir, orada yəhudilərə qarşı nifrət yoxdur. Yəhudilər burada həmişə rahat, firavan yaşayıblar və Azərbaycan İsrailin mövcudluğunu tanıyır və bunu İslam yığıncaqlarında açıq deməyə cəsarəti çatır".
Ekspert bildirib ki, İsrailin neft ehtiyacının 40 faizi Azərbaycan nefti hesabına ödənir:
“Bu da bizim üçün təminatlı bazardır. Vaxtında pulunu da verirlər. Üstəlik, İran cilovunu itirəndə, İsraillə münasibətlər elə bil ki, onları saxlayan, cızığından çıxmağa qoymayan yaxınlıqdır. Bu da müsbət cəhətdir”.
Z.Əlizadə əlavə edib ki, görüşdə zamanı iki ölkə arasında mövcud olan iqtisadi, siyasi, hərbi, ola bilsin, kəşfiyyat məsələləri müzakirə ediləcək:
“Yəqin ki, ciddi nəsə bir məsələ var ki, Netanyahu gəlir. Yəni o boyda Netanyahu bizdən əvvəl getmişdi, Trampla görüşmüşdü, Trampdan sonra da gəlir İlham Əliyevlə görüşməyə. Bu göstərir ki, Azərbaycan və İlham Əliyev Netanyahu üçün nə dərəcədə əhəmiyyətli bir tərəf müqabilidir".
Lalə Novruz,
BakuPost