İranla sıx ticarət əlaqələri fonunda Azərbaycan bu ölkədən müxtəlif kənd təsərrüfatı məhsulları idxal edir. Qonşu ölkəyə qarşı iyunun 13-də başlayan və dünən atəşkəslə yekunlaşan müharibə bu idxala necə təsir etdi? Azərbaycana İrandan gətirilən kənd təsərrüfatı məhsullarının qiymətində dəyişiklik müşahidə olunubmu?
Məsələ ilə bağlı
Bakupost.az -a açıqlamasında iqtisadi ekspert Akif Nəsirli bildirib ki, İran-İsrail müharibəsi dövründə Azərbaycan və İran arasında əlaqələrdə heç bir fasilə müşahidə olunmayıb:
“Müharibənin pik həddi artıq arxada qalıb. Bildiyimiz kimi, hər iki tərəf yalnız hərbi obyektləri hədəfə çevirib. Bu səbəbdən də İranda iqtisadi həyatı dayanmayıb, davam etməkdədir.”
Ekspertin sözlərinə görə, iqtisadi fəaliyyət dayanmadığı üçün Azərbaycana idxalda da ciddi problemlər yaranmayıb:
“Sadəcə olaraq, müharibə şəraitində yüklərin sığortalanması qiymətləri bahalaşa bilər. Bu isə məhsulun maya dəyərində bir qədər artım hiss etdirə bilər. Bir ehtimal da ondan ibarət idi ki, ölkədə nüvə obyektlərinin vurulması zamanı radiasiya fonu qalxa bilər. Bu da nəzarətdədir. Beynəlxalq Atom Enerjisi Agentliyi öz bəyanatlarında qeyd edir ki, İranda radiasiya fonunun yüksəlməsi müşahidə edilmir. Deməli, vurulan nüvə obyektlərində aktiv nüvə materialları olmayıb. Ona görə də həmin obyektlərə zərbələr endirilən zaman radiasiya fonu yüksəlməyib. Deməli, məhsulların radiasiyaya uğrama ehtimalı da artıq mövcud deyil. Ona görə də hesab edirəm ki, İrandan idxalda problem yaranmayacaq. Cüzi qiymət artımı baş verə bilər.”
Lalə,
BakuPost