Ru
12:27 / 22 Yanvar 2024

Dilçilik İnstitutu ilə Tərcümə Mərkəzi arasında qalmaqal: “Bu, sayğısızlıqdır” - Müsahibə

9198
AMEA Dilçilik İnstitutu Müdafiə Şurasının üzvü, Lüğət şöbəsinin müdiri, filologiya elmləri üzrə fəlsəfə doktoru, professor İsmayıl Məmmədli Bakupost.az -a müsahibə verib.


Həmin müsahibəni təqdim edirik:


− İsmayıl müəllim, bildiyiniz kimi, Dövlət Tərcümə Mərkəzi "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ni yenidən daha təkmil formada çap edib. Siz həmin lüğətin redaksiya heyətinin üzvüsünüz. Yeni lüğətlə bizim istinad etdiyimiz, Dilçilik İnstitutunun 2021-ci ildə nəşr etdirdiyi orfoqrafiya lüğəti arasında fərq nədəN ibarətdir?

− Bu lüğəti hələ mənə verməyiblər. O vaxt çıxanda vermişdilər. Yəni, bu iş sanki bir yarış kimi alındı. Biz çap edirik, onlar da edirlər. O vaxt çıxanda Afaq Məsudla birgə müsahibə də vermişdim. Onlar bizim lüğəti tənqid eləmişdilər. Mən də dedim ki, bizim daxil etdiyimiz sözlərin mənbəyi də məlumdur, mənşəyi də. İndi söhbət bunda deyil, əlbəttə. Çap ediblər, ediblər. Biz heç kimin əl-qolunu bağlamamışıq ki?! Amma məsələ burasındadır ki, Nazirlər Kabineti bizim lüğəti rəsmi qaydada təsdiq edib.
İlk orfoqrafiya lüğəti 1929-cu ildə professor Vəli Xuluflunun rəhbərliyi altında latın qrafikası ilə nəşr olunub. Sonra Kiril əlifbasına keçdiyimizə görə bir də 1940-cı ildə çap olundu. Həmin vaxtlar Səməd Vurğun və digər ziyalılar dörd hərfə etiraz elədirlər. Rus əlifbasında olan я, е, ю, ё hərflərindən biz də istifadə edirdik, onların iki səsli hərflərlə əvəz olunması təklif olundu. Muxtar Hüseynzadə bu qaydaların üzərində çox işlədi.


− İsmayıl müəllim, niyə əvvəlki nəşrlərin arasında uzun müddət olduğu halda, son illərdə daha tez-tez lüğət çap etməyə başlanılıb.

− Əvvəla, bunun bir neçə səbəbi var. Birincisi odur ki, bizdə üç dəfə əlifba dəyişdirildi. Birinci Türkoloji Qurultay 1926-cı ildə keçirildi. O vaxta qədər əski əlifbadan istifadə olunurdu. Ondan sonra latın qrafikalı əlifbaya keçdik. Amma indinin özündə belə hələ də latın qrafikasına keçməyən ölkələr var. Məsələn, qazaxlar hələ də bunu etməyiblər. Biz isə o vaxt Osmanlı Türkiyəsi ilə latın qrafikasına keçməklə bağlı qərar qəbul etdik. Onlar da kitab buraxdılar. Onlar 27 dəfə kitab nəşr ediblər. Biz isə o vaxtdan bəri cəmi 7 dəfə çap etmişik. İndi səkkizinciyə hazırlaşırıq. O vaxt Mustafa Kamal Atatürk Dil Komissiyası yaratdı. Həmin dövrdə milliləşmə siyasəti aparıldı. Ərəb-fars sözlərindən təmizləmə işləri gördülər. Akop Dilaçar sözləri həddən artıq sadələşdirdi, bəsitləşdirdi. Ancaq Azaryanın da iki cildlik lüğəti var. Mən 2017-də “Azərbaycan dilində türk mənşəli sözlər” adı altında bir lüğət çap etdirdim. Orada 44 min söz Azərbaycan sözüdür.

İndi gələk digər məsələyə. Niyə biz lüğəti tez-tez dəyişirik? Bu, dövrlə bağlı olan amildir. XX əsr elm və texnologiyanın bütün dünyada güclü inkişaf dövrü oldu. Yeni elm sahələri yarandı. Əlbəttə, bütün bunlar yeni terminlərin yaranması ilə nəticələndiyinə görə lüğətləri tez-tez yeniləmək artıq zərurətə çevrildi. Ancaq burada bir məqama da toxunaq. Bəs, bu qədər yeni sözlər yarandığı halda, biz onların hamısını orfoqrafiyaya gətirməli deyilikmi? Orfoqrafiya lüğəti hamının istinad etməli olduğu bir kitabdır. Bu, məcburi olduğuna görə Nazirlər Kabineti məsələni öz nəzarətinə götürdü. Sonuncu dəfə də 2019-cu ildə yenə də Nazirlər Kabineti normaları təsdiq etdi və biz onu çapa hazırladıq. Təxminən iki il sonra - 2021-ci ildə indi istifadə etdiyimiz lüğət çapdan çıxdı.

Lüğət hazırlamaq sizə asan iş gəlməsin. Dövrlə, elmi-texniki yeniliklərlə əlaqədar dilə gələn yeni sözlərin hamısını nəzərə alıb onları lüğətə salmaq böyük zəhmət və vaxt tələb edir. Bəzən olub ki, lüğətdə bir sözün iki yazılışı gedib. Məsələn, “altın” və “altun”, “xəta” və “xata”. Çaşqınlıq yaratmamaq üçün biz onun birini qəbul etməliyik.

Bundan başqa son vaxtlar dilimizə yeni dini sözlər də gəldi. Əvvəllər onların bir çoxu kiçik hərflə yazılırdı, indi böyük hərflə yazılır: İlahi, Rəbb, Xuda, və s. Bu sözlərin hamısını yeni lüğətə salmışıq. Orfoqrafiya lüğəti indi beş ildən bir çıxır. Növbəti lüğətin 2026-da çıxarılmasına qərar verilib.


− Bəzən elə sözlər olur ki, onlar hər dəfə lüğət dəyişiləndə fərqli verilir. Məsələn, əvvəllər “ismarış” deyə verilən söz sonra “ismarıc”, son lüğətdə isə yenə “ismarış” kimi verildi. Yaxud “səbir” və “səbr” sözləri. Yaxud hər zaman “otel” bildiyimiz söz indi “hotel” oldu. Niyə belə çaşdırıcı dəyişikliklər olunur?

− Bəli, belə dəyişikliklər olur. Məsələn, “ismarıc” sözünü “ismarış” etdik, bu cür sözlər var: “sifariş” sözü. “Hotel” də labüd dəyişiklik idi. Bildiyiniz kimi, “hotel” fransız sözüdür, rus dilində “h” olmadığına görə bunu dəyişib “otel” etmişdilər. “Hospital” sözü də bura daxildir. “Hokkey” sözünü götürək. Rus dilində “h” hərfi olmadığına görə, onlar “qospital”, “xokkey” deyirlər. Bizdə bu hərf varsa, niyə onda sözü olduğu kimi yazmayaq? Mən 2013-də redaktor kimi bir çox sözləri dəyişib özümüzdə olan “h” hərfi ilə əvəz edib yazdım. Rus dilindəki kimi “qaupvaxt” deyirdik, onu “haupvaxt” elədik. Hərbdə işlənən sözdür, “vaxtdan kənar” deməkdir. Bu dəyişikliklərə etiraz edənlər vardı, amma mən onların dəyişdirilməsinə nail oldum. Son yeniliklər bunlardır ki, əlavə etdik. Artıq hamı öyrəşib bu sözlərin belə yazılmağına.

Türkiyənin orfoqrafiyası ilə bizimkinin arasında fərq nədən ibarətdir? Onlar əsasən, danışıqda istifadə edilən kimi veriblər, karlaşma çoxdur. Ancaq biz sözü bütövlükdə götürüb kökünü eynilə saxlayırıq. Bu iki dilin qanunları çox fərqlidir. Onlarda danışıqda “ə” səsi var, amma yazıda yoxdur. Bizdə isə hər ikisində “ə” var. Xalq Cəbhəsinin dövründə bir neçə nəfər vardı, deyirdilər ki, “ə”ni yığışdıraq, danışıqda qalsın, amma onun yerinə “e” yazaq. O vaxt bu məsələlər müzakirə olunanda biz qəbul etmədik. Dilin adını da dəyişmək istədilər. Deyirdilər Azərbaycan dili yoxdur, türk dili var. Bu isə artıq bizim üçün problemlər yaradırdı.

− Siyasi nöqteyi-nəzərdən də götürəndə bu, bizim üçün problemlər yaradardı.

− Bəli, bizdə 22 deputat səs vermişdi ki, türk dili kimi qəbul edilsin. Səs azlığı olduğu üçün hüquqi status qazana bilmədi. O vaxt çox şeylər etməyə çalışdılar. Sonunda “a” olan latın mənşəli sözlər var ki, “aksioma, teorema” və sairə, onların hamısının sonluğundan “a”nı yığışdırdıq. Sonra özlərindən qondarma sözlər çıxardılar: “ipəzor, süranə, geyçim, süfrəçi”. Mən bunlara etiraz etdim, müsahibələr verdim. Dedim ki, “süranə” sözü cins kateqoriyası olmayan dilə lazım deyil. Yaxud, “süfrəçi” nədir? Heç olmasa “xörəkpaylayan” olsun.

− Bu və ya digər sözün yazılışında Dövlət Tərcümə Mərkəzinin lüğəti ilə Dilçilik İnstitutunun 2021-ci ildə nəşr edilən orfoqrafiya lüğəti arasında fərq olarsa, hansına istinad edilməlidir?

− Mən Dövlət Dil Komissiyasının üzvüyəm. O komissiyaya görə dövlət səviyyəsində olan lüğət bizimkidir. Tərcümə Mərkəzinin lüğəti dövlət səviyyəsində təsdiq olunmayıb, özfəaliyyətdir. Status olmalıdır axı. 1929, 1940, 1960, 1975, 2004-də çıxan bütün lüğətlər dövlət səviyyəsində təsdiq olunub. Prinsiplər qəbul olunub. Dövlət Tərcümə Mərkəiznin isə prinsipi yoxdur. Həm də onlar çoxlu türk sözləri salmışdılar. Biz isə bunları qəbul edə bilmərik. Türk dilinin öz özəllikləri var.

− Mətbuatda lüğət haqda gedən informasiyada yüzlərlə türkkökənli sözlərin daxil edildiyi bildirilir. Konkretləşdirmə apara bilərsinizmi? Yəni “türkkökənli sözlər daxil edilib” deyəndə son zamanlar əhalinin Türkiyə kanallarında yayımlanan serial və proqramların təsiri altında öz oturuşmuş sözlərimizi unudub yerli-yersiz istifadə etdiyi sözlər nəzərdə tutulub? Əgər Azərbaycan dilində bunların qarşılığı varsa, o sözlərin həmin lüğətə daxil edilməsi nə dərəcədə doğrudur?

− Əlbəttə, doğru deyil. Elə onların lüğəti dövlət səviyyəsində hazırlanmadığına görə belə edirlər. Əgər bizim özümüzdə sözlər varsa, biz niyə türk dilindən sözlər götürüb qəbul etməliyik axı? Biz belə məsələrdə son dərəcə diqqətliyik və lazım olmayan sözləri qəbul etmirik. Məsələn, mənə deyirlər “yansıtmaq”. Axı bu, nə deməkdir? Televiziya jurnalistləri də zəng edirlər, bu sözü soruşurlar. İzah edirik ki, bu sözü işlətmək lazım deyil. Özümüzdə olan sözlər qəhətə çıxıb? Öz dilimizin sözləri varsa, biz necə başqa lazım olamyan sözləri gətirib, bunları çıxara bilərik?! Əli Nəzminin bir şeiri vardı. İndi yadıma sala bilmirəm. O, etiraz edirdi belə şeylərə…


− İsmayıl müəllim, bəzən belə də olur, bizdə oturuşmuş sözlər var ki, onları Türkiyə türkcəsindən gələn, amma bizdə başqa məna verən sözlərlə əvəz edirlər. Məsələn, götürək “rəndə” sözünü. Bizdə rəndə taxta yonmaq üçündür. Türkiyə türkcəsində isə bizim sürtgəc dediyimiz sözün əvəzinə işlənir. Yəni, məsələn, artıq bizimkilər belə “kökü sürtgəcdən keçirtdim” yerinə “kökü rəndələdim” deyirlər. İndi sualım budur ki, bu cür sözlərin gətirilməsi nə dərədəcə uyğundur?

− Belə sözlər müzakirə tələb edir. Bunun üçün mütəxəssislər, dilçilər, jurnalistlər, yazıçılar toplaşaraq bu kimi sözlərin gətirilib-gətirilməməsi məsələsini müzakirə etməlidirlər. Bu, lüğətin işi deyil. Məsələn, türklər maşına “araba” deyirlər, bizdə də “araba” sözü var, amma bu, o demək deyil ki, biz indi durub maşına araba deməliyik. Ona görə də bizim dilimizdə oturuşmuş və Azərbaycanda milli dəyər qazanmış sözləri işlədirik. Nə olsun ki, ərəb-fars sözləridir?! Biz o sözləri X-XII əsrlərdə almışıq. Onlar artıq bizim dilimizə yatır və biz onları işlətməliyik. Burada heç bir mübahisə ola bilməz. Amma o ki qaldı konkret ayrı-ayrı sözləri lüğətə salaq, ya salmayaq, bu, artıq lüğətin problemi deyil. Bunun üçün, dediyim kimi, mütəxəssislər yığışıb qərar çıxarmalıdır. Görsələr ki, həqiqətən buna ehtiyac var, Azərbaycan dilinin təbii inkişaf qanunlarına uyğundur, fonetikasına, qrammatikasına zidd deyil, tələffüz çətinliyi yoxdur, onda gərək bunları işlədək. Yox, varsa, onda biz bunlardan birmənalı olaraq imtina etməliyik.

Sizə bir fakt da deyim. Türkiyədə bir lüğət buraxıblar, Sözlük. İki dildə. 30 min söz var orada. Onlar öz kitablarında yazıblar ki, bu lüğətin tərtib olunmaısnda Milli Elmlər Akademiyasının Azərbaycan dilinin orfoqrafiya lüğətinə əsaslanmışıq. Onlar bu cümləni kitabın əvvəlində yazıblar, bizimkilər isə xəsislik edib bizim lüğətə əsaslandıqlarını yazmayıblar. Halbuki bu, düzgün deyil. Təklif verirlərsə, versinlər. Amma bizim yazdığımızı necə qəbul etməyə bilərisiniz?! Vəli Xuluflunun, Əliheydər Orucovun hazırladığı və çap etdirdiyi lüğətləri danmaq olar?! Görün türk dilçiləri tərtib etdikləri lüğətin ilk səhifələrində nə yazıblar: “Bu kitabın tərtib olunmasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış Azərbaycan dilinin orfoqrafiya lüğətindən bəhrələnilmişdir. Kamil Kırlı, Saleh Savaş, İsa Özkan, Ömər Culfa, Səid Şimşək və başqaları. 2009 və beşinci baskı” yazılıb. Bizimkilərin etdiyi isə saymamazlıqdır. Bu qədər zəhməti yerə vurmaq olmaz.


− Dilçilik İnstitutu yeni orfoqrafiya lüğəti hazırlayır. İşlər hansı mərhələdədir?

− Yeni lüğəti 2026-cı ildə nəşr etmək nəzərdə tutulub Yaddan çıxan bəzi xırdalıqlar var ki, növbəti çap olunacaq lüğətdə biz onları əlavə edəcəyik. Bundan əlavə, 2021-ci ilin lüğətində düşünülmədən çıxarılan sözlər olub ki, onları da bərpa edəcəyik. Siyahını artıq tərtib etmişik. Bundan əlavə elmin, texnologiyanın inkişafı ilə əlaqədar yaranan çoxlu yeni sözlər var ki, onlar da lüğətə daxil ediləcək. “Kitabi-Dədə Qorqud”da olan bəzi arxaik sözlər var, onlardan bəzilərini seçib əlavə edəcəyik.

− Dövlət Tərcümə Mərkəzinin yeni orfoqrafiya lüğətinin əvvəlində orfoqrafiya normaları verilibmi? Bu lüğət hansı orfoqrafiya normaları əsasında hazırlanıb? 2021-ci ildə nəşr edilən orfoqrafiya lüğəti Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş və 3 noyabr 2020-ci il tarixli 438 nömrəli qərarı ilə müəyyən dəyişiklik edilmiş “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlanmışdı və o normalarda çox ciddi səhvlər vardı. Məsələn, 3.9. bənddə deyilir ki, əsli “w” samitli alınma sözlər “v” hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s. Belə çıxır ki, indiyəcən “Uels”, “Uinston”, Uol-Strit kimi yazılan sözlər indi “Vels”, “Vinston”, “Vol-Strit” kimi yazılmalıdır. Diqqətdən qaçan başqa məqamlar da vardı...

− Bəli, bu dəyişikliklər labüd idi. Dablyu hərfinin ingiliscə tələffüzündə “u” kimi səslənmə var, bizdə bunun “v” ilə əvəz olunmasını məqbul hesab etdik. Biz öz dilimizin qayda-qanunlarına əsasən tənzimləməliyik bunları. Bu qaydalarda dəyişikliklər edilməyəcək. Bir dəfə dəyişdirildi, bu cür də qalacaq.

Aygün Əziz
BakuPost
Şərhlər
  • Semih Kaçar

    Merhaba İsmayıl Məmmədli Bey, Türkiye’de dilde sadeleşme çalışmaları Osmanlıda 19. yüzyılın sonunda Genç Kalemler, Yeni Lisan Hareketi ve Milli Edebiyat yazar ve şairlerince başlatılmıştır. Atatürk dönemi dil devrimi çalışmaları, Osmanlıdaki Milli Edebiyatçıların başlattığı dilde sadeleşme çalışmalarının devamıdır. Bu süre zarfında Agop Dilaçar sürecin hiçbir aşamasında yer almamıştır. Atatürk zamanında alfabe değişikliği yapılması için 1928 yılında “Din Encümeni” kurmuştur ve bu komisyonda Agop Dilaçar hiç yer almamıştır. Zira kendisi 1932 yılında kadar Türkiye’de değil, Bulgaristan’da yaşamıştır. 1932 yılında alınan bir kararla “Dil Encümeni” yapısı “Türk Dili Tetkik Cemiyeti”ne dönüştürülmüştür. Bu cemiyetin idari heyetinde de Agop Dilaçar yer almamıştır. 1933-1935 arası yürütülen yeni kelime türetme çalışmaları Karşılıklar Kılavuzu Kolu üzerinden yürütülmüştür ve bu kol üyelerinde de Agop Dilaçar yer almamıştır. Karşılıklar kılavuzu komisyonunda yer alan isimler şunlardır: Falih Rıfkı Atay, Saffet Arıkan, İbrahim Necmi Dilmen, Ali Muzaffer Göker, Fuat Köprülü, Saim Ali Dilemre, Fazıl Nazmi Akalın, Yusuf Ziya Özer, Fazıl Ahmet Aykaç, Naim Hazım Onat, Necmettin Sadık, Hasan Fehmi Turhal, Şükrü Akkaya, Besim Atalay, Ahmet Cevat Emre, Ali Canip Yöntem, Hasan Reşit Tankut, Refet Ülgen, İzzet Ulvi Aykurt, Abdülkadir İnan.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər