Ru
13:26 / 13 Mart 2023

İran təyyarəsi sərhədimizi niyə pozdu? - Şərh

2894
Xəbər verdiyimiz kimi, şənbə günü İrana məxsus hərbi təyyarə fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonundan Biləsuvar rayonu istiqamətinə doğru uçuş həyata keçirib.


Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. Beynəlxalq aləmdə qəbul olunmuş hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdar etməklə bağlı qaydalara zidd olaraq, İranın iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması dövlətlər arasında qonşuluq münasibətlərinə təhdid yaradır.




Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, bu cür davranışlar Azərbaycana qarşı düşmənçilik siyasətinin tərkib hissədir.

Onun sözlərinə görə, İran Azərbaycan adlı müstəqil və inkişaf etmiş bir dövlətin mövcudluğunda maraqlı deyil, hər zaman onu özünə təhdid hesab edib:

"İran 30 ilə yaxın müddətdə torpaqlarımızın işğal altında qalmasında maraqlı oldu. 44 günlük savaşın nəticələri Ermənistanda olduğu kimi İranda da kifayət qədər aqressiya yaratdı. Beləliklə, İran Azərbaycana yönəlik bütün niyyətlərini açıq şəkildə ortaya qoydu. O, Azərbaycanın öz ərazilərini azad etməsini, güclənməsini, bölgədə yeni reallıqlar yaratmasını və aparıcı oyunçulardan birinə çevrilməsini dərin narahatlıq və əsəblə qarşılayır. Heç təsadüfi deyil ki, 30 illik işğal dövründə İran nəinki Ermənistana etiraz etmədi, hətta bütün mənalarda onun yanında oldu".

Oqtay Qasımov qeyd edib ki, son il yarımda İran Azərbaycan sərhədlərində artıq 3 dəfə təlim keçirib:

"Növbəti təxribat isə təyyarə məsələsidir. Beynəlxalq hüquqa görə, İran bu uçuş barədə Azərbaycan tərəfinə məlumat verməli idi. Lakin bunu etmədi. Növbəti dəfə düşmən mövqeyini sərgilədi".
Oqtay Qasımovun sözlərinə görə, İranın düşmənçiliyinin əsas səbəbi Azərbaycanın öz ərazilərini azad etməsi və dünya üçün əhəmiyyətli bir ölkəyə çevrilməsidir:

“Azərbaycan ardıcıl şəkildə səfirliyimizə edilmiş qanlı hücumla bağlı İranın obyektiv istintaq aparmasını tələb etdi. İran isə bunu etmədi. Əslində, guya İranın etirazı Azərbaycanın İsraillə münasibətlərini inkişaf etdirməsidir. Ancaq Azərbaycan uzun müddət İranın maraqlarına hörmət edərək İsraildə səfirlik açmaq məsələsini yubatdı. Xüsusilə qeyd etmək lazımdır ki, dəfələrlə Azərbaycan ərazisindən İrana zərbələr endirməklə bağlı təkliflər səsləndirilib. Azərbaycan heç vaxt bununla razılaşmayıb. Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov da son müsahibəsində bu məsələyə toxunaraq bildirmişdi ki, Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməyəcək. Buna baxmayaraq, İran düşmənçilik siyasətini davam etdirir. Ancaq bununla heç nəyə nail ola bilməyəcəklər".

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər