İsrailin İranın hərbi mərkəzlərinə zərbələri gözlənilən idi. İsrail hökuməti Vaşinqtonun icazəsini gözləyirdi. ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu İranla danışıqların nəticəsini gözləməyi məsləhət bilmişdi. Ancaq ABŞ və İran rəsmiləri arasında müxtəlif ölkələrdə keçirilən görüşlər nəticə vermədi.
Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Bundan başqa İranın ali dini lideri Əli Xamenei Donald Trampın adını çəkmədən “Sən kimsən ki, bizə yol göstərirsən” kimi Ağ Ev sahibinə mesaj göndərmişdi. Bu o demək idi ki, Əli Xamenei nüvə məsələsiylə bağlı Tehranın Vaşinqtonla razılaşmasının əleyhinəydi. Bu durum Benyamin Netanyahunun işinə yarayırdı. İsrailin işinə yarayan daha bir hadisə baş verdi. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İran əleyhinə qətnamə qəbul etdi. Qətnamədə İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə çərçivəsindəki öhdəliklərini pozduğu vurğulandı. İran təşkilat qarşısındakı öhdəlikləri yerinə yetirmədi. MAQATE-nin baş direktoru Rafael Qrossi bəyan etdi ki, İran bəzi qadağan olunmuş obyektlərdə nüvə materiallarının mövcudluğu və bu materiallarla aparılan işlər barədə agentliyə məlumat verməyib. Qrossinin “İran bir neçə nüvə bombası istehsal etməyə imkan verəcək qədər zənginləşdirilmiş urana” açıqlaması İsrailə İrana qarşı düyməyə basmaq üçün kifayət etdi.
İsrail İrana zərbə endirmək üçün ABŞ Prezidenti Donald Trampın icazəsini alıb. İsrail hava zərbələrinə ara verməyəcək. İsrailin əsas məqsədi İranın nüvə silahı ələ etmək imkanından məhrum etməkdir. Bu baş verməyənə qədər İsrailin hava zərbələri davam edəcək. İran da İsrailə cavab zərbələri endirməyə çalışacaq. Ancaq İranın İsrailə zərbələrinin elə böyük effekti olmayacaq. Bunu ötəndəfəki qarşıdurma da göstərdi. İranın İsrailə atdığı raketlərin böyük əskəriyyəti havada vuruldu, İsrail hərbçiləri arasında ölən olmadı. İsrail bu dəfə də İran raketlərini və dronlarını İsrailin hava sahəsinə çatmadan vuracaq. ABŞ birbaşa müharibəyə qarışmayacaq, ancaq Pentaqon İranla əlaqədar İsraillə kəşfiyyat məlumatlarını bölüşəcək və İran raketlərinin və dronlarının ərəb ölkələrinin hava sahəsində vurulmasında İsrailə kömək edəcək. Əgər İran ABŞ-ın ərəb ölkələrindəki hərbi mərkəzlərinə zərbələr endirərsə, İran ABŞ-İsrail ittifaqı ilə üz-üzə qalacaq və bu, İranın problemlərini artıracaq.
Bu müharibə nəticəsində İrandakı proseslərin iki istiqamətdə inkişafı mümkündür. İrandakı rejim ölkədə yaşayan xalqları ümumi düşmənə qarşı mobilizə etməyə çalışacaq. Rejim bu üsuldan bir dəfə istifadə edib. 1979-cu ildə İslam inqilabından bir il sonra İraqla müharibə başladı. İranda hələ mövqelərini möhkəmlətməyən yeni rejim ölkədə yaşayan xalqları ümumi düşmənə qarşı mübarizəyə kökləyə bildi. Rejim bu dəfə də belə etməyə çalışacaq. Ancaq hadisələrin ikinci istiqamətdə inkişafı da mümkündür. Müharibə nəticəsində İranda mərkəzdənqaçma meyilləri güclənə bilər. İsrailin istəklərindən biri də budur”, - politoloq bildirib.
Onun sözlərinə görə, Azərbaycan İrandakı hadisələrin müxtəlif ssenariləri üzrə inkişafına hazır olmalıdır:
“İrandakı soydaşlarımız müharibədən qorunmaq üçün Türkiyə və Azərbaycana üz tuta bilərlər. Bu halda soydaşlarımıza sığınacaq verməli olacağıq. Müharibənin bu həddə çatmasını arzulamırıq. Digər tərəfdən Azərbaycanda təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac yaranıb. Çünki İranın mühafizəkar dairələr radikallaşaraq ABŞ və İsraillə əməkdaşlıq edən bölgə ölkələrinə qarşı “addımlar” ata bilərlər”.
Aygün
BakuPost